|
|
|
|
Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri
(Əvvəli ötən sayımızda)
Məmməd Həsən Hacınski və Əhməd bəy Ağaoğlu Batumdan xarici işlər naziri Fətəli xan Xoyskiyə şifrəli məktublarında yazırdılar: "...Türklərin gedişi və ingilislərin peyda olması Batum və Qars vilayətinin müsəlmanlarını gözlənilmədən yaxaladı... Batumdakı konsulumuzu hər bir şəraitlə təmin etmək və onun statusunu rəsmiləşdirmək zəruridir. Onun sərəncamına təbliğat məqsədilə hesabatsız istifadə üçün mütləq şəkildə 200 min manata yaxın vəsait göndərmək zəruridir. Bu, çox vacibdir. Bu barədə yalnız Mahmud bəy Əfəndiyev bilməlidir" (ARDA, f. 894, s. 10, iş 66, vv. 5-7). Qeyd olunanları nəzərə alaraq, 1919-cu ilin fevral ayında XİN M.Əfəndiyevə məxfi xərclər üçün 200 min manat ayırmışdı.
31 yanvar 1919-cu ildə M.Əfəndiyevin Azərbaycan XİN-ə göndərdiyi məktubunda Gürcüstan Respublikasının qoşunlarının Qars vilayətinin Posxov nahiyəsinə hücumu ilə bağlı Cənub-Qərbi Qafqaz müvəqqəti hökumətinin etiraz məktubunun surəti təqdim edilərək, bölgədə baş verən siyasi məsələlər və antiazərbaycan meylləri barədə məlumat verilirdi: "Qars, Batum və Ərdahan vilayətlərinin sakinlərinə türklərin mütləq bu diyarları tərk edəcəyi bəlli olanda, onlarda birləşmək və ümumdünya konfransının (Paris sülh konfransı - F.V-H.) qərarı əsasında Qafqaz və Rusiya arasında qarşılıqlı münasibətlərin tənzimlənməsini gözləmək fikri yarandı. Batum vilayətinin sakinlərinin əksəri bu düşüncənin həyata keçirilməsində canlı iştirak etdilər və ona həssaslıqla yanaşdılar. Türk hakimiyyətinin Batumu tərk etməsi ilə Batum şəhəri və vilayətinə çox sayda təbliğatçılar, Məmməd bəy və Aslan bəy Abaşidze qardaşları və digərlərinin başçılığı altında gürcüfil müsəlmanlar soxuldular... Həmin Məmməd bəy, eləcə də qardaşı Aslan bəy rus hakimiyyəti tərəfindən təqib olunarkən azərbaycanlılar arasında qonaqpərvərlik sığınacağı axtarırdı, indi Azərbaycan Respublikasındakı dindaşlarının qatı əleyhdarına çevrilib. İslam yolunda öz vəzifəni yerinə yetirərkən əlbəttə ki, hər cür maneələrlə qarşılaşmaq mümkündür, ancaq Azərbaycan Respublikasının bayrağı yenə də hər zaman öz layiq olduğu yüksəkliklərdə dalğalanacaq. Təəssüf ki, öz dindaşlarının bu cür davranışlarını sakit qarşılamaq olmur".
Məktubun sonunda qeyd olunurdu ki, "naşükür ünsürlərin İslamın və Zaqafqaziyada yeni doğulmuş müsəlman respublikasının nüfuzuna xələl yetirməsinə imkan verməmək üçün bizim respublika bütün vasitələrlə reaksiya verməlidir".
M.Əfəndiyev Azərbaycan XİN-ə 12 fevral 1919-cu ildə göndərdiyi məktubunda da qeyd olunan mövzuya toxunurdu: Bildiyiniz kimi, burada Abaşidze qardaşları tərəfindən Gürcüstan hökumətinin maliyyələşdirdiyi və Acaranın Gürcüstana birləşməsini təbliğ edən "İslam Gürcüstanı" qəzeti çap olunur; əks mövqedə olan acarlar da öz qəzetlərini buraxmaq istəyir, ancaq maliyyə vəsaitləri olmadığı üçün bununla əlaqədar mənə müraciət ediblər və mən hökumət qarşısında yeni qəzetin nəşri ilə bağlı vəsatət qaldırmışam; eyni zamanda yerli müsəlmanlar Azərbaycan hökumətindən Qaraağazadənin müvəqqəti vəzifədən azad edilməsini xahiş edirlər; ona görə ki, Əhməd Həmdi Qaraağazadə Batumda bu yeni mətbu orqana rəhbərlik etmək üçün lazımdır.
Qeyd edək ki, haqqında bəhs edilən Əhməd Həmdi əslən acar idi. O, Azərbaycan mətbuatında mütəmadi olaraq məqalələrlə çıxış edərək, Cənub-Qərbi Qafqaz müsəlmanları mövzusuna geniş yer ayırırıdı. Ə.H.Qaraağazadə "Azərbaycan" qəzetinin 29 yanvar 1919-cu il tarixli sayında işıq üzü görən "Batum oblastı və gürcülər haqqında" məqaləsində "Qurani-Kərim"i su kimi əzbər bilən hafiz Məhəmmədtağı bəyin (Məmməd bəy Abaşidze-Sancaqbəyzadə - F.V-H.)", həmçinin, onun qardaşı Aslan bəy və əmisi oğlu Süleyman bəyin fəaliyyətlərini tənqid edərək, sonuncuların konsul Mahmud bəy Əfəndiyev və özünün timsalında Azərbaycan təmsilçilərinə qarşı təxribatlarla məşğul olduqlarını yazırdı: "...Arslan bəy Azərbaycan Hökumətinin Batum konsulu və çox illərdən bəri Batumda camaat xadimliyi ilə tanınmış və həlim bir zat doktor Mahmud bəy Əfəndiyevə gürcü qəzetəsi ilə o qədər adi təhdidnamələr yazır ki, bir adamın qələmindən nasıl çıxdığına heyrət edərsiniz".
M.Əfəndiyev XİN-ə ünvanladığı 14 fevral 1919-cu il tarixli məktubunda bir daha Cənub-Qərbi Qafqaz bölgəsində mövcud siyasi vəziyyəti təsvir edərək bildirirdi ki, ingilislər vəziyyətə hakimdirlər, ancaq məmuriyyət istisnasız ruslardan ibarətdir; bu ruslar da özlərinin milli proqramlarını həyata keçirirlər.
AXC Xarici İşlər Nazirliyinə 1919-cu il 25 martda göndərdiyi məktubunda M.Əfəndiyev Şimali Qafqazdakı hərbi-siyasi vəziyyətlə bağlı narahatlığını dilə gətirərək yazırdı ki, bizdə olan məlumatlara görə, oradakı dindaşlarımız könüllülərlə (general A.Denikinin komandanlığı altındakı Könüllü ordunun mənsubları ilə) mücadilədə kritik vəziyyətdədirlər. Konsulluğun dağlıların vəziyyəti barədə də mütəmadi olaraq məlumatlandırılması faydalı olardı. Dağlılar Respublikasının Batumda nümayəndəsi olmalıdır, çünki bu, onların öz marağındadır. Ümumiyyətlə, xəbərlərin olmaması bu və ya digər respublikanın nüfuzuna təsir edən bir sıra şayiələrin yaranmasına səbəb olur. Buna cavab olaraq XİN-dən konsulluğa 7 apreldə gondərilmiş məktubda Şimali Qafqazda baş verən proseslər barədə məlumat verilərək, konsul M.Əfəndiyevin qaldırdığı digər məsələlərə, o cümlədən Batumda türk məktəbinin subsidiyası təklifinə də toxunularaq, onun baxılması üçün Xalq Maarifi Nazirliyinə göndərildiyi diqqətə çatdırılırdı. Bu məsələ çox keçmədən öz müsbət həllini tapmış və 1919-cu ilin may ayında konsulluq tərəfindən Batumdakı türk məktəbinə 10 min manat yardım edilmişdi.
İstanbulda olan Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak üçün Avropaya getməsinə uzun müddət maneəçilik törədilirdi. Müttəfiq dövlətlərin İstanbuldakı təmsilçilikləri heyətin 2 üzvündən başqa digərlərinə, o cümlədən heyətin başçısı Ə.Topçubaşova viza vermirdilər. AXC Xarici İşlər Nazirliyini bu barədə məlumatlandıran konsul Mahmud bəy Əfəndiyev bu məsələdə ermənilərin əlinin olduğunu yazırdı: "Məndə olan məlumatlara görə, xaricdəki erməni nümayəndə heyətinin səyləri ilə Əli M. (Mərdan) bəy və Əhməd bəy (Ağayev//Ağaoğlu) kimi ən yaxşı xadimlərimiz bizim taleyimizi həll edəcək xaricilərin gözündə, ən azından indiki lazımlı məqamda, hörmət və etimadlarını itiriblər... İstanbul mətbuatında Əhməd bəy əleyhinə yazılar bizim çox hörmətli və məşhur xadimimiz, Azərbaycanın vətənpərvəri Əli M. (Mərdan) bəyin nüfuzuna da haqq etmədiyi kölgə saldı... Bundan bizim vətənimizin düşmənləri istifadə edib ona nail oldular ki, nə Ə.M.B. (Əli Mərdan bəy), nə də Əhməd bəy konfransa gedə bilmirlər..." (ARDA, f. 970, s. 1, iş 141, vv. 6-6 arx.).
Mahmud bəy və ailə üzvləri (soldan sağa: oğlu Niyazi, xanımı Mahinur, qızı Fevziyyə, özü, qızı Leyla; oturan: kiçik oğlu Süleyman Paşa)
1919-cu il 22 apreldə Azərbaycan nümayəndə heyətinin tam heyətlə İstanbuldan Parisə yola düşməsinə icazə verilir. Dönəmin Baş naziri Nəsib bəy Yusifbəyliyə artıq Fransadan ünvalandığı məktubunda Ə.Topçubaşov 1919-cu il 19 noyabrda 165 qutu tibbi ləvazimatın "Anatoliya" paroxodu ilə Marseldən Batuma dr. M.Əfəndiyevin adına göndərildiyini və bu barədə onun özünü məktubla məlumatlandırdığını bildirərək yazırdı ki, Əfəndiyev orada olmasa, yükü qəbul edib Bakıya göndərməsi üçün başqa bir adama göstəriş vermək lazımdır.
AXC mətbuatının səhifələrindən Azərbaycanın ilk qadın publisisti və tənqidçisi olan axısqalı pedaqoq və yazıçı Şəfiqə xanım Əfəndizadənin həmin ərəfədə Batumda Mahmud bəy Əfəndiyevlə görüşdüyü bəlli olur. 1918-ci ilin avqust ayında Bakıdan çıxıb Axısqaya gedən, orada qısa müddət qaldıqdan sonra bir neçə ay İstanbulda yaşayan, 1919-cu ilin aprelində isə Batuma gələn Şəfiqə xanım "Azərbaycan" qəzetində dərc etdirdiyi "Yol əsnasında gördüklərim" sərlövhəli yol qeydlərində yazırdı: "Bəndəniz Batuma gəldikdə, əvvəlcə Axıskaya gedib pədərimi (atamı) görmək və sonra Bakıya gəlmək istəyirdim. Fəqət Batuma gəldikdə, orada bir kaç axıskalı adamlar gördüm. Bunlardan əlavə, doktor Mahmud bəy Əfəndiyevlə, Yusif əfəndi Talıbzadə ilə görüşdüm. Onlar mənim Axıskaya getmək fikrimi eşitdikdə, o fikirdən dönməyimi məsləhət gördülər. Axıskalılar Axıskanın və ətraf kəndlərin halını ağlanacaq bir halda təsvir etdilər ki, hələ də bu vəhşilik davam etmək üzrə imiş".
(Ardı var)