Uşaq olanda xatirə dəftərləri yazardıq. O dəftərləri bircə-bircə bütün dost-tanışa verər, içindəki sualları cavablandırmaqlarını istəyərdik. Sonra həmin dəftərləri atardıq bir kənara, illərlə üzünü açmazdıq. Qalıb üstü tozlanardı. Nəsə bir kitab axtaranda təsadüfən qarşımıza çıxar, bir neçə dəqiqəlik bizi lap uzağlara aparardı. Hə, var belələri. Biz elə də əhəmiyyət vermirik, hətta çoxumuz inanmırıq belə. Amma mənə elə gəlir ki, əşyalar da canlıdır. Çünki elə əşyalar var ki, illərlə gözümüzün qarşısında, əlimizin altında olur, bizim üçün adiləşir. Amma vaxt gəlir, varlığı adiləşən həmin əşya dil açıb bizimlə danışmağa başlayır, ötən günləri yada salır. Eynilə nənəmin aş qazanı kimi...
Bütün gün evdə qaldığım hər şənbə iş gününü səbirsizliklə gözləyirəm. Hər nə qədər iş günləri evi arzulasam da, həftəsonları yaman darıxıram. Bu səbəbdən havanın ayazına baxmayaraq, bazar günü evdən çıxmaq qərarına gəldim. Hara gedəcəyimi bilmədən... Elə öz-özlüyümdə bu barədə düşünürdüm ki, birdən Saida Haqverdiyavının "Nənəmin aş qazanı" tamaşasına dəvət aldım.
Metrodan çıxıb teatra doğru gedəndə havanın soyuq olmasına baxmayaraq, əynim qalın idi deyə üşümürdüm, amma qayıdanda günəş çıxmışdı, şaxta azalmışdı, mən isə üşüyürdüm. Qəribə idi...
Tamaşa nənə xeyir-duası ilə başladı. Nənəmin xeyir-duaları düşdü yadıma. Hə, onların duaları olmasa, biz necə olardıq? Bizim xəbərimiz olmadan onlar bəlkə də, gündə neçə dəfə qırışlı əllərini göyə qaldırır, bizim üçün dua edirlər. Bəlkə də elə tərs gedən bir işimiz saçlarına dən düşən nənələrimizin bizə etdiyi duanın qəbul olması ilə həll olur. Qayıdaq tamaşaya...
Tamaşanın baş qəhrəmanı Buta nənəyə toyu təzə olanda nənəsi mis qazan bağışlayır. Həmin qazan olur Buta nənənin yaxın dostu. Onun şad gününə, pis gününə şahidlik edir, sevincinə, qəminə şərik olur. Buta nənə həmin qazanda süzdüyü zəfəranlı, kişmişli, şabalıdlı aşı ilə neçə-neçə süfrələr açır, yaxınları, doğmaları bir stol başına yığır. Bir də qazanın dostu yaşıl çaydan var. Buta nənə həmin çaydanın suyuyla dəmlədiyi mikəxli çayla neçə qəlbi isidir. Nənənin nəvələri hər dəfə balaca çaynikin qapağını sındırır, nənə də həmin qapağı sapla çaynikin qulpuna bağlayır. Tamaşanın hər səhnəsi səni xəbərin olmadan uşaqlıq illərinə aparır. Gözünün qarşısında tamaşayla bərabər, ötən günlərin canlanır. Kəndə hər gedəndə nənəmin çaynikində də həmin sapı görərdim. Onda elə də əhəmiyyət vermirdim, amma bu gün səhnədə həmin çayniki görəndə yaman kövrəldim.
Buta nənə övladlarını böyüdür, qızını evləndirir, bircə arzusu ölmədən oğul toyu görməkdi. Nəhayət, Allah bu arzusuna da çatdırır onu. Amma milli dəyərləri, adət-ənənələrimizi təmsil edən Buta nənənin müasir dünyanı təmsil edən gəlini ilə qarşılaşması bizi uşaqlığımızın isti xatirələrindən götürüb bu günün şaxta kimi kəsən həqiqətinə aparır. Gəlin Buta nənənin mis qazanını və çaydanını müasir qazan və tavayla dəyişmək istəyəndə Buta nənə qəzəblənir və deyir: "Nə qədər ki, mən sağam, onlar da sağ olacaq". Əslində nənəni qorxudan qazan və çaynikin yoxluğu deyildi, o, qab-qacağı yox, ənənələri, dəyərləri qorumağa çalışırdı.
Çoxumuz Kukla Teatrındakı tamaşaları uşaqlar üçün hesab edib getmirik. Amma Saida Haqverdiyevanın hazırladığı uşaq tamaşalarında böyüklər üçün bir həqiqət gizlənir. "Nənəmin aş qazanı" tamaşası da həmin qəbildəndir.
Həmin mis qazanların, çaydanların, qulpu sapla bağlanmış çayniklərin olduğu vaxtlarda fevralın soyuğu da insanı üşütməzmiş. İnsanları səmimiyyət, məhəbbət isidərmiş.
Hamının qapısı qonağa açıq olardı. İndi isə hər şey dəyişdi, insanlar dəyişdi. Buta nənənin 20 dəqiqəyə qaynayan çaydanını 8 dəqiqəyə qaynayan tefal çayniklərlə əvəz elədik deyəmi belə oldu hər şey? Hə, axı biz getdikcə rahat olana qaçırıq. Qonaqları evimizdə yox, restoranlarda qarşılamağa başlamışıq. Bəlkə də, çoxumuz evimizdə bayramdan-bayrama dəmlənən zəfəranlı, şabalıdlı aşları belə hazır yeməklərlə əvəzləmişik. Amma əslində dəyişən, nə qazandır, nə çaydan. Dəyişən bizlərik. Elimizin digər xalqlar arasında başımızı uca tutan ənənələrini unuduruq. Başımızı qaldırıb baxmırıq ki, sonumuz hara gedir.
Tamaşanın sonunda Buta nənənin Avropada oxuyub gələn Sara adlı nəvəsi nənənin itmiş aş qazanını tapır, aş dəmləyir və yenidən hamını bir yerə yığır. Ötən günlərdəki kimi... Düşünürəm ki, Sara obrazı Saida xanımın özüdür. O bizi inandırmağa çalışır ki, dəyərlərimizi, adətlərimizi qoruyan gənclərimiz də var - Saida Haqverdiyeva kimi.
Ləman İLKİN