525.Az

Milli Məclisin xərclər smetası 450 min manat artırıldı


 

Milli Məclisin xərclər smetası 450 min manat artırıldı <b style="color:red"></b> Maliyyə naziri Samir Şərifov parlamentin noyabrın 28-də kecirilən iclasında millət vəkillərinin büdcə zərfi ilə bağlı təkliflərinə hökumətin münasibətini açıqlayıb.

Nazir qeyd edib ki, üç günlük müzakirələrdə səsləndirilən təkliflərə hökumətdə baxılıb və büdcədə bəzi dəyişikliklər edilib:
 
“Millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alınıb və bu xərcləri 8 milyon manat artırılması məqbul hesab edilib. Artım baş verdikdə bu 150,5 milyon manat təşkil edəcək”. Nazir siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin nəzərə alındığını bildirib.
 
Onun sözlərinə əsasən, 2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb:

“Bu məqsədlə qanunun 17.1 maddəsinə düzəliş edilməlidir. Bunun tam məbləğdə partiyalar arasında bölüşdürülməsi nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq.

Bununla yanaşı, QHT-lərə ayrılan vəsait ötən illə müqayisədə 50 faiz artıb. Millət vəkillərinin fikirlərini əsas götürərək əlavə 600 min manat artırılması təklifini hökumət qəbul edir”. Nazir həmçinin bildirib ki, Milli Məclisin (MM) xərclər smetasına da dəyişikliklər edilib. S. Şərifov deyib ki, hökumət MM-in xərclərini nəzərə alaraq əlavə 450 min manat vəsaitin artırılmasını məqsədəuyğun hesab edir:

“Bununla da Milli Məclisin xərclər smetası 23 milyon 807 milyon manata çatdırılacaq”. Qısa müzakirələrdən sonra büdcə zərfinə daxil olan sənədlərin səsverməsi keçirilib və səsvermədən sonra onların hamısı qəbul edilib.
 
Kamil HƏMZƏOĞLU
 





29.11.2014    çap et  çap et