Karib dənizində, Sent Kitts və Nevis Sahil Mühafizəsi qrupları ölkə sahillərində sürüklənən bir qayıqda 13 cəsəd tapıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə beş gün əvvəl Trinidad və Tobaqo sahillərində bir qayıqda beş nəfərin cəsədinin tapılmasından sonra baş verib.
Hazırda iki hadisə arasında hər hansı bir əlaqənin olub-olmaması araşdırılır. Ölənlərin kimliyi və milliyyəti barədə dəqiq məlumat yoxdur.
Sent Kitts və Nevis polis rəisinin müavini Kromvel Henri bildirib ki, çərşənbə günü tapılan cəsədlər artıq parçalanmış vəziyyətdə olduğundan qurbanların yaşı və cinsi müəyyən edilə bilmir. Kapitansız qayıq sahilə çıxarılıb və hadisə ilə bağlı araşdırmalar aparılır.
Xatırladaq ki, ötən şənbə günü Trinidad və Tobaqo sahillərində içərisində beş cəsəd olan qayıq aşkar edilib.
Trinidad Sahil Mühafizəsinin verdiyi açıqlamaya görə, tapılan sonuncu qayıq 2021-ci ildə eyni bölgədə aşkar edilən və içərisində 15 nəfərin cansız bədəni olan qayığa bənzəyir.
O dövrdə aparılan araşdırmalara əsasən, həmin qayığın Afrika sahillərindən yola düşən immiqrantları daşıya biləcəyi ehtimal edilirdi.
Malik Atilay
çap et