525.Az

Döyüş səngərlərindən elmi kəşflərə...


 

MƏHƏRRƏM MƏMMƏDYAROV: “HEÇ BİR TƏRƏDDÜD ETMƏDƏN YUSİF MƏMMƏDƏLİYEVİN TƏKLİFİNİ QƏBUL ETDİM”

Döyüş səngərlərindən elmi kəşflərə... <b style="color:red"></b> Bu yaxınlarda Prezident İlham Əliyev Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Məhərrəm Məmmədyarovun Azərbaycanda kimya elminin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan elminin qocaman ziyalılarından olan Məhərrəm Məmmədyarov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1969-cu ildən bu günə qədər laboratoriya müdiri kimi fəaliyyət göstərir. Üzvi kimya, neft-kimya sintezi, biotexnologiya sahələrində elmi fəaliyyəti ilə tanınan Məhərrəm Məmmədyarov oktyabrın 17-si 90 yaşını qeyd edib. Fürsətdən istifadə edib, Məhərrəm müəllimi həm bu yubiley münasibəti ilə təbrik etdik, həm də onun həyat və elmi fəaliyyəti barədə maraqlı söhbət apardıq. 

Artıq ikinci dünya müharibəsindən yarım əsrdən çox vaxt ötüb. Aradan keçən bu illər ərzində Azərbaycan öz müstəqilliyini bərpa etməyə, dünya dövlətləri sırasında özünə layiqli yer tutmağa nail olub. Bundan ötə heç nə ola bilməz. Müharibə illəri Məhərrəm Məmmədyarovun gənclik vaxtlarına düşüb. Yeni nəsil bu hadisələri yalnız əskimiş şəkillər, lent yazılarından görə bilir.

Ancaq o həmin günləri öz gözüylə görüb və yaşayıb... Çətin və keşməkeşli dönəmlər idi.

Azərbaycan müstəqil dövlət olmasa da, Məhərrəm Məmmədyarov kimi Böyük Vətən Müharibəsində iştirak edən yüzlərlə azərbaycanlı nəyə görə, kimə görə vuruşduğunu yaxşı dərk edirdi. O, dövrün əksər gəncləri üçün müharibədə iştirak etmək məcburiyyət deyil, öz doğma torpaqlarını, ailəsini və yaxınlarını düşmən təhlükəsindən qorumaq idi. Əsas da elə budur. Çünki hər ailə bir dövlətdir, deyirlər. Azərbaycan o illərdə Sovet İttifaqının tərkibində olsa da, bu torpaqlar həmişə bizim doğma vətənimiz, əzəli yurdumuz olub. Bunun üçün döyüşməyə, mübarizə aparmağa dəyərdi.  Azərbaycan elminə xidmət etməkdən usanmayan şəxsiyyət olan Məhərrəm Məmmədyarov bir ailə başçısı kimi də yaşadığı mənalı ömür tarixçəsi ilə öyünə bilər.
 
– Əslən Naxçıvan xanlarının nəslindənəm. Ana tərəfdən babam Abbasqulu xan Kəlbəlixanov keçmiş Ordubad mahalının Yaycı kəndinin canişini olub.
 
Həyat yoldaşım İzida Məmmədyarova texnika elmləri namizədidir, AMEA-nın Kimya Problemləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, metalların korroziyası sahəsində mütəxəssisdir. Böyük oğlum Ayaz ailəsi ilə Moskvada yaşayır, tibb elmləri doktorudur, Rusiya Tibb Akademiyasının Pediatriya İnstitutunda şöbə müdiridir. Kiçik oğlum Elmar isə Kiyev Universitetinin beynəlxalq əlaqələr fakültəsini, SSRİ Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının aspiranturasını bitirib, tarix elmləri namizədi, Azərbaycanın xarici işlər naziridir. Üç nəvəm var: Zaurbəy, Emin və Riad. 

– Məhərrəm müəllim, sizi Azərbaycan elminin görkəmli ziyalılarından biri kimi tanısaq da, sirr deyil ki, Böyük Vətən Müharibəsində Sovet ordusu sıralarında faşistlərlə mübarizə aparan azərbaycanlı müharibə veteranlarındansınız. O günlər sizin yaddaşınızda necə qalıb?

– 1943-cü ildə Kursk döyüşündə iştirak etmişəm. Döyüşlərdə vuruşarkən bir neçə dəfə xəsarət alaraq səyyar xəstəxanalarda müalicə olunub, yenidən ordu sıralarına qayıdırdım. Çünki aldığım yaralar o qədər də ağır deyildi, döyüşmək, mübarizə aparmaq əzmi isə ondan daha güclü idi. Axırda isə özümü gözə gətirdim. Sonrakı döyüşlərin birində ağır yaralanıb xəstəxanada 6 ay müalicə olundum. Bundan sonra ikinci qrup əlil kimi ordu sıralarından təxris olunub vətənə qayıtdım. Vətən qarşısında öz müqəddəs borcumu şərəflə yerinə yetirdiyimə görə birinci dərəcəli Böyük Vətən müharibəsi ordeni və 11 medalla mükafatlandırıldım. 

– Məhərrəm müəllim, yəqin ki, müharibədən qayıtdıqdan sonra, elmi fəaliyyətlə məşğul olmağa başladınız. Faşistlərlə qanlı müharibə illərindən sonra elmi həyata bağlanmaq sizə çətin olmadı ki?
 
– Vətənə qayıtdıqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olundum. Elmi-tədqiqat işlərinə həvəsim və kimya elminə olan marağım məni Leninqrad (indiki Sankt-Peterburq) Kimya-Texnologiya İnstitutunun aspiranturasına gətirdi. 1953-cü ildə namizədlik dissertasiyasını müdafiə etdim. Elə həmin il Bakıya dəvət olundum, Azərbaycan Elmlər Akademiyası Kimya İnstitutunda elmi katib vəzifəsinə təyin edildim, 1955-ci ildə isə böyük elmi işçi vəzifəsinə keçirildim.

Daha sonra uzunmüddətli elmi təcrübə keçmək üçün Moskvaya SSRİ Elmlər Akademiyası N.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərildim. Burada SSRİ Elmlər Akademiyasının müxbir üzvü M.Şostakovskinin rəhbərliyi altında bir sıra tədqiqat işlərini yerinə yetirdim. 1957-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə üzvi kimya ixtisası üzrə baş elmi işçi elmi dərəcəsinə layiq görüldüm. Qeyd edim ki, keçən əsrin 50-ci illərin sonunda SSRİ hökumətinin qərarı ilə Bakıda kimya, neft kimyası, polimer materialları sənayesinin inkişafının geniş proqramı qəbul edildi və onun yerinə yetirilməsi Azərbaycan Elmlər Akademiyasına həvalə olundu. O vaxtlar Akademiyaya neft-kimya sahəsində dünya şöhrətli alimimiz Yusif Məmmədəliyev rəhbərlik edirdi.  O, vətəndən kənarda çalışan azərbaycanlı kimyaçıları Akademiyaya dəvət edirdi. Bu dəvət olunanlar içərisində mən də var idim.
 
Bir neçə nüfuzlu Moskva institutları tərəfindən müxtəlif təkliflər alsam da, heç bir tərəddüd etmədən Yusif Məmmədəliyevin təklifini qəbul etdim və 1959-cu ildə Bakıya qayıdaraq laboratoriyada baş elmi işçi vəzifəsində çalışmağa başladım. 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə etdim. 1972-ci ildə isə “Neft kimyası və neft kimya sintezi” ixtisası üzrə professor elmi adına layiq görüldüm.

Keçən əsrin 60-cı illərində texnikanın intensiv inkişafı, ilk növbədə hərbi sahədə olan tələbat, sürtkü materiallarına olan tələbləri daha da gücləndirirdi. Neft yağları bir çox hallarda bu tələblərə cavab vermirdi.

Kimyəvi sintez yolu ilə yeni sürtkü yağları növlərinin yaradılması zərurəti ortaya çıxdı.

Bununla əlaqədar olaraq dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də yüksək keyfiyyətli sintetik yağların alınması sahəsində intensiv tədqiqatlar aparılırdı. Bütün bunları nəzərə alaraq Azərbaycan Elmlər Akademiyası Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnsititunda 1969-cu ildə “Sintetik yağların kimyası və texnologiyası” laboratoriyası təşkil olundu və mən oraya rəhbər seçildim. Sovet İttifaqında və dünyanın bir sıra inkişaf etmiş ölkələrində istehsal olunan sintetik yağların mövcud vəziyyəti ilə tanışlıqdan sonra aydın oldu ki, perspektiv hərbi texnika üçün sənayedə istehsal olunan sintetik yağlar bir sıra xassələrinə görə hərbi spesifikasiyanın artan tələblərinə kifayət qədər cavab vermir. Bu səbəbdən də laboratoriyanın tematikası məhz bu cür yağların yaradılmasına yönəldildi.

Uzun illər ərzində aparılan fundamental tədqiqatlar nəticəsində sintez yolu ilə 3 növ sintetik yağların əsası işlənib hazırlandı. Yeni yağlar bir sıra istismar parametrlərinə görə xaricdə və keçmiş SSRİ-də istehsal olunan nümunəvi analoqlarından heç də geri qalmırdı. Əldə olunan yağlar keçmiş SSRİ-nin bir sıra ixtisaslaşmış mərkəzlərində, laboratoriyalarında sınaqdan müvəffəqiyyətlə keçdi. Efir yağlarının istehsalı Ufa şəhərində təcrübə-sənaye miqyasında həyata keçirildi.

– Məhərrəm müəllim, gəlin söhbətimizi Bakıdan xeyli uzaqda, ata ocağınız Naxçıvan bölgəsindəki fəaliyyətinizlə davam etdirək. Necə fikirləşirsiniz, oradakı fəaliyyətinizi digərlərindən fərqləndirmək olar?
 
– Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə mən yeni təşkil olunmuş Naxçıvan Elm Mərkəzində direktor təyin edildim, onun strukturunda fızika, riyaziyyat, kimya, biologiya, iqtisadiyyat, tarix və etnoqrafiya bölmələri yaradıldı. Bütün bölmələr ixtisaslı kadrlardan təşkil edilmişdi. Onların böyük bir qismi Bakı şəhərindən dəvət olundu. 80-ci illərdə Naxçıvan Elm Mərkəzi regional əhəmiyyətli problemlərin fundamental və praktiki aspektləri ilə bağlı olan məsələləri həll etməyə qadir olan yaradıcı bir kollektivə çevrildi. Ən mühüm nəticələr sırasına Darıdağ termal su mənbəyinin təbii qazından sənaye miqyasında istifadənin texnologiyasının işlənib hazırlanmasını əlavə etmək olar.
 
Bu işə görə mən də daxil olmaqla bir qrup müəllif 1980-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görüldü. Naxçıvan Elm Mərkəzi alimləri tərəfindən itməkdə olan meyvə və dekorativ bitki növlərinin introduksiyası və Naxçıvan Nəbatat bağının yaradılması sahəsində də müəyyən nailiyyətlər əldə olundu. Bu mərkəzin yaradılması elmi tədqiqatların daha geniş aspektdə aparılması üçün stimul rolunu oynadı. Bütün bunlar nəticədə Naxçıvan şəhərində 2002-ci ildə akademiyanın filialının yaradılmasına gətirib çıxardı.
 
– Sizin fəaliyyət göstərdiyiniz elm sahələrindən biri də biotexnologiyadır. Ümumiyyətlə, mikrobiologiya sektorunda hansı xidmətləriniz olub?
 
– Keçən əsrin 80-ci illərində dünyanın bir çox inkişaf etmiş ölkələrində mikrobioloji texnologiya kimya və neft-kimya sənayesinə intensiv şəkildə nüfuz etməyə başladı. Ümumi kimyəvi üsullarla alınması mümkün olmayan və ya çoxmərhələli yolla başa gələn bir sıra kimyəvi məhsulların alınmasının biotexnologiyası işlənib hazırlanmışdır. Neft kimyası və neftçıxarma sahələrində də bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur.

Təəssüflə qeyd olunmalıdır ki, bu cür tədqiqatlar bizim respublikamızda, demək olar ki, aparılmamışdır. Bu səbəbdən də 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə mən Mikrobiologiya sektoruna direktor təyin edildim. Təşəbbüsümlə sektorun tematikası o vaxtlar respublikada mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldildi. Neft mikrobiologiyası sahəsində rəhbərliyimlə ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilib. Alınmış nəticə mədən şəraitində sınaqdan keçirilmiş və “Azneft” tərəfindən tətbiq üçün qəbul edildi.

Bununla yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştamların içərisindən kultural məhlulların səthi gərilməsini təxminən 3 dəfə aşağı salan ştamlar müəyyən edilmişdir ki, bu da həmin məhlullardan ağır neft qalıqların yumaq üçün detergent kimi istifadə oluna bilər. Abşeronun neftlə çirklənmiş torpaqlarının biologiyasının tədqiqi torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi əsaslarını işləyib hazırlamağa imkan verdi. Neftlə çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinin gümüş və bürünc medalına layiq görüldü.

Aparılan elmi işlərin səviyyəsini və region üçün praktiki əhəmiyyətini nəzərə alaraq, Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə institut statusunun verilməsi haqda sərəncam verdi. Həmin ildə alternativ müsabiqə əsasında aparılan seçkilərdə mən institutun ilk direktoru vəzifəsinə seçildim.
 
– Yəqin ki, fəaliyyətiniz ərzində qazandığınız bilik və təcrübələri yeni nəsillərlə bölüşməyə də imkan tapmısınız. Bəs, bu sahədə çalışacaq gələcək nəsillər üçün kəşf və nailiyyətlərinizi toplu halında elmi irsə çevirə bilmisinizmi?
 

– Mən 1998-2002-ci illərdə Molekulyar biologiya və Biotexnologiya İnstitutu ilə birgə yerinə yetirilən “İNKO” Kopernikus qrantının müəlliflərindənəm. 2002-2004-cü illərdə “Göy-göl” gölü ərazisində karbon və kükürdün dövriyyəsində mikrobioloji proseslərin tədqiqi üzrə Rusiya-İsveçrə-Azərbaycan birgə qrantının və digərlərinin iştirakçısı olmuşam.

Tədqiqatlarımın nəticələri 331 elmi əsərdə öz əksini tapıb. O cümlədən, 59 ixtiranın, 3 monoqrafiyanın müəllifiyəm. 1975-1980-ci illərdə zərif üzvi kimya üzrə SSRİ Elmlər Akademiyasnın Elmi Şurasının üzvü olmuşam. 1975-1980-ci illərdə Naxçıvan MR üzrə “Bilik” cəmiyyətinin sədri, Ümumittifaq “Bilik” Cəmiyyətinin təftiş komissiyasının üzvü, Respublika “Bilik” Cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədrinin müavini, 1992-1993-cü illərdə “Neft kimyası” ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda İxtisaslaşmış Şuranın sədri vəzifələrində çalışmışam. 2004-cü ildən isə yuxarıda adı çəkilən Elmi Şuranın həmsədriyəm.                                                                                                                

Lətif ŞAMXAL
 





01.12.2014    çap et  çap et