525.Az

Moskvanın ikibaşlı oyunu


 

GÜRCÜSTANIN SEPARATÇI BÖLGƏSİNİ İLHAQ EDƏN RUSİYA QARABAĞ MÜNAQİŞƏSİNDƏ BİTƏRƏF VASİTƏÇİ OLA BİLƏRMİ?

Moskvanın ikibaşlı oyunu<b style="color:red"></b> Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla müharibədən sonra faktiki ilhaq etdiyi Abxaziyanı rəsmən özünə birləşdirmək üçün addımlara başlayıb. Noyabrın 24-də Soçidə Rusiya və Abxaziya arasında müttəfiqlik və strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Prezident Vladimir Putin və Abxaziya lideri Raul Xacimbanın imzaladığı sənədin həm hərbi-siyasi, həm də iqtisadi hədəfləri var. Müqaviləyə görə, Abxaziya de-fakto artıq Rusiyanın bir bölgəsi kimi idarə olunacaq.

Separatçı bölgənin hərbi dəstələri vahid təhlükəsizlik sistemi adı altında Rusiya Silahlı Qüvvələrinə birləşdiriləcək, Rusiya-Abxaziya sərhədi şəffaf olacaq. Moskva bölgəyə maliyyə yardımını iki dəfə artıracaq, 2015-ci ildə bu rəqəm 5 milyard rubl (hazırkı kursla 100 milyon dollar) təşkil edəcək. Müqavilə 10 il müddətinə bağlanıb, daha sonra uzadıla bilər. Bu ilin martında Krımı Ukraynadan qopararaq bunu dünyanın dörddə üçünün tanımadığı bir referendumla “rəsmiləşdirən” və hələlik Qərbin iqtisadi sanksiyalarını görməzdən gələn Moskvanın postsovet məkanındakı digər təsir rıçaqlarını da aktivləşdirəcəyi gözlənilən idi.

Bu sırada ən zəif halqa isə Gürcüstanın Rusiyaya meylli separatçı bölgələridir. Gürcüstanın keçmiş muxtar qurumları – Cənubi Osetiya və Abxaziya 20 ildən çoxdur ki, bu ölkənin nəzarətindən çıxıb. Bu illərdə Rusiya hər iki münaqişə bölgəsindəki sülhyaratma (hərbi) kontingenti ilə vəziyyəti istədiyi kimi idarə edib, 2008-ci ildə isə onların müstəqilliyini tanıyıb.  Krım kampaniyasından sonra geosiyasi iştahası xeyli qabaran Kremlin növbəti hədəfi kimi Abxaziyanı seçməsi də təsadüfi deyil. Bu bölgə həm ərazisinə (8,6 min kv km), həm də coğrafi-strateji məkanına (Qara dəniz boyunca 210 km sahil zolağı) görə Rusiya üçün xüsusi önəm kəsb edir. Krımın ardınca Abxaziya sularına da tam nəzarət etməklə Rusiya Qara dəniz regionunda hərbi gücünü artırmış olacaq.

Digər tərəfdən, Moskvanın bu addımı onun Cənubi Qafqaz siyasətinə və bütövlükdə regiondakı vəziyyətə yeni konturlar gətirir. Şimal qonşumuzun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyi və 2015-ci ilin yanvarından Ermənistanla bir ittifaqda (Avrasiya İqtisadi Birliyi) yer alacağı diqqətə alınırsa, bu gedişat bizim üçün heç də sıradan bir məsələ deyil. Daha mühümü olan isə odur ki, Soçidəki imza mərasimində Ermənistan da gündəmə gəlib. Putin Gürcüstan üzərindən Ermənistana tranzit yolu açmaq istədiyini dilə gətirib. Bu məqamlar üzərində bir qədər ətrafı dayanmaq gərəkdir. Öncə Abxaziya barədə.

Xatırladaq ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanın separatçı bölgələrinin müstəqilliyini tanıyandan sonra bütün cəhdlərinə rəğmən yalnız iki ölkəni –   Nikaraqua və Venesuelanı analoji addım atmağa sövq edə bilib. Bu gün Abxaziyanın iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.

Moskvadan “təmənnasız yardım”ı separatçı respublikanın büdcəsinin üçdə ikisini təşkil edir. Putin bildirib ki, Abxaziyanın təhlükəsizliyi və əhalinin rifahının təmin edilməsi üçün ikitərəfli normativ-hüquqi baza daha da genişləndirilməlidir. Separatçı bölgədə bu ilin yayında hakimiyyət dəyişikliyi də Moskvanın istəyi ilə həyata keçirilmişdi. Abxaziyanın öncəki rəhbəri Aleksandr Ankvab müstəqillik və Rusiya ilə münasibətlərdə nala-mıxa vurduğu üçün 2014-cü ilin mayında “xalq etirazı” ilə hakimiyyətdən kənarlaşdırıldı. Avqustda Xacimba yen “prezident” seçiləndən dərhal sonra isə sözügedən müqavilə hazırlanmağa başlandı. 

Müqaviləyə görə, Abxaziyaya qarşı hərbi təcavüz olarsa, Rusiya müttəfiq kimi onun tərəfində vuruşacaq.

Tərəflər vahid hərbi kontingent yaradacaq, komandan rus general, müavini abxaz olacaq. Rusiya Abxaziya ərazisində hərbi baza yerləşdirə (artıq müqavilə əsasında) biləcək. Xatırladaq ki, bölgədə Rusiyanın sovet dövründən qalma hərbi hava bazası (Qudauta) vardı və o, ATƏT-in 1999-cu il İstanbul sammitinin qərarlarına əsasən, 2002-ci ildə ləğv olunmuşdu.
 
Bundan sonra Abxaziyada Rusiyanın sülhməramlı kontingent adı altında 700 hərbçisi qalmışdı. 2008-ci ilin avqust ilhaqından sonra isə Rusiya Abxaziyada 3800 nəfərlik (eynilə bu qədər də Cənubi Osetiyada) hərbi kontingent yerləşdirib. Soçi müqaviləsindən sonra bu sayın daha da artacağı şəksizdir.  Bunun müqabilində Gürcüstanın separatçı bölgəsini öz nəzarətinə qaytarmaq üçün nə edəcəyi sual doğurur. Altı il əvvəlki beşgünlük (8-12 avqust) müharibədən sonra Gürcüstanın yenidən hərbi yola əl atacağı inandırıcı deyil.

Moskvaya kənar təzyiqlərə gəlincə isə, ötən dövrdə bunun da “effektivliyi” göz qabağında olub. 2008-ci il avqustunda rus qoşunları Cənubi Osetiya və Abxaziyanı tam nəzarətə götürüb, Poti, Kutaisi, Senaki və digər şəhərləri də bombardman edəndə Qərb ölkələri Rusiyaya hədəni hədə dalınca yağdırırdılar.
 
ABŞ prezidenti Buş Qara dənizə hərbi gəmi göndərmişdi. NATO baş katibi Gürcüstanın suverenliyinin müdafiəsinə qalxacağını bəyan edirdi. Amma bu bəyanatlar sözdən o yana getmədi və artıq unudulub. Elə Corc Buş da gürcülərin yadında yalnız Tbilisidə yeyib-içəndən sonra burcuda-burcuda rəqs etməsi ilə qalıb. Moskva isə öz addımlarını necə planlamışdısa, elə də həyata keçirdi. Rus qoşunları, təbii ki, bütün Gürcüstanı işğal edəcək deyildi, Cənubi Osetiya və Abxaziyadan kənar ərazilər də taktiki manevr olaraq nəzarətə götürülmüşdü. Necə ki, Ermənistan elə həmin Rusiyanın köməyi ilə 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında yeddi rayonunu işğal etmişdi. İşğal çevrəsinin genişləndirilməsi sonra masa arxasında danışıqlarda işə yarayır. Buna görə də ermənilər 20 ildir ki, danışıqlar prosesində öz torpaqlarımızla bizimlə alver etmək istəyirlər. Öncə üç rayonmu qaytarılsın, beş rayonmu azad edilsin.

Başlıca məqsəd Dağlıq Qarabağı əldə saxlamaqdır.  Ermənilər bu cür oynamağı Rusiyadan öyrəniblər. Vaxtilə həmin taktikanı Azərbaycanda erməni işğalı ilə sınaqdan keçirən Rusiya 2008-ci ildə onu Gürcüstanda tətbiq etdi, bu günlərdə isə Ukraynada həyata keçirir. İndi Ukrayna da, onu müdafiə edən Qərb də daha çox Donetsk və Luqansk vilayətlərinin qeydinə qalıb, Krım artıq arxa plana keçib.  2008-ci ildə də ruslar Gürcüstanın içərilərinə doğru irəliləyən tanklarını Cənubi Osetiya və Abxaziyaya qədər geri çəkdilər, vəziyyət sakitləşdi, Qərbdən də daha səs-səmir çıxmadı. Nəticə ortadadır. 2008-də Gürcüstan kampaniyasında “gözün üstə qaşın var” deyilməyən Rusiya 2014-də Krımı özünə birləşdirdi. Düzdür, Qərb Gürcüstanla müqayisədə Ukraynaya daha sıx qahmar çıxır, Rusiyaya qarşı iqtisadi sanksiyaların daha da gücləndiriləcəyi bildirilir, dünya bazarında neft qiymətinin ucuzlaşdırılmasının da başlıca hədəfi Rusiyadır.

Amma hələ Rusiyanın ucsuz-bucaqsız Sibirdəki neft yataqları bu sanksiyalar qarşısında duruş gətirir.

Avropa ölkələri də qış qapını kəsdiyi bir vaxtda Rusiyanın qaz vintini bağlayacağından ehtiyat edərək orta yol tapmağa meylli görünürlər. Orta yol isə böyük maraqların uzlaşdırılmasıdır. Bu baxımdan Soçidə imzalanan Rusiya-Abxaziya müqaviləsinə Qərbdən gələn reaksiyaların da sözdən o yana getməyəcəyi yəqindir.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını ləğv etməyə və Gürcüstandan qoşunlarını çıxarmağa çağırıb. Necə deyərlər, sən dedin, Rusiya da həmən əməl edəcək. İndiyədək bu cür çağırışları biz Qarabağ məsələsində (Ermənistana yönəlik) nə qədər eşitmişiksə, gürcü qonşularımız da yəqin o qədər eşidiblər. Əslində, ortada bənzər bir mənzərə var.

Rusiyanın Gürcüstana, Ukraynaya qarşı ilhaq hərəkətlərinə nə qədər göz yumulacaqsa, onun regiondakı forpostu da eləcə aqressiv davranacaq. Nə zaman Rusiyaya bir yerdə dur deyiləcək, Ermənistanda özünü yığışdıracaq. Hələlik isə görünən odur ki, Rusiya Gürcüstana təzyiq rıçaqlarını artırmaqla yanaşı, bu ölkə üzərindən Ermənistana tranzit yolu da açmaq istəyir.

Təsadüfi deyil ki, prezident Putin bu məsələni məhz Soçidə abxaz lideri ilə görüşdə dilə gətirib:

  “Rusiya və Abxaziya ümumi razılıq əsasında Suxumi-Tbilisi-Yerevan dəmir yolu nəqliyyatını təşkil edə bilər. Hesab edirəm ki, digər tərəfdaşlarla bu barədə düşünüb tranzit nəqliyyat əlaqəsi yarada bilərik. Bu, 2015-ci ilin yanvarında fəaliyyətə başlayacaq Avrasiya İqtisadi Birliyi üçün çox vacibdir”. 

Putin bununla etiraf edib ki, Abxaziya ilə müttəfiqlik sazişi həm də Rusiyanın başqa bir müttəfiqi – Ermənistan üçün lazımdır. Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri yalnız Gürcüstan üzərindən mümkündür. Rusiya-Gürcüstan-Ermənistan (Soçi-Suxumi-Tbilisi-Yerevan) dəmir yolu xətti isə 1993-cü ildə Abxaziya müharibəsindən sonra bağlanıb. Ötən müddətdə həm Rusiya, həm də Ermənistan Abxaziya ərazisindən dəmir yolunun açılması üçün cəhdlər edib, amma Gürcüstan buna razılıq verməyib.

Hazırda Ermənistan-Rusiya tranzit nəqliyyat əlaqəsi əsasən Cənubi Osetiyadan keçən avtomobil yolu vasitəsilə mümkündür. Amma dəmir yolunun ticarətdə müstəsna yeri var. Çünki iki ölkə arasında rentabelli nəqliyyat əlaqəsi qurulmadan Ermənistanın 2015-ci ilin yanvarında fəaliyyətə başlayacaq Avrasiya İqtisadi Birliyində təmsilçiliyi və vahid gömrük məkanına qoşulması xeyli dərəcədə formal olacaq.  Bu baxımdan Gürcüstanın hansı mövqe tutacağı maraq doğurur. Rusiya əleyhdarı Saakaşvilidən fərqli olaraq indiki gürcü rəhbərliyi Moskva ilə anlaşma əldə etmək istəyir. Bunu eks-prezident bu günlərdə verdiyi bəyanatda da dilə gətirib.

Saakaşvili bildirib ki, Gürcüstan hakimiyyəti Abxaziya yolunun açılması üçün Rusiya ilə gizli danışıqlar aparır.

Hərçənd Rusiyanın Abxaziyanın ilhaqını bir addım da möhkəmlətməsindən sonra tərəflərin bu məsələdə dil tapması çox müşküldür. Tbilisinin Soçi-Suxumi qatarına yaşıl işıq yandırmaqda yalnız bir dividenti ola bilər, o da tranzit yolun işləməsindən əldə edəcəyi nisbi gəlirdir. Amma Gürcüstan onu da nəzərə almamış deyil ki, Ermənistana dəmir yolu qapısını açmaqla Azərbaycanla çox sayda və daha böyük qapıları üzərinə bağlamış olar.  Necə ki, şimal qonşumuz da Abxaziya üzərində həyata keçirdiyi, hətta günün birində Moldovanın rusdilli Dnestryanı separatçı bölgəsi üçün də tətbiq edəcəyi ilhaq-tanıma “əməliyyatı”nı Dağlıq Qarabağa münasibətdə həyata keçirməz. Çünki Azərbaycan bütün mövcud parametrləri ilə Rusiya üçün çox şey deməkdir və Moskva bu preferensiyaları erməni separatçılığına qurban vermək istəməz.

Rusiya XİN rəhbəri Sergey Lavrov hələ 2008-ci ildə Cənubi Osetiya və Abxaziya ətrafında yaranmış vəziyyətlə Dağlıq Qarabağ münaqişəsini müqayisə edərkən burada fərqli situasiyaların olduğunu bildirmişdi:
 
“Dağlıq Qarabağ münaqişəsi Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək. Çünki Azərbaycanın Saakaşvili kimi avantürist, öz ölkəsinin taleyi ilə oynayan lideri yoxdur”.  Həqiqətən də, ötən müddətdə Rusiya tərəfi Dağlıq Qarabağa dair bəyanlarında daha ölçülü, ehtiyatlı və tarazlı mövqe nümayiş etdirməyə çalışıb. Amma bu geosiyasi balans hələ ki tərəzinin Azərbaycan hissəsinin strateji önəmi hesabına davam etməkdədir. Və görünən də odur ki, Azərbaycan tərəzinin öz hissəsini hər nə qədər ağırlaşdırsa, Rusiyaya yönəlik hər nə qədər jestlər edib, addımlar atsa da, Moskva tərəzinin erməni tərəfindən əlini götürməyəcək. Rusiyanın Abxaziya ilə bağlı atdığı son addımlar da, nəticə etibarilə bu ölkənin Qarabağ məsələsində vasitəçiliyi üçün bir lakmus  göstəricisidir. Moskvanın Gürcüstandakı separatçılara arxa durması, təbii ki, Qarabağdakı erməni separatçılığına da boy verir. 

Şimal qonşumuz hər nə qədər bu münaqişələrin bir-birindən fərqləndiyini desə də, Azərbaycan-Ermənistan münaqişəsində tərəfsiz olduğunu iddia etsə də, hərəkətləri bunun əksini sübut edir. Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında bitərəf vasitəçi rolu oynayan Rusiyanın regiondakı digər münaqişədə açıq tərəf olması ikibaşlı siyasətdən başqa bir şey deyil. Zatən Rusiya hər zaman ikibaşlı oynayıb. Gerbindəki qartal da əbəs yerə ikibaşlı təsvir edilməyib.
 





29.11.2014    çap et  çap et