Şuşanın azad olunmasına qədərki illər ərzində öz zəhmətkeşliyi və sadəliyi ilə tanınan Məmmədov Adil Baxış oğlu, ömrünün ən gözəl illərini və günlərini vətən həsrəti ilə keçirib.
Hər zaman bir ümid və inam daim ürəyində var olub, ta ki 30 ildən sonra Şuşa həsrəti bitən günə kimi. Gözlərindəki kədər ürəyində olan yanğının xəbərçisi idi. Son gedişi ilə 30 il sonra qayıtdığı həmin insan deyildi. Çox doğmalarını itirmişdi - 7 bacı-qardaşını itirmişdi, hər biri bir başqa rayonda dəfn olunmuşdu. İtirdikləri ilə bərabər, qazandığı Vətəni var idi. Bu dəfə də ömür vəfa etmirdi. Zamanının az olduğunu özü çox gözəl bilirdi.
Dayım Məmmədov Sadiq Adil oğlu Şuşa azad olunan gündən ailəsinin vətən həsrətini bitirmək üçün ailəsi və babamla birlikdə Şuşada könüllü işləmək üçün ora ilk köçənlərdən oldu. O, yaxşı bilirdi ki, babamın az zamanı qalsa da, burada əbədiyyətə qovuşacaq. Məncə, dünyanın ən kədərli mənzərəsi insanın bir-birindən əbədi ayrılmağını izləməkdir...
Babam mənim 14 yaşımda ilk itkim oldu. Çünki onunla böyümüşdüm. Həyatda çətinliklərə necə sinə gərməyi, insanları qarşılıqsız sevməyi və vəfalı olmağı babamdan öyrəndim. O qədər vəfalı idi ki, Şuşanın işğalı zamanı son dəfə evlərindən çıxarkən düşünüb ki, əşyanı getdiyi hər yerdən ala bilər. Şuşalı xatirələrin yarısı yaddaşda, yarısı isə rəsmlərdə idi. Beləcə, evlərindən tək götürdüyü rəsmlər və 1976-cı ildə dərc edilmiş Şuşa qəzetləri idi. Şuşadan Ağdama qədər piyada gedərək bir an belə əlindən yerə qoymayıb. Ta bu günlərə qədər sevə-sevə qoruyub. Bizə də elə o şəkillərdən tanıtdı Şuşanı. Beləcə, ömür vəfa etmədi...
07.02.2025 tarixində babam dünyasını dəyişdi. Yollarımız elə o gün ayrıldı babamla. Bir gün qovuşmaq ümidi ilə... Günlər, illər uzaqlaşdırdıqca biz bir gün daha da yaxın olacağıq. Sən uşaqlığımı, xatirələrimi və keçmişimi özünlə apardın. Mənə Şuşanı sevdirən adam, mən də yaşadığım müddətcə sənə layiq, məni görmək istədiyin kimi yaşayacam. Yuxun şirin, cənnətin əbədi olsun, inşallah baba. Bəlkə də bu da bir xoşbəxtlikdir - Şuşada dünyaya gəlib və istədiyin kimi Şuşada dünyadan köçmək.