Bu ilin yanvar ayında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 5,5 milyard manatlıq və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % az sənaye məhsulu istehsal edib.
525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 4,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 % artıb.
Sənaye məhsulunun 61 %-i mədənçıxarma sektorunda, 31,9 %-i emal sektorunda, 6,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 %, əmtəəlik qaz hasilatı isə 4,8 % azalıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 47,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 %, kimya sənayesi məhsullarının istehsalı 35,9 %, neft məhsullarının istehsalı 26,7 %, hazır metal məmulatlarının istehsalı 26,2 %, içkilərin istehsalı 26 %, qida məhsullarının istehsalı 24,7 %, elektrik avadanlıqlarının istehsalı 20,6 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,2 %, tikinti materiallarının istehsalı 2,2 % artıb, kompüter, elektron və optik məhsulların istehsalı 3,6 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 4,2 %, mebel istehsalı 7,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 17,1 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 20,7 %, əczaçılıq məhsullarının istehsalı 30,2 %, tütün məmulatlarının istehsalı 35,5 %, kağız və karton istehsalı 36,7 %, geyim istehsalı 43,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 51,5 %, maşın və avadanlıqların istehsalı 52,6 %, sair sənaye məhsullarının istehsalı 56,1 %, poliqrafiya məhsullarının istehsalı isə 62,9 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 32,4 % artıb.