525.Az

Qənirə Paşayevadan parlamentdə Tacikistana sərt etiraz


 

Qənirə Paşayevadan parlamentdə Tacikistana sərt etiraz<b style="color:red"></b>

“Nəinki dahi Nizami Gəncəvi, bu gün bir çox Azərbaycan mütəfəkkirləri, şairləri, filosofları fars kimi təqdim və təbliğ olunurlar”.

525.az-ın məlumatına görə, bunu parlamentin noyabrın 20-də keçirilən plenar iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib.

Onun qeyd etdiyinə görə, çox təəssüflər olsun ki, mənşəcə eyni xalq olduqları üçün taciklər də həmin Azərbaycan mütəfəkkirlərini, filosoflarını, şairlərini fars xalqının nümayəndələri kimi tanıyır və qəbul edirlər: “Onsuz da İran neçə illərdir bu yöndə öz qeyri-konstruktiv addımlarını davam etdirməkdədir. Onlar nəinki Nizamiyə, digər Azərbaycan mütəfəkkirlərinə də iddia edirlər, sahiblənməyə çalışırlar. Ümumiyyətlə, İrandan başqa bir çox dövlətlər və xalqlar da bizim dahilərimizə sahiblənmək cəhdində bulunurlar. Lakin çox təəssüf bu, Tacikistanda da özünü göstərməkdədir. Onların dərsliklərində, elmi ədəbiyyatlarında bir çox Azərbaycan mütəfəkkirləri Fars xalqının nümayəndəsi kimi təbliğ və təqdim olunur. Ona görə yaxşı olardı ki, Azərbaycanın müvafiq qurumları bu məsələdə Tacikistana öz etirazlarını bildirsin, həmin mütəfəkkirlərin ölkəmizə aid olmasını bir daha onların nəzərinə çatdırsınlar. Çünki orada böyüyən nəsil bizim mütəfəkkirləri, dahiləri gələcəkdə fars kimi tanıyacaqlar. Bu isə heç cür qəbul olunan deyil. Biz bu məsələdə öz mövqeyimizi Tacikistana çatdırmalıyıq”.

Kamil Həmzəoğlu

 

 





20.11.2012    çap et  çap et