525.Az

BSU-da “Azərbaycan Tərcümə Ensiklopediyası” üzərində iş tamamlanıb


 

BSU-da “Azərbaycan Tərcümə Ensiklopediyası” üzərində iş tamamlanıb  <b style="color:red"></b> Böyük zəhmət tələb edən və çox mühüm əhəmiyyəti olan tərcümə işini Azərbaycanda sistemli şəkildə başlayanlardan biri də Bakı Slavyan Universiteti olub.

2003-cü ildə universitetin rektoru K.M.Abdullayevin təşəbbüsü ilə bu təhsil ocağında “Tərcümə problemləri” adlı elmi-tədqiqat  laboratoriyası açılıb.  Onun rəhbərliyi altında bu laboratoriyada dünya filologiyasının və bədii ədəbiyyatın şedevrlərinin  orijinaldan tərcüməsi  başlanılıb.

“Filoloqun kitabxanası – 100” adlandırılan dünya filologiyasının tərcümə seriyasında ilk dəfə olaraq M.M.Baxtin (“Dostoyevski poetikası”), N.Xomski (“Dil və təfəkkür”), E.Koseriu (“Ümumi dilçliyə giriş”), E.Y.Qolosovker (“Mifin məntiqi”), N.A.Kun (“Qədim Yunanıstanın mif və əfsanələri”), Jelü Jelev (“Faşizm”) və s. kimi görkəmli filoloqların  elmi əsərlərinin dilimizə tərcüməsi həyata keçirilib. “Dünya nəsri”  bədii ədəbiyyatının tərcümə seriyasında Azərbaycan dilinə Yuri Polyakovun ədəbi aləmdə səs salmış “Süddə çəpiş” romanı, həmçinin məşhur yazıçı Boris Yevseyevin bir sıra hekayələri tərcümə olunub. Akademik  K.M.Abdullayevin laboratoriya kollektivinin qarşısında qoyduğu mühüm vəzifələrdən biri də “Azərbaycan Tərcümə Ensiklopediyası”nın yaradılması idi.

Bu gün “Azərbaycan Tərcümə Ensiklopediyası” üzərində iş artıq tamamlanıb və hazırda kitab çapa hazırlanır.  

Ensiklopediya quruluşca nəzəri və praktik hissələrdən ibarətdir. Nəzəri hissəyə tərcümənin predmeti və problematikası, fəlsəfi əsasları, tarixi (Azərbaycan dilinə və Azərbaycan dilindən tərcümənin tarixi), kulturaloji aspektləri və tərcüməçilik haqqında materiallar, praktik hissəyə isə tərcümənin strategiyası və taktikası məsələləri, ən əsası da, tərcüməçilərin personaliləri və terminoloji lüğət daxildir. 

Tərcümənin predmet və problematikası dedikdə nəzərdə tutulan –tərcüməçilik fəaliyyətinin mahiyyətinin təhlili, nitq kommunikasiyasının dillər və mədəniyyətlərarası proses kimi anlaşılması və sairə məsələlər Ensiklopediyada öz əksini tapıb. Tərcümənin mədəni əsasına gəldikdə isə Ensiklopediya üzərində işləyən kollektiv qeyd edir ki, tərcüməçilik fəaliyyətinin sosial-mədəni şərtlənməsinə diqqət yetirmək lazımdır, çünki tarixən müxtəlif mədəniyyətlərdə tərcüməyə müxtəlif tələblər irəli sürülürdü.

Tərcüməçilər öz fəaliyyətində yaşadığı zamanın tərcüməyə olan münasibətini nəzərə almalı, tərcümə olunan müəllifin mövqeyinə, əsərin janrına və s. əsaslanaraq tərcümənin strategiyasını müəyyənləşdirməlidir. Lakin əlbəttə, ən əsası odur ki, mütərcim hər iki dilin sahib olduğu  mədəniyyəti, onların oxşar və fərqli cəhətlərini yaxşı bilsin. Ensiklopediyada XIX əsrin I yarısından başlayaraq Azərbaycan dilinə və Azərbaycancadan başqa dillərə tərcümənin tarixi və həmçinin, təxminən XX əsrin ortalarından etibarən vüsət alan tərcüməçilik ənənələri haqqında bilgilər xüsusi yer tutur.
 
Burada Azərbaycan dilinə və Azərbaycan dilindən başqa dillərə tərcümə edən şəxslərin: M.F.Axundov, A.Bakıxanov, N.Vəzirov, R.Əfəndiyev, M.Mahmudbəyov, A.Şaiq, P.Antokolski, A.Adalis, A.Axundova, Azər Mustafazadə və başqalarının fəaliyyəti öz əksini tapıb. Eyni zamanda ensiklopediyada tərcümənin strategiyası və taktikası kimi vacib problemə diqqət ayrılır. Burada ayrı-ayrı sənədlərdə, fərmanlarda, qərarlarda və s. əks olunan, tərcüməçilik fəaliyyətinə və tərcüməyə münasibətdə dövlət strukturlarının mövqeyinə aid dövlət proqramları da yer alıb.

Müxtəlif tərcümə problemlərinin həlli, yaxın və uzaq gələcəkdə tərcüməçilik işinin strukturu üzrə Ensiklopediyada müəyyən tövsiyələr də verilib, müstəqil Azərbaycanın dünya gedən mütərəqqi proseslərə inteqrasiya olunmasında tərcümənin əsas və başlıca amillərdən biri olduğu da göstərilib. Azərbaycan tərcümə ensiklopediyası “tərcümə haqqında hər şey” prinsipi ilə tərtib edilib, yəni o, tərcümə haqqında mövcud olan bütün biliklərin sistemləşdirildiyi unikal elmi-soraq kitabıdır. Ensiklopediyada ayrı-ayrı tərcümə ədəbiyyatları da öz əksini tapır.

Burada Azərbaycan dilinə və Azərbaycan dilindən tərcümə nümunələri və bədii, elmi, publistik ədəbiyyatın tərcüməsi haqqında ətraflı məlumatlar verilir. Təbiidir ki, bədii ədəbiyyatdan tərcümələr daha böyük yer tutur, lakin ədəbiyyatın digər  növlərinə də kifayət qədər diqqət yetirilir. Tərcümə ədəbiyyatının qeyd edilən hər bir növü Ensiklopediya tərtibçilərinin diqqətində olan spesifik xüsusiyyətlərə malikdir.

Ensiklopediyanın ən vacib, həcminə görə ən böyük və əhəmiyyətli hissəsini tərcüməçilərin personaliləri təşkil edir. Personalilər üzrə ensiklopedik məqalələr müxtəlif mənbələrdən (kitab, jurnal, qəzetlər) toplanıb.

Hər bir personali haqqında mətnlərə  bu və ya digər tərcüməçinin həyatının əsas məqamlarından qısaca söz açan bioqrafik məlumat daxildir. Həmçinin qeyd olunmuş tərcüməçinin fəaliyyətinin əsas mərhələləri və tərcümə etdiyi əsərlərin siyahısı da verilib. Ensiklopediya tərcüməçiliyin əsas termin və anlayışlarından ibarət  terminoloji lüğətlə bitir.

Xüsusilə qeyd etmək istərdik ki, Ensiklopediya, tərcümə ixtisasını seçən tələbələrimiz, tərcümənin nəzəriyyəsi və praktikası ilə məşğul olan mütəxəssislər və həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Ensiklopediyanın hazırlanmasında Bakı Slavyan Universitetinin əməkdaşları ilə yanaşı, digər elm və təhsil qurumlarının bu sahə ilə, tərcümənin konseptual əsasları ilə məşğul olan mütəxəssisləri də iştirak ediblər.

Beləliklə cəsarətlə qeyd etmək olar ki, yaxın günlərdə oxuculara təqdim olunacaq bu fundamental iş, əslində,  Azərbaycan filoloji təfəkkürünün məhsuludur.

Leyla ƏLİYEVA
“Tərcümə problemləri” adlı elmi-tədqiqat  laboratoriyasının böyük elmi işçisi,“Azərbaycan Tərcümə Ensiklopediyası”nın məsul katibi
 





01.12.2014    çap et  çap et