525.Az

“Bu, Azərbaycanın yeni statusda dünyaya yenidən açılmasıdır” - Deputat


 

“Bu, Azərbaycanın yeni statusda dünyaya yenidən açılmasıdır” - <b style="color:red"> Deputat</b>

Hazırda Afrika ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini müəyyən edir. Çünki indiki tarixi mərhələdə bütün dünyanın diqqəti Afrikaya yönəlib. Afrika qitəsi coğrafi tale etibarilə yeni bir mərhələyə qədəm qoyub.

Bu barədə 525.az-a Azərbaycan-Afrika əməkdaşlığını şərh edən Milli  Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, uzun əsrlər boyu Afrikanı müstəmləkə altında saxlayan bir sıra ölkələr geri çəkilmək məcburiyyətində qalıb, xüsusən Qərbi və Orta Afrika ölkələrində mühüm, tarixi hesab edilə biləcək hadisələr baş verir:

“Orta Afrikadan Fransa kimi imperalist ölkələr geri çəkilməklə, yeni reallıqda yeni xarici siyasət imkanları üçün perspektivlər açıb. Biz bilirik ki, Afrika ölkələri həm təbii sərvətlər baxımından zəngindirlər, həm də dünyanın inkişaf etməkdə olan mühüm coğrafiyası kimi investisiya tələb edən ərazilərdir. Başqa sözlə, Afrika təbii ehtiyatlar coğrafiyasıdır. Bu mənada mən düşünürəm ki, son dövrlərdə iki Afrika ölkəsi prezidentlərinin Azərbaycana səfər etmələri mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti ilə Qvineya-Bisau Prezidentinin görüşməsi, Afrika ölkəsi rəhbərinin Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu, eyni zamanda Azərbaycanın yeni statusda dünyaya yenidən açılması hadisəsidir”.

H.Babaoğlu əlavə edib ki, uzun illər Azərbaycanın xarici siyasətinin əsas priotiteti yalnız və yalnız bir istiqamətə - ərazi bütövlüyümüzün bərpa olunması istiqamətinə yönəlmişdir: “Xarici siyasət enerjimizin az qala hamısı buna xərclənirdi. İndi isə vəziyyət tamamilə dəyişib və düşünürəm ki, bu, həm də Azərbaycanın yaratdığı yeni reallıqlarla bağlıdır. Dolayısı ilə bu, Azərbaycanın dünyaya yenidən açılması, böyüməsi deməkdir. Yəni, xarici siyasətimiz hazırda Sakit Okean adalarından tutmuş, Afrika ölkələrinə qədər genişlənibsə bu, Azərbaycanın diplomatiyası tarixində yeni bir mərhələdir”.   

Pərvanə Sultanova

 





28.02.2025    çap et  çap et