525.Az

“Ermənistanla münasibətlərdə diqqətli və ciddi olmaq Türkiyənin tale məsələsidir”


 

MİLLİ MƏCLİSİN DEPUTATI TAHİR RZAYEV: “ERMƏNİSTANIN ARXALANDIĞI RUSİYA İNDİ UKRAYNA HADİSƏLƏRİ ZƏMİNİNDƏ CİDDİ PROBLEMLƏR YAŞAYIR”

“Ermənistanla münasibətlərdə diqqətli və ciddi olmaq Türkiyənin tale məsələsidir”<b style="color:red"></b>

– Tahir müəllim, son günlər yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gətirilməyə çalışılır. Hətta, bu yöndə qardaş və dost Türkiyədə bəzi məkrli qüvvələr tərəfindən konfrans belə keçirilib. Siz bu haqda nə deyərdiniz?

– Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi hər dəfə gündəmə gələndə fərqli baxışlarla qarşılanır və beynəlxalq aləmdə sadəcə, qardaş ölkənin özündə ciddi narazılıqlara səbəb olur. Azərbaycan da bu baxımdan istisna deyil və bu, təbiidir. Çünki Ermənistan tarixən türkləri, Türkiyəni özlərinə birinci düşmən hesab edib və bu “ənənə” yenə də davam etməkdədir. Onlar uydurma, saxta “erməni soyqırımı” iddialarını, yalanlarını ortaya atmaqla uzun illərdir ki, beynəlxalq aləmdə Türkiyənin  nüfuzuna, imicinə ziyan vurmuş, ərazi iddiaları irəli sürmüş, Türkiyəyə qarşı ən alçaq hərəkətlər törətməkdən belə əl çəkməmişlər.

Ermənistanın Azərbaycana qarşı mövqeyi də bütün dünyaya bəllidir. 20 faiz torpaqlarımız işğal olunub və bir milyondan artıq vətəndaşımız 20 ildən çoxdur ki, öz ata-baba torpaqlarından qaçqın və köçkün vəziyyətinə düşüblər, on minlərlə insanımız şəhid, əlil olub, yüzlərlə insanımız əsir, girov götürülüb və sair.

Azərbaycana qarşı Ermənistanın təcavüzü bu gün də davam edir və hər gün atəşkəsin pozulması nəticəsində itkilərə məruz qalırıq. Ermənistan Azərbaycana və Türkiyəyə düşmən münasibətini gizlətmir və təcavüzkar dövlətin siyasətində düşmənçilik meylləri hər an hiss olunur. Türkiyə öz sərhədlərini Ermənistanın üzünə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar bağlayıb. Və Azərbaycan torpaqları işğaldan azad olunmayacağı, Ermənistan öz düşmənçilik mövqeyindən çəkməyəcəyi halda, sərhədlərin açılmasının məqbul hesab etmir.

Bunu Türkiyə dövlətinin rəhbərləri, siyasi dairələrin üzvləri dəfələrlə bəyan edib və sözlərində qətiyyətlik göstərirlər. Azərbaycan xalqı da qardaş Türkiyənin bu addımını, bu qətiyyətini daim yüksək qiymətləndirir.

Bəs indiki mürəkkəb şəraitdə sərhədlərin açılması məsələsinin yenidən gündəmə gəlməsini, bu məsələnin ortaya atılmasını, istər erməni siyasətçiləri, istər erməni lobbisi, istərsə  müəyyən beynəlxalq dairələr və eləcə də Türkiyənin daxilində olan müəyyən qüvvələr tərəfindən ona dəstək verilməsini necə qiymətləndirmək olar? Bu, ilk növbədə dünyada baş verən hadisələr və bu zəmində Ermənistanın düşdüyü çətin vəziyyətlə əlaqədardır. Bu gün Ermənistan demək olar ki, beynəlxalq aləmdə tamamilə öz nüfuzunu itirmiş, müstəqil olmayan bir respublika kimi səciyyələndirilir...

– Belə demək mümkünsə, artıq təzavüzkar və işğalçı Ermənistanın söykəndiyi dayaqlar da möhkəm deyil, bu dayaqlarda ciddi çatlar görünməkdədir.

– Doğrudur. Dünya ölkələri, xüsusilə Avropa İttifaqı, Qərb Ermənistanı öz təsir dairəsinə salmaq üçün ona həvəsləndirici köməklik göstərir, müəyyən layihələrin gerçəkləşdirilməsi üçün vəsaitlər ayırırlar ki, bu da təyinatlı deyil. Erməni lobbisi də artıq Ermənistana əvvəlki maddi və mənəvi dəstəyi göstərə bilmir.

Ermənistanın ən çox arxalandığı və söykəndiyi, dəstək aldığı Rusiya indi Ukrayna hadisələri zəminində ciddi problemlər qarşısındadır və düşdüyü çətin vəziyyətdən çıxmaq üçün yollar axtarır. O, ermənilərə “hərtərəfli” kömək etməyə qadir deyil. Son dövrlər İranın da Ermənistana münasibətlərində bir soyuqluq hiss olunur və əvvəlki əlaqələr xeyli səngiyib. Gürcüstanla da Ermənistan arasında müəyyən problemlər yaşanmaqdadır.

Göründüyü kimi, təcavüzkar Ermənistan dövləti indi beynəlxalq dəstəkdən, öz havadarlarının köməyindən, eləcə də qonşu olduğu dövlətlərin sağlam münasibətlərindən, demək olar ki, məhrumdur. Belə olan halda Türkiyə tərəfindən sərhədlərin açılması Ermənistana hava-su kimi lazımdır. Bu, işğalçı dövlətə daxildə baş verən narazılıqları, pozulmuş ictimai-siyasi sabitliyi, dağılmış iqtisadiyyatı, işsizliyi və yoxsulluğu bir növ bərpa etməyə imkan yaratmış olar. Sərhədlərin açılması daha çox Ermənistan üçün faydalıdır və ilk növbədə ölkə rəhbərlərini çətin vəziyyətdən çıxarmaq, xalqın qəzəbindən xilas etmək üçün bir vasitədir, imkandır. Ancaq, bu, Türkiyənin, eləcə də Azərbaycanın ziyanınadır. Çünki Ermənistanın dirçəlməsi, ayağa qalxması yeni təcavüzlərə, məkrli iddialara, yalanlara imkan yaradılması, şüurlu qaydada terrorçulara, təcavüzkarlara kömək göstərilməsidir.

Sərhədlərin açılmasını ciddi-cəhdlə gündəmə gətirənlər mənə görə Türkiyənin və Azərbaycanı istəməyən qüvvələrdir, Türk xalqını sarsıtmağa, aşağılamağa çalışan insanlardır. Uydurma, “erməni soyqırımı”nın 100 illiyinə ciddi-cəhdlə hazırlaşan və Türkiyəni, Türk xalqını əbədi düşməni hesab edən Ermənistanla münasibətlərdə diqqətli və ciddi olmaq Türkiyənin tale məsələsidir. Azərbaycan da bu qəbildəndir. Uydurma soyqırım iddialarından, düşmənçilik meyllərindən əl çəkməyincə, işğal altında olan torpaqlarımız azad edilməyincə, ərazi bütövlüyümüz təmin olunmayınca, Ermənistanla sağlam münasibət yaratmaq, sərhədləri açmaq, düşməni yenidən ölkə içərilərinə buraxmaq yolverilməzdir. Və düşmənə arxa çevirmək Türkiyə və Azərbaycan xalqlarına baş- ucalığı gətirə bilməz.

Kamil Həmzəoğlu

 





29.11.2014    çap et  çap et