525.Az

"Həyatda nəyəsə nail olmaq istəyirsinizsə, özünüzə vaxt ayırmalısınız"


 

Hüquqşünas, iqtisadçı Şahin Əliyev jurnalist Gülnar Məsimlinin suallarını cavablandırıb.

"Həyatda nəyəsə nail olmaq istəyirsinizsə, özünüzə vaxt ayırmalısınız"<b style="color:red"></b>

- Türkiyənin Mərmərə Universitetinin hüquq, ABŞ-ın Corc Vaşinqton Universitetinin isə maliyyə fakültəsini bitirmisiniz. Hüquqşünas və iqtisadçı - hər iki sahə istiqamət olaraq bir-birinin əksidir. İki fərqli ixtisası seçməyə səbəb nə idi?

- Məktəb illərində "kim olacaqsan" sualına həmişə "musiqiçi" cavabını verərdim. Məktəbi qurtaranda valideynlərim məni həkim görmək istədiklərini bildirdilər. Onlara hörmətim və sevgim sonsuz olsa da, həkim olmaq istəmədiyimi dedim. Öz istəyimlə hüquq fakültəsini seçdim. Hüquq fakültəsinə daxil olanda atam narazılığını bildirdi. Rəhmətlik atam özü də hüquqşünas idi və məni bu sahədə görə bilmədiyini belə əsaslandırdı ki, sən təbiətcə çox həssas, kövrək insansan, hüquq sahəsində isə hisslərə yer yoxdur, sərt qayda-qanunlara birmənalı şəkildə əməl olunmalıdır. Məndən niyə bu sahəni seçdiyimi soruşanda isə ədalətin təmsilçisi olmaq istədiyimi bildirdim.

- Bəs iqtisadiyyat üzrə ali təhsil almaq istəyiniz necə yarandı?

- Hüquq fakültəsini bitirəndən sonra hiss etdim ki, təhsilimi daha da dolğunlaşdırmalıyam. Bu baxımdan iqtisadiyyat sahəsini də öyrənməyin vacibliyini anladım. İqtisadiyyatın, maliyyənin incəliklərini öyrənmək istəyi məni ikinci təhsilə doğru yönəltdi. Bu gün geriyə nəzər salanda zamanında doğru qərar verdiyimə sevinirəm. İqtisadiyyat üzrə ali təhsil mənə biznes anlayışının incəliklərini açdı və geniş imkanlar yaratdı.

- Uğura doğru addımlamaq, uğur əldə etmək və uğuru saxlamaq - bunları bacarmaq üçün nə etmək lazımdır?

- Şübhəsiz ki, uğur əldə etməyin açarı çalışmaq, çalışmaq və bir daha çalışmaqdır. Əslində uğuru zəhmət və istedadın vəhdəti kimi görürəm. Uğuru qoruyub saxlamağın da bir şərti var: hisslərini işə qatmamalısan. Qısa zaman ərzində böyük uğura imza atan çox az insan var. Onlardan biri kimi uşaqlıq dostum və bugünkü biznes partnyorum, gənc iş adamı, iqtisadçı Şahin Əlibəylini misal çəkə bilərəm. Bir dəfə Şahinlə söhbət zamanı ona buna oxşar sual verdikdə cavabı belə oldu: "Doğru zamanda doğru yerdə doğru insanlarla bir arada oldum. Çayın axarına düşsən, o axar səni limana aparacaq".

- Bir iş adamı olaraq iş prinsiplərinizi açıqlaya bilərsizmi?

- Deyə bilmərəm ki, işlədiyim bütün biznesmenlərlə yaxşı münasibət qurmuşam. Həmişə nəzərə almışam ki, rəqiblərə düşmən kimi yanaşmaq lazım deyil, onları məhv etmək cəhdi isə qətiyyən yolverilməzdir. Bu, insan təbiətinə ziddir. Əksinə, mən güclü və ciddi rəqiblərə hörmət edir, zəifləri isə bağışlayıram.

- Deyirlər pulu xərcləmək onu qazanmaqdan çətindir...

- Bəzən insan gənc olanda bunu yetərincə anlaya bilmir. Mən çox məsələdə valideynlərimi örnək götürmüşəm. Atamın gələcəyimlə bağlı nəsihətlərinə həmişə qulaq asmışam. O, tez-tez təkrar edirdi: "Sən hələ ki, oxu. Vaxtı gələndə pul qazanacaqsan. Pul alətdir. Mən istəmirəm ki, övladlarım buna görə öz qürurunu, şəxsiyyətini və şərəfini itirsinlər".

Uşaqlığımda eşitdiyim bu sözlər zaman-zaman məni daha sakit və təmkinli edirdi. Atamın nəsihətlərinə əməl edərək gələcək işlərimi qurduqca hər dəfə onun haqlı olduğuna əmin oluram. Ağıllı insan üçün pulu sistemli xərcləmək problem yaratmalı deyil, məncə. Dostum Şahin Əlibəylinin bir fikri ilə bu sualı tamamlamaq istəyirəm: "Məni pullar varlı etmədi, imkanım olmayan vaxtlarda zamanın və pulun investisiyası varlı etdi".

- Dostunuzla iş birliyində olduğunuzu qeyd etdiniz, dostunuz çoxdurmu və sizə görə dost kimdir?

- Dostluğun mahiyyəti sevgi, sədaqət və dürüstlüklə biçilir. Səmimiyyət isə onun formuludur. Uşaqlıq dostum Emin Zeynalovla da lap kiçik yaşlarımızdan dostluğumuz davam edir. Şahin Əlibəylini az öncə qeyd etdim və daha bir neçə yaxın dostum var ki, onlarla da səmimi münasibət qurmuşam. Dünyanın bir çox yerində dostlarımın olması faktı məni olduqca fərəhləndirir. Xarici ölkələrdə təhsil almağım bu baxımdan böyük rol oynadı. Dostlarımla hər görüşümüzdə həm də öz təcrübəmizi bir-birimizlə bölüşürük.
Biz vacib, amma təcili olmayan işlərimizi "bir qutunun içinə qoyuruq" və heç vaxt onları oradan çıxartmırıq.

Təcili məsələlərlə məşğul olduqda isə bu işi tez həll etməyə məcburuq. Vacib işlər başa çatdıqdan sonra hiss etməyə başlayırıq ki, fasilə verməli, geridə qalan təcili, əhəmiyyətsiz işlərə dönməliyik. Bir az istirahət edib güc toplamaq zərurəti ilə üz-üzə qalırıq. Beləliklə, təcili və daha ciddi işlərimiz başlayana qədər əhəmiyyətsiz məsələlər bizim boş vaxtımızı doldurur. Belə davranış modeli illərlə həyatımızda davam edə bilər və nəticədə bəzən vacib məsələlər də əlimizdən qaça bilər. Həyat da bu yolda əriyib yoxa çıxmaqla bizi son məqamda olduqca pəjmürdə edər...

- Təcili işlər dedikdə nəyi nəzərdə tutursunuz?

- İlk növbədə qarşıya məqsəd qoymaq, gələcəyi qurmaq, yeni əlaqələrin axtarışına başlamaq, biliklər əldə etmək, eyni zamanda qidalanmanıza diqqət yetirmək, şəxsi biznesin açılmasına, bəzi neqativ vərdişlərimizin pozulmasına səy göstərmək. Bütün bunlar qısamüddətli perspektivdə heç bir nəticə gətirə bilməsə də, gələcəkdə böyük irəliləyişə səbəb ola bilər. Əgər siz hiss edirsinizsə ki, həyatda heç nəyə nail ola bilmirsiniz, o zaman ehtimal ki, sizi gecikdirən təcili işləriniz olub, amma əhəmiyyətli işlərinizi onlara qurban vermisiniz. Əgər siz həyatda nəyəsə nail olmaq istəyirsinizsə, özünüzə vaxt ayırmalısınız. Bunun üçün təcili işlərinizi mümkün qədər, məsələn, bir-iki günlüyə də olsa, təxirə salmalı olacaqsınız. Axı insanlar gözləyə də bilər. Sizin ikinci yarınız da, övladlarınız da gözləyə bilər.

- Bəs bu cür yanaşma eqoistlik deyilmi?

- Qətiyyən yox. Çox tez-tez rast gəlinən və bir kənara qoyulan bu vacib məsələlər başqalarına maksimum fayda gətirəcək. Misal üçün, siz öz sağlamlığınızı yaxşılaşdıracaqsınızsa və insanlara münasibətinizi dəyişdirəcəksinizsə, ətrafdakılar da bundan faydalanacaq. Siz müdirinizin mənafeyinə deyil, özünüzə uyğun olacaq yeni iş yaratsanız, bu, sizin və ətrafdakıların xeyrinə olacaq. Çünki müdir burada eqoist tərəfdir və yalnız özünü düşünməkdədir.

- Sadaladıqlarınızın hər hansı bir qızıl qaydası varmı?

- 5 illik test. Siz təcili hallarda işlərinizi tarixə salmağı qərarlaşdıranda öz şəxsi görüşləriniz üçün 5 illik testdən istifadə edin. Bu halda yalnız özünüzdən soruşun: "Əgər mən bu işi qırağa qoyaramsa, 5 ildən sonra nə olacaq?". Çox tez bir zamanda hiss edəcəksiniz ki, zamanla düşündüyünüz təcili işlər həyatınızda bir o qədər də dəyişiklik etməyib. İndi isə əhəmiyyətli işlərinizi öz prinsiplərinizdə tətbiq edin. Onlar 5 ildən sonra sizin həyatınıza necə təsir edəcək? Əksər halda belə nəticələr çox böyük olur və bu, təcili işlərə yox deyib, vacib işlərə vaxt ayırmaq üçün ən yaxşı səbəblərdən biridir. Nə etsəniz də, o 5 il bənzərsiz keçəcək və siz bu dəfə yanlış tərəfdə özünüzü tapacaqsınız.

- Siz keçmişə baxanda son 5 ildə həyatınızda böyük addımlarınızı görürsünüzmü? Siz yalnız təcili işlərlə məşğul idiniz, yoxsa vacib işlərə də diqqətinizi yönəltdiniz?

- Özünüzə son 5 il ərzində nə vəd edərdiniz? Cəsarət. Düşünə bilərsiniz ki, insanların təcili xahişlərini həmin an yerinə yetirəndə şərəf hissi duyursunuz. Xahiş edirəm, aldanmayın. Çünki qəlbinizin dərinliyində bilirsiniz ki, bütün bunlar həyatınızı gecikdirməyiniz üçün bir səbəbdir! Bəlkə də sizdən ona vaxt ayırmağınızı istəyən həmin insana "yox" demək üçün böyük bir cəsarət, özü çox böyük bir cəsarət tələb olunacaq. Zamanla sizə "yox" demək daha asan olacaq. Sizin qısa zaman gecikmələriniz bəzən insanları kədərləndirə bilər və bu halda hətta özünüz də aciz ola bilərsiniz. Lakin insanların çoxu sizi bağışlayar. Faktiki olaraq insanlar sizin dəyərli vaxtınıza hörmətlə yanaşacaqlar, onlar anlayacaqlar ki, sizin niyyətiniz ciddidir və bu, ilk öncə sizi onların gözündə yüksəldəcək.

 





02.12.2014    çap et  çap et