525.Az

İstanbulda Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı keçirilir


 

İstanbulda Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı keçirilir<b style="color:red"></b>

 Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə Avroasiyada İslam üfüqü" adı altında Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, noyabrın 22-dək davam edəcək Avrasiya İslam Şurasının VIII iclasında komitənin sədri Elşad İskəndərov da iştirak edir.
 
Şuranın iclasında çıxış edən E. İskəndərov Azərbaycan prezidenti adından yüksək səviyyədə təşkil edilmiş Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısının keçirilməsi münasibəti ilə təbriklərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. E. İskəndərov qeyd edib ki, Zirvə Toplantısı Avrasiya məkanında eyni dəyərlərə, adət-ənənələrə sahib ölkələr və toplumlar arasında əməkdaşlığın genişlənməsinə, tolerantlıq mühitinin möhkəmlənməsinə, mədəniyyət və dinlərarası dialoqun inkişafına, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə,  eləcə də regionda sülh və əmin-amanlığın bərqərar edilməsinə önəmli  töhfə olacaq.
 
İslamın regionda, xüsusilə türk xalqları arasında, o cümlədən Azərbaycanda yayılmasının böyük  tarixi əhəmiyyətə malik hadisə olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri bildirib ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın böyük rolu olub: “Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə həm də İslam dininə minnətdar olmalıdırlar”.
 
Azərbaycanda mövcud tolerantlıq modeli haqqında danışan Dövlət Komitəsinin sədri bildirib ki, hazırda ölkəmiz bölgədə dinlərin bir-biri ilə mehriban yaşadığı unikal məkandır və bu model istər Avrasiya, istərsə də digər dünya ölkələri üçün nümunə ola bilər.
 
Avrasiya məkanında iqtisadi, elmi, mənəvi və insani dirçəlişin renessansını təmin etmək məqsədilə bölgə xalqlarının əməkdaşlıq halında bir sıra təhdidlərə qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edən Dövlət Komitəsinin sədri separatizm, beynəlxalq qanunlara hörmətsizlik və işğalçı siyasətlərin Avrasiyada yaşayan xalqların ümumi düşməni olduğunu vurğulayıb. Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu qeyd edən Dövlət Komitəsinin sədri “Bu gün Ermənistanın işğal, etnik təmizləmə və dəyərlərimizə qarşı soyqırımı siyasətinin qurbanları olan Şuşa və Ağdam məscidləri bütün bölgə insanına səslənir  və  bizlərin səsini eşitməlidir” – deyə bildirib.
 
E. İskəndərov daha bir təhdid kimi qeyri- ənənəvi təriqətlər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğ edən qrupların fəaliyyətinin regional xarakter daşıdığını və onlarla mübarizənin də regional əməkdaşlıq səviyyəsində aparılmalı olduğunun zəruriliyini ifadə edib: “Burada əsas məqsəd elmli din xadimi, icma rəhbərlərinin yetişdirilməsi, onların ideoloji cəbhədə müvəffəqiyyəti üçün bütün cəmiyyətin dəstəyinin olmasıdır”. Üçüncü təhdid olaraq İslamofobiya təhlükəsini qeyd edən Dövlət Komitəsinin sədri bu yaxınlarda mövzu ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin fikirlərinin bütün bölgə üçün keçərli olduğunu bildirib: “Əfsuslar olsun ki  islamofobiya xəstəliyinə düçar olmuş dairələr üçün gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi Azərbaycan problemə çevrilib, yəni onların dünyada müsəlmanları geridə qalmış millət, xalq kimi göstərmək stereotiplərinə sığmır”, deyən komitə sədri bu istiqamətdə digər  Avrasiya ölkələrinin də xəbərdar olmasını, hazır olmasını və birgə qarşısının alınmasının vacibliyini qeyd edib.
 
Qeyd edək ki, "Ənənədən gələcəyə Avroasiyada İslam üfüqü" adı altında keçiriləcək Şuranın VIII iclasında quruma üzv olan ölkələrinin müvafiq dövlət strukturlarının rəhbərlərinin, dini liderlərinin və elm xadimlərinin iştirakı nəzərdə tutulub. Bununla yanaşı, 22 noyabrda İstanbulda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə "İslam Əməkdaşlığı Təşkilatı üzv ölkələrində Gənclər - 2011" başlıqlı hesabatın beynəlxalq səviyyədə təqdimatı keçiriləcək.

 





20.11.2012    çap et  çap et