525.Az

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitab yenidən nəşr edilib


 

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitab yenidən nəşr edilib<b style="color:red"></b>

Fevralın 21-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutda sözügedən institutun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, kitab olduqca böyük zəhmət hesabına başa gəlib: “Kitablarda maraqlı və yeni məqamlar çoxdur. burada müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir. Müəllif kitablarda zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib”.

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. bütöv yanaşma olduğunu bildirib. Bu mənada kitabların olduqca əhəmiyyət kəsb etdiyini, bu əsərin institutda meydana çıxmasının vacib amil olduğunu qeyd edib: “Müəllif üç cilddən ibarət olan kitabda çox məharətlə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilib. Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu 3 cildlikdə filosof Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil edib, uğurlu tədqiqat aparmışdır. Burada həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə araşdırmış, eyni zamanda bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxuculara təqdim edib”. 

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki Prezident İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur.
Tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə qeyd edib ki, bütöv Azərbaycan fəlsəfəsinu, tarixini, ədəbiyyatını öyrənmək baxımından Faiq Ələkbərlinin əsərləri çox önəmlidir. Onun sözlərinə görə, bu üçcildliyin Azərbaycanda və ondan kənarda geniş şəkildə təbliğatını aparmaq lazımdır.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib ki, Faiq Ələkbərlinin kitabları özünəməxsus bir iradə, axtarış, yanaşmadır. Müəllifin üç cildlikdə əsas qayəsi Azərbaycan xalqının fəlsəfəsinə, elminə təfəkkürünə xidmət etmək olub.

Üçcildliyin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli bildirib ki, Faiq Ələkbərlinin üçcildlik kitabı XIX-XX əsrlərdə yaşamış Azərbaycan mütəfəkkirləri haqqında ensiklopedik bir külliyyatdır. Birincisi, müəllifin kitablarında qırmızı xətt odur ki, bütün mütəfəkkirlər bütöv Azərbaycan Türk identikliyi formasında verilib. Yəni tarixən bu torpaqlar Türk dövlətləri idarə edib ki, buranın İran adlanması isə yalnız Pəhləvilər dövründə baş verib. Müəllif də, Azərbaycan Türk mütəfəkkirlərini yalnız Quzey Azərbaycan xalqının deyil, bütöv bir Azərbaycan xalqının, millətinin aydınları şəkilində araşdırıb. Siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova qeyd edib ki, bu gün Faiq müəllimin Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri olmasının da böyük əhəmiyyəti var. Çünki bundan sonra Faiq Ələkbərli doktorantlar, dissertantlar yetişdirəcək ki, bu da Faiq Ələkbərlinin məktəbi olacaq.

 





24.02.2025    çap et  çap et