|
|
|
|
Əsasən Daşnaksütyun partiyasına mənsub erməni terrorçularının Azərbaycan Cümhuriyyəti və Osmanlı imperatorluğunun görkəmli siyasətçi və dövlət xadimlərini sui-qəsd yolu ilə fiziki cəhətdən məhv etmək məqsədi daşıyan bədnam "Nemezis" əməliyyatı adını yunan (burada da Afina ilə ənənəvi dostluq işə yarayıb) mifologiyasında intiqam ilahəsi kimi tanınan Nemezidanın adından götürüb.
Qisas əməliyyatı ideyasını Daşnaksütyun partiyasının 1919-cu ilin sentyabr-oktyabr aylarında İrəvanda baş tutan IX qurultayında keçmiş Osmanlı təbəəsi, "Qisas duası", "Türklər və biz", "Türkçülük Ankaradan Bakıya qədər. Türk istiqaməti", "Məhəbbət və nifrət nəğmələri" kimi "intiqamçı əsərlər" müəllifi, həmin dövrdə ABŞ-da yaşayan Şaan Natali (Akop Ter-Akopyan) ortaya atmışdı. Ümumi siyahıya 600 nəfər, "təcili şəkildə aradan götürülmələri" tələb olunanların siyahısına isə 43 nəfər daxil edilmişdi. 1-ci yerdə İttihad və Tərəqqi hökumətinin baş naziri, Triumvirat üzvü Tələt Paşanın adı dayanırdı.
Yeri gəlmişkən, Şaan Natalinin fikrincə, ermənilər uzun tarixləri boyu türklər üzərində yeganə qələbəni XX əsrdə qazanıblar. Bu da indi Ermənistan Respublikası adlanan ərazinin min bir vəhşiliklə, qılınc və od gücünə yerli əhalidən - Azərbaycan türklərindən "təmizlənməsi" idi. Sərsəm fikirlərlə dolu "Türklər və biz" əsərinin müəllifi belə düşünür ki, əgər ermənilər "yersiz insanpərvərlik, xristian şəfqəti və humanizm göstərməyib" hər yerdə Zəngibasardakı kimi hərəkət etsəydilər, Anadoluda da "türk məsələsini" eyni uğurla çözə bilərdilər. Şaan Natalini, Dronu, Soqomon Telyeryanı və digər başkəsənləri özlərinə kumir, ideya atası sayan Levon Ter-Petrosyan, Koçaryan, Serjik Sarqsyan, Paşinyan kimi günümüzün "erməni liderləri" də onların cəfəng fikirlərindən ruhlanaraq Qərbi Azərbaycanda və tarixi Qarabağ regionunda etnik təmizlik işləri aparmaq həvəsinə düşmüşdülər. Müvəqqəti uğur qazansalar da, bədnam niyyətin sonu böyük fiasko və Erablurda minlərlə yeni qəbirlə nəticələndi. Nisbətən kiçik miqyaslı əl buyruqçuları, "yerli əhəmiyyətli" müharibə caniləri isə indi Bakıda, məhkəmə önündə dayanıblar. Qara əməllərini davam etdirsələr, hələlik İrəvanda daldalanan "iri balıqların" da günün birində eyni aqibəti yaşayacağı yəqin ki, zaman məsələsidir.
Bu məlum həqiqətləri niyə xatırladım?
Dünən erməni xəbər saytlarında oxudum ki, "onlarla Arsax və erməni ictimai təşkilatları, tanınmış ictimai xadimlər bir araya gələrək "Arsax naminə birlik" adlı təşkilat yaradıblar. Qurumun təsis yığıncağı yanvarın 19-da İrəvanda keçirilib.
Qall tayfalarından birinin başçısı Brennin 2500 il (ermənilər belə şeyləri sevirlər) bundan əvvəl dediyi kimi "Vae Victis!" - yəni "Vay məğlubların halına!" Acınacaqlı məğlubiyyətə uğrayan, amma reallıqla barışmaq əvəzinə revanş xülyası ilə yaşayan qonşularımız istədikləri qədər dərnək, cəmiyyət, qurum və quruluş yarada bilərlər. Hər gün yığıncaq, müşavirə, iclas, mitinq, brifinq keçirə bilərlər. Saytlarda "Arsax prezidenti ordu günü münasibəti ilə Erablur panteonunu ziyarət etdi" tipli gülünc və düşük xəbərlər yaya bilərlər. 11 min nəfər dezertirlə tarixə düşən Ermənistan ordusunu istədikləri qədər vəsf edə bilərlər. Öz işləridir.
Frunzik Mkrtıçyanın sözü olmasın, adam heç bilmir ki, "bunlar haraları ilə fikirləşirlər?"
Deməli, təsis bəyannaməsində yazılır: "İndiki son dərəcə mürəkkəb vəziyyətdə Arsaxın və Arsax xalqının taleyi üçün məsuliyyət hissini bölüşərək biz, aşağıda imza edən təşkilat və şəxslər ümumi məqsədlərimiz yolunda əlbir və əlaqəli fəaliyyət göstərmək üçün "Arsax naminə birliyin" üzvləri arasında əməkdaşlıq haqqında aşağıdakı Memorandumu qəbul edirik".
Ardınca isə hamımıza yaxşı bəlli olan sayıqlamalar gəlir. 150 min nəfərlik Arsax xalqının (hərçənd Azərbaycan Ordusunun ildırım sürətli antiterror əməliyyatından sonra mütəşəkkil şəkildə aradan çıxanda sərhədçilərimiz 100500 baş civarında olduqlarının dəqiq uçotunu aparmışdı. Bu 50 min yeni arsaxlı haradan çıxdı?) Arsaxa kollektiv şəkildə ləyaqətli qayıdışının və tarixi vətəndə təyini-müqəddərat hüququnun təmin edilməsi, Arsax xalqına qarşı cinayət işləyənlərin fərdi və institutsional məsuliyyətə cəlb olunması, "işğal altındakı Arsaxın" tarix-mədəniyyət abidələrinin mühafizəsi və bu qəbildən olan digər xəyalplov ürünləri...
Təbii ki, özünə hörmət qoyan ictimai yığnaq kimi "Arsax naminə birliyin" də həmin vəzifələri yerinə yetirmək üçün fəaliyyət "prinsipləri" müəyyən olunub. Burada diqqətimi sayca üçüncü prinsip cəlb etdi: "Hər bir üzv birlik çərçivəsindəki fəaliyyətindən başqa siyasi baxış və hərəkətlərində tam sərbəstdir".
Əcəba, "hərəkət" deyəndə nə nəzərdə tutulur? "Arsax naminə birlik" öz üzvlərinə "hərəkət sərbəstliyi" verəndə onların nə iş görəcəklərini düşünür, yaxud planlaşdırır? Terror, diversiya, casusluq, sərhəd pozuculuğu, kiber cinayətkarlıq, siyasi qətllər, şantaj, qarayaxma kampaniyası, Kim, Xloe və Kortni Qardaşyan bacılarının yardımı ilə senator və konqresmen ovu?
Bəlkə bu yeni "Nemezis"in anonsudur? "Nemezis" yenidən xortlayır?
Belə çıxmasın ki, "Arsax naminə birliyin" bəyanat, yaxud prinsiplərindən əndişəyə düşmüşük. Sadəcə olaraq insan yorulur, bezir. Xüsusilə Ermənistan ordusu gününün qeyd edildiyi 28 yanvarda bütün günü ekran və efirdə, saytlarda yüz dəfələrlə təkrarlanan, şiti-şoru çıxarılan "qisas", "intiqam", "revanş", "düşməni diz çökdürmək", "dəhşətli cəza silahı hazırlamaq", "itirilmiş torpaqları qaytarmaq" və s. çağırışları adamın ürəyini bulandırır.
Ordumuz Qarabağı təzədən itirmək üçün minlərlə şəhid bahasına azad etməyib. "Böyük qayıdış" hər hansı başqa qayıdışı, xüsusən də düşməncəsinə, bəd niyyətlə həyata keçiriləcək "qayıdışı" tam istisna edir. Barbarların xaraba qoyduğu Qarabağı yenidən cənnətə çevirən xalq onu göz-bəbəyi kimi qorumağa qadirdir.
Yəni doğrudanmı "neçə min illik tarixə malik olan qədim xalq" belə sadə həqiqətləri başa düşməyəcək qədər ağılsızdır?
Bu yerdə Usta Zeynalla Muğdusi Akopun məşhur dialoqunu xatırlamamaq olmur. Allah Mirzə Cəlilə rəhmət eləsin!