525.Az

“Maddi problemlər elmdə yeniləşməyə ciddi mane olur”


 

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın “525”-ə müsahibəsi

“Maddi problemlər elmdə yeniləşməyə ciddi mane olur” <b style="color:red"></b>

- Gövhər xanım, ötən həftə parlamentdə 3 günlük büdcə müzakirələri keçirildi və qeyd edək ki, ayın 28-də də büdcə zərfinin səsverməyə çıxarılaraq qəbulu nəzərdə tutulur. Bəs Siz bir millət vəkili olaraq növbəti ilin büdcə zərfi barədə nə düşünürsünüz? 

– Azərbaycan Respublikasının  dövlət büdcəsi zərfi  və onun əsas istiqamətlər üzrə əsaslandırılması ildən- ilə təkmilləşir. Milli Məclisin müzakirəsinə təqdim olunan 2015-ci ilin  büdcə layihəsi əslində çox ciddi elmi-analitik sənəddir ki, bu da ölkədə çox təkmil büdcə sisteminin yaranmasına dəlalət edir. Dünyada istər siyasi, istər sosial-iqtisadi sahədə baş verən proseslərə nəzər salsaq, Azərbaycanın bu gün sözün əsl mənasında sabitliyi və davamlı inkişafı təmin edən çox nadir ölkələrdən olduğunu etiraf etməliyik. Bu isə Prezidentimizin, Azərbaycan iqtidarının apardığı çox düzgün, hərtərəfli ölçülüb biçilmiş, bütün riskləri, dünya bazarının konyukturasını  nəzərə alan uzaqgörən siyasətin nəticəsidir. Odur ki Azərbaycanın iqtisadi reytinqi ildən-ilə artır və bunu beynəlxalq təşkilatlar da etiraf edirlər.  Büdcə layihəsində təqdim olunan çoxsaylı statistik rəqəm və məlumatlar sübut edir ki, bu gün Azərbaycan dünyada ən sabit və dinamik inkişaf edən ölkələrdəndir. 
 
Mən konkret elm sahəsi haqqında danışmaq istərdim. Təqdim olunan layihədə elmin inkişafının əsas istiqamətləri kifayət qədər dəqiq və ətraflı müəyyənləşdirilib. Bunlar əsasən elmi-texniki potensialın qorunub saxlanılmasından, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasından, cəmiyyətdə elmi işçilərin nüfuzunu yüksəldilməsinə nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilməsindən və sairədən ibarətdir. AMEA-da, digər elmi-tədqiqat müəssisələrində və ali təhsil müəssisələrində aparılan fundamental tədqiqatların səmərəliliyinin artırılması, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, ölkədə elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin surətləndirilməsi, elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqatların əlaqələndirilməsi  üzrə işin gücləndirilməsi və alimlərinin yaradıcılıq potensialının tam reallaşdırılması üzrə şəraitin yaradılması elm sahəsində qarşıda duran əsas məqsədlərdəndir. Bu məqsədlərə nail olmaq üçün layihədə bir sıra tədbirlər nəzərdə tutulub. Düşünürəm ki, tezliklə onların reallaşmasının şahidi olacağıq...

– Elmi tədqiqatların səmərəliliyi haqda nə deyərdiniz? Parlamentdə bu məsələ ətrafında birmənalı olmayan fikirlər səsləndi...

– Mən bu məsələdə həmkarlarım İsmayıl Hacıyev, İsa Həbibbəyli və Əhliman Əmiraslanovla tamamilə həmrəyəm. Çünki elm mənəvi fəaliyyət sahəsi olduğundan burada ilk stimul rolunu, təbii ki, mənəvi amillər oynayır. Yəni, qəlbinin hökmü ilə elmə gələn hər bir kəs onun vurğunu, müəyyən mənada fanatı olur. Amma biz maddi dünyada yaşayırıq və maddi təminat olmadan hər hansı bir fəaliyyət, o cümlədən elmi fəaliyyət qeyri-mümkündür. Bu bir həqiqətdir ki, fundamental elm böyük məsrəflər tələb edən bir sahədir. Və bu məsrəflər heç də dərhal öz bəhrəsini  vermir, yalnız perspektivdə özünü doğruldur. Amma güclü olmaq istəyən hər bir dövlət, gələcəyini düşünən hər bir millət bu məsrəflərə getməlidir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinə qorunmasına  ciddi əngəl törədir. Bu gün mövcud maliyyə təminatı gənclərin elmdə qalmasına stimul yaratmır. Nəsillər arasında əlaqə qırılır, bu isə elm üçün böyük təhlükədir. 
Məsələnin ciddiliyi onunla izah olunur ki, bu təkcə elmi və intellektual problem deyil, həm də mənəvi-əxlaqi bir məsələdir. Belə ki, bu, gənclərin elmə, biliyə həvəs ruhunda tərbiyəsinə mənfi təsir göstərir və indi haqqında çox danışılan mənəvi dəyərlərin itirilməsinə gətirib çıxarır. Halbuki elmə qiymət, alimə hörmət tarixən milli ənənə və mentalitetimizin ayrılmaz xüsusiyyəti olmuşdur. Odur ki, bu vəziyyətin aradan qaldırılması birbaşa milli dəyərlərin qorunmasına, gənclərin mənəvi tərbiyəsinə dəxli olan məsələlərdir.
 

Osmanlı dövlətinin banisi Osman qazinin oğlu Orhan qaziyə vəsiyyəti mənbələrdə zəmanəmizə qədər gəlib çatıb. O oğluna elm və sənət adamlarına hərtərəfli qayğı və diqqət göstərməyi tapşırır və fikrini belə əsaslandırır: “Çünki onlar (yəni elm və sənət adamları) dövlətin bədəninin gücüdür!”.  Bəzən elmə qoyulan vəsaitlərin gəlir gətirməməsindən danışılır. Düşünürəm ki, elmə biznesmen təfəkkürü ilə yanaşmaq qətiyyən yolverilməzdir. Əvvəla, elə elm sahələri var ki, onların gətirdiyi mənfəət heç bir maliyyə vahidi ilə ölçülmür.

Məsələn, humanitar və ictimai elmlər. Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, yaxud “Azərbaycan Atabəylər dövləti” əsərlərini hansı pul ekvivalenti ilə ölçmək olar? Bu əsərlər qiymətsizdir! Eləcə də Milli Elmlər Akademiyasında yazılmış və nəşr olunmuş yüzlərlə digər fundamental əsərlər. Məhz belə əsərlər bütün tətbiqi araşdırmaların, təhlillərin, dərsliklərin, tədris vəsaitlərinin, ensiklopedik əsərlərin bünövrəsini təşkil edir. Bünövrənin itirilməsinin nə demək olduğu isə hər kəsə aydındır. Yadıma 2007-ci ildə Ankarada keçirilən Şərqşünasların 38-ci Dünya Konqresi düşür. Belə konqreslər XIX əsrin ortalarından etibarən dörd ildən bir dünyanın müxtəlif ölkələrində keçirilir və dünya şərqşünaslarının ən ali məclisi hesab olunur.

Ankaradakı konqres də çox yüksək səviyyədə keçdi. Konqresin birinci günü iştirakçılar qarşısında Türkiyənin o vaxtkı Prezidenti Abdullah Gül çıxış etdi, ikinci gün isə baş nazir Rəcəb Tayyib Ərdoğan. O zaman onların alim zəhmətinə verdiyi yüksək qiymət, alimlərə göstərdikləri böyük ehtiram  məni valeh etdi. Ərdoğanın alimlərə müraciət edərək dediyi sözləri isə həmişəlik yaddaşımda həkk olundu: “Sizlər ömrünüzü elə işə sərf etmisiniz ki, bu iş bilavasitə sizin özünüzə böyük gəlir gətirmir. Amma sizin gördüyünüz iş bütövlükdə insanlığa, bəşəriyyətə, sülhə, barışa böyük mənfəət gətirir”. 
 
– Büdcə müzakirələrində televiziya kanallarının fəaliyyəti, xüsusilə, milli teleseriallarla da bağlı tənqidi fikirlər yer aldı. Siz də həmin tənqidlərlə razısınızmı, yoxsa?.. 
 
– Söz yox ki, milli televiziya efir məkanı bu gün təkmilləşmə prosesini yaşayır, axtarışlar və eksperimentlər mərhələsindədir. Amma razılaşaq ki, bu mərhələ bir qədər uzanıb və bu gün efir məkanımızda orta səviyyəli tamaşaçının zövqünü oxşayan verilişlər azdır. Hələ onu demirəm ki, bəzən çox xoşagəlməz məqamların şahidi oluruq. Məsələn, bu yaxınlarda ailə münasibətləri haqda bir veriliş gedirdi. Mən bilərəkdən kanalın adını çəkmirəm. İştirakçılardan biri – cavan müğənni uzun-uzadı müzakirədən sonra belə nəticəyə gəldi ki, “arvadı hərdən vurmaq lazımdır”. Bu sözlər sivil, dünyəvi bir dövlətin efir məkanında səslənir! Kim zəmanət verə bilər ki, sağlam məntiqə sığmayan bu sözlər həmin verilişə baxan gənclərə təsirsiz ötüşəcək? Xüsusən nəzərə alsaq ki, ailə-məişət zorakılığı bu gün ölkəmiz üçün hələ də aktualdır. Nə qədər qadınlar bu zorakılığın qurbanı olur.

Düşünürəm ki televiziyaların ilk vəzifəsi həyatımızda yer alan eybəcərliklərlə, mənfi hallarla mübarizədir, geniş maarifləndirmə işinin aparılmasıdır. Teleefirin təsir gücünü nəzərə alsaq, düşünürəm ki televiziyalar işi düzgün qursa, bu sahədə tezliklə böyük uğurlara imza atıla bilər. Müəyyən maarifləndirici roliklərin-narkomaniyaya qarşı, qız uşaqlarının ana bətnində tələf edilməsinə qarşı, ailə-məişət zorakılığına qarşı və sair mütəmadi nümayişi qısa zamanda bu problemlərin həllində müsbət effekt verə bilər. Dünyəvi həyat tərzinin üstünlükləri, qadınlara, ahıllara hörmət və ehtiram, uşaqlara qayğı və sevgi, dini radikallığa, cəhalətə, mövhumata qarşı mübarizə-bunlar hamısı televiziyaların bilavasitə üzərinə düşən vəzifələrdir.

İnanmaq istərdim ki, televiziya kanallarımız bu istiqamətdə yaxın gələcəkdə dönüş yaradacaqlar. 
 
Digər müzakirə mövzusu isə təbii ki,  milli teleseriallardır. Onların tamaşaçı zövqünü oxşamaması, ideya-mövzu və bədii-estetik cəhətdən zəif olması cəmiyyətimizdə sübuta ehtiyacı olmayan aksiom kimi qəbul olunur. Halbuki bu gün ölkəmizdə seriallara, xüsusən xalqımızın şanlı tarixini işıqlandıran seriallara böyük ehtiyac var. Onlardan biri hazırda  şəxsiyyəti və fəaliyyəti geniş müzakirə olunan, bəzən isə qonşu ölkələrdə insafsızcasına təhrif olunan, xalqımızın böyük oğlu Şah İsmayıla həsr olunmalıdır. 
 
Kamil HƏMZƏOĞLU

 





29.11.2014    çap et  çap et