|
|
|
|
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Turizm Təşkilatı, 2024-cü ildə dünya üzrə 1,4 milyard insanın beynəlxalq səyahət etdiyini və bununla da COVID-19 pandemiyasının (2020-2021) səbəb olduğu tarixi böhranı geridə qoyduğunu açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərargahı İspaniyanın Madrid şəhərində yerləşən BMT-nin Dünya Turizm Təşkilatının məlumatına görə, 2024-cü ildə beynəlxalq səyahətlərin sayı əvvəlki illə müqayisədə 11 faiz artaraq (təxminən 140 milyon daha çox) pandemiyadan əvvəlki rəqəmlərə yaxınlaşıb.
2019 və 2024-cü illərin göstəriciləri müqayisə edilərkən, Yaxın Şərq, Avropa və Afrika bölgələrində turist sayında ən yüksək artım qeydə alınıb.
Keçən il Yaxın Şərqə 95 milyon (2019-cu illə müqayisədə 32 faiz çox), Afrikaya 74 milyon (7 faiz çox) və Avropaya 747 milyon insan (1 faiz artım) səfər edib.
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, “2024-cü ildə qlobal turizm pandemiyadan sonrakı bərpa prosesini başa çatdırıb. Turist axını və gəlirlər baxımından bir çox yerlərdə göstəricilər 2019-cu ili üstələyib.”
Pololikaşvili, dünya turizmində yüksək tələbatın artım tendensiyasının 2025-ci ildə də davam edəcəyini vurğulayıb.
Malik Atilay