525.Az

Bakıda "Türkiyə-Azərbaycan Əlillərinin Dostluq Günü" qeyd edildi - Fotoreportaj


 

AYLİN ÇİFTÇİ: "BAKI ÇOX GÖZƏL ŞƏHƏRDİR, AMMA DAHA GÖZƏLİ İSƏ İNSANLARINIZDIR"

Bakıda "Türkiyə-Azərbaycan Əlillərinin Dostluq Günü" qeyd edildi - <b style="color:red">Fotoreportaj</b>

Noyabrın 29-da Türkiyə Beyazay Dərnəyinin təşkilatçılığı ilə Bakıda "Türkiyə-Azərbaycan Əlillərinin Dostluq Günü" beynəlxalq simpoziumu keçirilib.

Simpoziumda əlillərin durumu, əlillərin problemlərinin həlli sahəsində təcrübə mübadiləsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.  Simpozium iki sessiyada keçirilib. Tədbir Türkiyə Beyazay Dərnəyinin tanıtım filminin nümayişi və İSEM X və Duyğu Musiqi Məktəbinin ifası ilə başlayıb.

Birinci sessiyada Türkiyə Ailə və Sosial Siyasətlər Nazirliyi Əlillər və Yaşlılara Xidmətlər İdarəsinin rəhbəri Avni Özkaya, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun, İstanbul Böyükşəhər Bələdiyyəsi Əlillər Mərkəzinin müdiri Bekir Köksal, TİKA-nın Azərbaycan koordinatoru Mustafa Haşim Polat, Türkiyənin sabiq təhsil naziri Nimet Baş, Türkiyə millət vəkilləri, Türkiyə Bəyazay Dərnəyinin baş direktoru Lokman Ayva, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Milli Məclisin deputatları iştirak ediblər.

Simpozium çərçivəsində "Cəmiyyət və əlillərin inteqrasiyası" və "Təhsil ilə maneələrin aşılması" mövzusunda panellər təşkil olunub. Tədbirdə çıxış edən Türkiyə Beyazay Dərnəyinin baş direktoru Lokman Ayva bildirib ki, Azərbaycanın dövlət strukturlarında və parlamentdə səmərəli görüşlər keçirib.

"Bəzən iş tapacağını düşündüyünüz bir yerə gedən zaman qapıdan buraxılmadığınız, ata və ananızın sizdən imtina etmək istədiyi anlar olur. Dünyanın hər yerində əlillərlə bağlı belə hallara rast gəlinir. Biz hər kəsin yaxşı duyğularla yaşadığı dunya qurmaq istəyirik. İstər əlil olun, istər əlil olmayın, gözəl duyğularla yaşamağa hər kəsin haqqı var. Mən Azərbaycanda belə gözəl duyğuların şahidi oldum. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında əlillərlə bağlı gözəl layihələr başlanacağı müjdəsini vermək istəyirəm".

H. Rəcəbli isə musiqiyə qulaq asarkən göz yaşlarını saxlaya bilmədiyini deyib. O bildirib ki, əlillərlə bağlı iki ölkə arasında əməkdaşlığın qurulması çox mühümdür: "İş adamları belə insanlar üçün şərait yaratmalıdırlar ki, onlar da özlərini bizim kimi hiss etsinlər, təhsil alsınlar".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə bildirib ki, Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri əlillərin, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, tələbatlarının ödənilməsidir. Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunların qəbul edildiyini diqqətə çatdıran N.Məmmədov əlillərin cəmiyyətə inteqrasiyası, mənzillə təminatı sahəsində mühüm işlər görüldüyünü vurğulayıb: "Türkiyə Beyazay Dərnəyi böyük işlər görür. Hesab edirəm ki, Türkiyədə 76 filialı olan Türkiyə "Beyazay" Dərnəyinin 77-ci filialı Azərbaycanda olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu filialın yaradılmasına kömək edəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, bu tədbir iki ölkə arasında dostluğun, qardaşlığın nəticəsidir: "Bu tədbirdə ən gözəl mesajı musiqiçilər verdi. İnanıram ki, birgə əməkdaşlıq sahəsində də böyük uğurlar qazanacağıq".
Simpoziumun ikinci sessiyasında Darülacəza sədri Aylin Çiftçi, Ailə və Sosial Siyasət Nazirliyinin İstanbul üzrə Başçısının müavini Halis Kuralay, Çox Əlillər Məktəbinin müdiri Murat Yıldız, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, İstanbul millət vəkili Nimet Baş iştirak edib. Darülcəza sədri Aylin Çiftçi çıxışı zamanı bildirib ki, təhsil hər kəs üçün  vacibdi, istər əlil istər əlil olmayan şəxs. Əlillər təhsil almasa onlar problemlərini aşa bilməzlər. Onlar üçün təhsil almaq yeni duruma adaptasiya olmaq deməkdir.

Onun sözlərinə görə onların  təhsili, müalicəsi  doğuşdan başlamalıdır, sonradan alınan təhsil, müalicə çox nəticə  vermir.

"Əgər anadangəlmə  eşitmə qüsurlu uşağın  problemin doğulan vaxtdan bilmək olarsa bunu vaxtında həll etmək olar. Belə ki, hazırda bir özəl əməliyyat növü var ki, bu cür qüsurlu uşaqların qulaqlarının içini əməliyyat edib onu xilas etmək olar. Nəticədə həmin uşağın eşitmə problemi aradan qalxır, bu problem aradan qalxandan sonra danışma problemi də qalmır. Bununla da bütün həyatı boyu sıxıntısız yaşayacaq.

Ümumiyyətlə, vaxtında edilən müayinə hər problemi həll edir".

Tədbirdən sonra "525"in suallarını cavablandran Aylin Çiftçi Türkiyə Beyazay Dərnəyinin qədim keçmişə malik olduğunu bildirib:

"Bir qrup görmə qüsurlu gənc tərəfindən qurulan dərnək əvvəllər  bir iş qrupu olaraq fəaliyyətlərini davam etdirib. Dərnək ilk zamanlarda ortaq şəkildə kitab oxuma, film izləmə, yazıçılarla birgə çalışma istiqamətində fəaliyyət göstərib. 1992-ci ildən 2007-ci ilədək təşkilat fəaliyyətini Beyazay Görmə Əngəllilər Dərnəyi adı altında davam etdirib, ondan sonra isə adı  Türkiyə Beyazay Dərnəyi olaraq dəyişdirildi. Dərnəyin baş direktoru Lokman Ayvadır. Qısa müddətdə sürətlə böyüyən Beyazay Antalya, İzmir, Ərzurum, Sivas və Ankarada bir-birinin  ardınca şöbələr açmağa başladı. Bu gün Türkiyə daxilində 72, xaricdə 4 şöbəsi ilə Beyazay ölkəmizdə yaşayan əlillərlə yanaşı, ölkə sərhədləri xaricində də kömək gözləyən insanlar üçün  həyat qaynağı olub. Bu illər ərzində  dərnək bir çox layihələrə imza atıb". 

Təşkilatın yeni layihələri barədə məlumat verən müsahibimiz bildirib ki, indi daha çox  texnologiyadan istifadə mövzusunda layihəyə üstünlük verirlər: "Burda məqsəd əlini, qolunu rahat işlədə bilməyənlər üçün kompüterdən istifadə qaydalarını öyrətməkdir. Bu cür şəxslər təhsili aldıqdan sonra ağız və ya göz hərəkətləri ilə kompüterin klaviaturasından istifadə edə biləcəklər. Bu daha çox məktəbdə oxuyan, amma  kompüterdən istifadə edə bilməyib oxumaqda çətinlik çəkən uşaqlar üçündür. Bir məqsəd də xarici əlaqələrin genişləndirilməsidir. Bundan əvvəl Beyazay Dərnəyi Kuzey Kıbrıs Türk Cümhuriyyətində, Suriya, Yunanıstan, Bolqarıstan, Gürcüstanda belə toplantılar keçirib. İndi də qardaş ölkə  Azərbaycandayıq və çalışırıq bu əlaqələri daha da genişləndirək. Daha sonra öz işini qurmaqla bağlı layihələrimiz var. Məsələn, öz işini internet üzərindən  qurmaqla təhsili  almaq olar.

Burada əlillər bu sahə üzrə  təhsil alırlar. Təhsil aldıqdan sonra tələbələrin veb saytları olur və bu üsulla öz işlərini qura bilirlər. Bu layihəni ölkə xaricində də gerşəkləşdirmək istəyirik. Biz buna ev ticarəti deyirik.

Digər layihəmiz isə, hər bir insana bacara biləcəyi hansı işlə bağlı ona təhsil verməklə bağlıdır. Məsələn, hansısa bir insan yalnız sağ qolunu işlədə bilir. Bunun üçün ona yalnız sağ qolunu işlədə biləcək iş verilir.

Bu kimi layihələrimiz çoxdur".

Gələcəkdə Azərbaycanla birgə həyata keçirə biləcəkləri layihələrə toxunan Aylin Çiftçi əvvəlcə Azərbaycana ilk səfərlərindən məmnun qaldıqlarını bildirib: "Burada nazirlərlə, millət vəkilləri ilə görüşdük.

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovla görüşdə nazir Azərbaycan və Türkiyə arasında dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğuladı, zaman ötdükcə bu əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırdı. Görüşdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha çox inteqrasiyası sahəsində görülən işlərə dair qarşılıqlı məlumatlar verildi, gələcək əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanda əlilləri müxtəlif istirahət mərkəzlərinə sanatoriyalara göndərlər.

Biz təklif etdik ki, bu cür insanları Türkiyəyə göndərsinlər. Bizim dərnəyin 76 şöbəsi var, 77-ci şöbənin Azərbaycanda yaradılması ilə bağlı təkliflər oldu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova ilə də görüşlər oldu. Hər iki hökumət təmsilçisi bizə işbirliyini daha da genişləndirmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğuladılar. Bundan başqa Milli Məclisdə olduq, iclas keçirildi, bir çox mövzular müzakirə edildi.  Məncə, ilk ziyarət üçün yetərli görüşmələr və müzakirələr oldu".

Sonda müsahibimiz Azərbaycanla bağlı təəssüratlarını da bizimlə bölüşdü: "Əvvəlcə onu deyim ki, mən bir azəri gəliniyəm. Buranın insanlarına, adət-ənənəsinə  yaxşı bələdəm. Amma bu ilk gəlişim idi. Həyat yoldaşım həmişə azərbaycanlılar haqqında danışır, evdə həmişə saz, tar havası səslənir. Düzünü deyim, bu qədər inkişaf etmiş şəhər gözləmirdim. Bakıda həm Avropa havası, həm bir Türkiyə, havası var, bütün bunlarla yanaşı, tarixilik pozulmayıb. Binalarda xüsusi memarlıq sənəti hiss olunur. Düzdür, Bakını çox gəzə bilmədim, amma gördüklərimdən deyə bilərəm ki, çox gözəl bir şəhəriniz var. Daha da gözəli isə insanlarınızdır".

Samirə QULİYEVA,
Vəfa MƏMMƏDLİ

 





01.12.2014    çap et  çap et