525.Az

Naxçıvan Universitetində Qüdsi Vənəndinin “Divan”ının təqdimatı olub


 

Naxçıvan Universitetində Qüdsi Vənəndinin “Divan”ının təqdimatı olub <b style="color:red"></b> Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimovun nəşrə hazırladığı, Qüdsi Vənəndinin “Divan”ının təqdimetmə mərasimi keçirilib. 

Təqdimat mərasimini Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli açaraq kitab haqqında təəssüratlarını bildirib. Qeyd olunub ki, Qüdsi Vənəndinin yaradıcılığını 2 kitabda oxuculara təqdim etməyi nəzərdə tutan Əsgər Qədimov I cilddə onun Azərbaycan dilində əsərlərini toplayıb, şairin fars dilində olan əsərləri isə (II cild) tərtibçi tərəfindən çapa hazırlanmaqdadır. Natiq vurğulayıb ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən yeni nəşr, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun elmi redaktorluğu, həmçinin filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin, filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyevin rəyi ilə yüksək poliqrafik səviyyədə, böyük tirajla çap olunub.
 
Tədbirdə Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin Qüdsi Vənəndinin “Divan”ı haqqında ümumi məlumatı dinlənilib.

Qeyd olunub ki, Əsgər Qədimov Naxçıvan ədəbi mühitinin unudulmuş simaları haqqında bir sıra kitablar çap etdirib. Natiq, belə bir faydalı kitabı Əsgər Qədimovun klassik ədəbi-mədəni irsin öyrənilməsi sahəsində növbəti uğurlu addımı, həmçinin son dövr Azərbaycan ədəbiyyatşünaslığında klassik irsin nəşri sahəsində görülmüş mühüm işlərdən biri kimi dəyərləndirib.
 
Natiq yeni nəşr barədə ətraflı məlumat verərək vurğulayıb ki, “Divan”da  XIX əsr Azərbaycan şairi və Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin ilk rəhbəri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan iki əlyazma(avtoqraf) divanlarından və başqa mənbələrdən toplanmış yalnız Azərbaycan türkcəsində olan əsərləri verilib.

Müəllif “Divan”da dilçi tədqiqatçılar üçün dil tarixi baxımından Qüdsinin fərdi üslubunu və leksikonunu saxlamağa çalışıb. Kitabda şərhlərə də xüsusi yer ayrıldığını bildirən professor Hüseyn Həşimli, oxucuların ön söz vasitəsilə Qüdsi Vənəndinin yaşayıb yaratdığı ədəbi mühitlə tanış olduqlarını nəzərə çatdırıb.
 
Kitabda qeyd olunub ki, Qüdsi Vənəndi klassik lirika ənənələrini, həm Şərq tarixini, islam mədəniyyətini, ərəb-fars dillərini, klassik Azərbaycan ədəbiyyatını, həm də klassik Şərq poetikasının qayda-qanunlarını mükəmməl şəkildə bilən şair idi. Kitabda ön sözdən sonra Qüdsi Vənəndinin şeirləri müxtəlif bölmələr üzrə qruplaşdırılır. Bu bölmələrdə nəsihətnamələr, mənzum məktublar, səfərnamələr, qəzəllər və s, son bölmədə isə Qüdsi Vənəndinin dini məzmunlu şeirləri  yer alıb. 

Vurğulanıb ki, Qüdsi Vənəndinin “Divan” kitabında toplanmış şeirlər XIX əsr Azərbaycan məişətinin, mühitinin ictimai reallıqlarını öyrənməyə də bir mənbə kimi kömək edir.  Tədbirdə universitetin Azərbaycan dili və Ədəbiyyat ixtisasının I kurs tələbələri Gültəkin Rüstəmli, Gülnar Cəlilova, Fatma Seyidlinin ifasında Qüdsi Vənəndinin şeirləri səsləndirilib.

Təqdimetmə mərasiminin sonunda professor Əsgər Qədimov əldə etdiyi elmi faktlardan söz açıb, tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.  Təqdimat mərasimində müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
 





01.12.2014    çap et  çap et