525.Az

USAID son nəfəsini verir


 

İLON MASK BU QURUMU BİR NEÇƏ CİNAYƏTDƏ GÜNAHLANDIRIB, ONU AMERİKAYA NİFRƏT EDƏN SOLÇU MARKSİSTLƏRİN GÜRZƏ YUVASI ADLANDIRIB

USAID son nəfəsini verir<b style="color:red"></b>

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) ləğv olunmaq təhlükəsi ilə qarşılaşıb. Artıq bununla bağlı Birləşmiş Ştatların yeni administrasiyası hərəkətə keçib.

Qeyd edək ki, bu istiqamətdə ilk addım prezident Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in vasitəsi ilə xarici ölkələrə edilən maliyyə yardımlarının dondurulması ilə bağlı imzaladığı qərar oldu. Tramp bəyan etdi ki, əgər agentlik əməkdaşları xarici yardımın dondurulması qərarına məhəl qoymasalar, onları “ciddi intizam cəzası” gözləyir. 

ABŞ lideri bazar günü bu qurumda aparılan auditlə bağlı jurnalistlərə deyib ki, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyi “radikal dəlilərdən” ibarətdir: "USAID-i radikal dəlilər idarə edir, biz onlardan qurtulacağıq və sonra qərar verəcəyik".

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask isə "X" sosial şəbəkəsində USAID-in ləğvi prosesinin getdiyini yazıb: "Biz USAID-in ləğvi prosesindəyik".

Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".

Amerikalı milyarder, həmçinin USAID-in cinayətkar təşkilat olduğunu söyləyib. Daha əvvəl isə bu qurumu amerikalıların vergilərini istifadə edərək bioloji silah hazırlamaqda ittiham edib: “USAID-in sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahları maliyyələşdirdiyini bilirdinizmi?”

Göründüyü kimi, rəsmi olaraq yardım agentliyi statusunda olan bu təşkilat ən müxtəlif fəaliyyətlərlə məşğul olub, bir çox ölkənin daxili işlərinə müdaxilə edərək, siyasi qarşıdurmalar yaradıb və bunun üçün maliyyə vəsaitləri ayırıb. Eyni zamanda, Azərbaycanla bağlı da hər zaman pozucu mövqedə olub, ölkəmiz əleyhinə iş aparıb, ermənilərə güclü dəstək verib, böyük məbləğdə yardımlar göstərib. Təkcə Bayden administrasiyası dönəmində Ermənistana yardımları iki dəfə artıraraq 250 milyon dollara çatdırıb. Bura təbii ki, USAID-ə rəhbərlik edən ermənipərəst Samanta Pauerin də xüsusi xidmətləri olub. O, erməni yalanlarına "sədaqəti"ni sübuta yetirmək üçün 24 apreli - ermənilərin qondarma "soyqırımı günü"nü özünün doğum günü elan edib. Belə qatı ermənipərəst mövqe tutan qadının Ermənistan dövləti tərəfindən "dəyərli tərəfdaş" adlandırılması heç də təsadüfi deyil. Samanta Pauer Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edərək ermənilərin uydurduqları "etnik təmizləmə"ni gündəmə gətirib. Baxmayaraq ki, bütün dünya, o cümlədən, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Həmçinin ermənilərin və ermənipərəst qüvvələrin "etnik təmizləmə" ilə bağlı dediklərinin də sadəcə uydurma olduğu məlumdur. Bu, öz təsdiqini tapmayıb və heç bir fakta əsaslanmır. Bütün bunlardan çıxış edəndə, görünən odur ki, USAID Azərbaycana qarşı qərəzli, hətta düşmən mövqe sərgiləyir.

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə bəyan etdi ki, USAID-in Azərbaycanda fəaliyyətlərinin tam dayandırılmasının vaxtı yetişib. O, gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə Bakıda keçirilən mətbuat konfransında əlavə etdi ki, 2023-cü ilin sentyabr ayının 19-20 tarixlərində Azərbaycan öz suveren ərazilərində antiterror əməliyyatı keçirdi və tam olaraq öz suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra ABŞ-dən demokratlar administrasiyası tərəfindən tamamilə əsassız beynəlxalq hüquqla heç bir formada uzlaşmayan ölkəmizə qarşı hücumun şahidi olduq. Onun sözlərinə görə, ABŞ-nin Azərbaycana hansı yardım mexanizmlərinin olduğu ilə bağlı aparılan təftişdə son gəlinən nəticə o oldu ki, USAID-in ölkəmizə yardımları ABŞ-nin mənafeyi üçün edilirdi. Rəsmi Bakı bu şərtlərdə həmin sənədin uzadılmasında maraqlı olmadığını bəyan etdi: “Ancaq bu ərəfədə ABŞ-dən israrla Azərbaycan tərəfinə müraciətlər daxil oldu. Deyirdilər ki, bu sənədin davam etdirilməsi ABŞ tərəfindən Azərbaycana bu alətlər vasitəsilə yardımların həyata keçirilməsi bizim ikitərəfli gündəliyimizin vacib komponentlərindən biridir. Bütün bunları nəzərə alaraq, Azərbaycan tərəfi bir daha qarşılıqlı addımları atdı. Biz dedik madam ki, ABŞ Azərbaycana yardım etməkdə bu qədər maraqlıdırsa, onda bunun şərtlərini danışaq. Bu danışıqlar həyata keçirildiyi müddət ərzində saziş qüvvədən düşməsin deyə bir neçə dəfə sazişin müddətini hər dəfə bir neçə ay olmaqla uzatdıq. Bununla da Azərbaycan tərəfi öz xoş niyyətini göstərdi”.

Amma 2024-cü ilin fevral ayından iyun ayına qədər gedən danışıqlar nəticəsində Azərbaycana bir şey tam açıq və bəlli oldu. Bu aydınlıq ondan ibarət idi ki, ABŞ heç bir formada burada açıqlıq göstərmək istəmir, yalnız öz istəyini diktə edərək, Azərbaycana qəbul etdirmək istəyir: “Bu, bizə tam aydın olduqdan sonra Azərbaycan tərəfi 2024-cü ilin iyunun 1-dən sonra həmin sazişin müddətinin bir daha uzadılmaması barədə qərar qəbul etdi. Bu gün hüquqi dillə desək, de-yure USAID-in Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir hüquqi bazası mövcud deyil. Belə olan halda USAID həm təşkilat olaraq, həm də onun nümayəndələrinin Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etməsinə heç bir ehtiyac yoxdur və fəaliyyətlərinin tam dayandırılmasının vaxtı yetişib”.

Yuxarıda qeyd etdiyimiz kimi, USAID bir sıra ölkələrdə çaxnaşmalar yaradıb, hökumət əleyhinə olan qüvvələri maliyyələşdirib. Qonşu Gürcüstanda baş verənlərə nəzər salmaq kifayət edir. Belə ki, USAID-in ölkədə hakimiyyət çevrilişi törətmək planları ifşa olundu. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin fikirləri də bu agentliyi bir daha ifşa edir. Spiker deyib ki, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Papuaşvili iddia edib ki, USAID-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. ISFED bu gün də xarici maliyyə dəstəyi ilə Gürcüstanda fəaliyyətini davam etdirir və 2024-cü il seçkilərinin saxtalaşdırıldığını iddia edir. Ancaq nəticələri açıqlamır, çünki həmin nəticələr Mərkəzi Seçki Komissiyasının rəqəmləri ilə uyğun gəlir. Parlament sədri bu nəticələrin USAID-in təzyiqi ilə gizlədildiyi barədə əsaslı şübhələrinin olduğunu bildirib.

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı deyib ki, Azərbaycanın ardından Tramp administrasiyası da USAİD-lə bağlı tədbirlər görməkdədir: “İlon Mask rəsmi şəkildə bu təşkilatı bir neçə cinayətdə günahlandırıb. O yazır: “USAID Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvasıdır”. O davam edir: "Bilirdinizmi ki, USAID sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?" Bazar günü məlum olub ki, Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb”.

Politoloq əlavə edib ki, rəsmi Bakının da bu təşkilata münasibəti birmənalı deyil: “USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib. USAID-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAID-in rəhbəri Samanta Pauer demişdi ki, bir günlük antiterror əməliyyatı nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub". Halbuki birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət etdi və onların qalıb Azərbaycan vətəndaşlığını qəbul edib, yaşamağı təklif edir. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etməyib. Samanta Pauer isə bu fikri ilə, nədənsə, ermənilərdən daha çox erməni olmağa uğursuz cəhd göstərdi.

Görünən odur ki, Donald Tramp USAID-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki maliyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insan da var”.

 





04.02.2025    çap et  çap et