525.Az

Bakıda QDİƏT-na üzv ölkələrin elm və texnologiya nazirlərinin iclası keçirilib


 

Bakıda QDİƏT-na üzv ölkələrin elm və texnologiya nazirlərinin iclası keçirilib<b style="color:red"></b> Bu gün Bakıda Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiya nazirlərinin iclası keçirilib.

Lent.az-ın Elmin İnkişafı Fondunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Kempinski Hotel Badamdar”da keçirilən iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə edilib və qəbul olunub.
 
Adıçəkilən sənədlər QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü il 1-2 dekabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb. Bu iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub.
 
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib. Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev, QDİƏT Parlament Assembleyasının İqtisadiyyat, Kommersiya, Texnologiya və Ətraf Mühit üzrə Komitəsinin katibi Yadigar Məmmədov, QDİƏT-də müşahidəçi statusuna malik Almaniyanın Azərbaycandakı səfirliyinin (missiyasının) müavini Volfqanq Mossinqer, Azərbaycanın Türkiyədəki Baş Konsulu Həsən Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və Akademik-katibi Rasim Əliquliyev, bir sıra ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət qurumlarının nümayəndələri də tədbirdə çıxış ediblər.
 
Qeyd edək ki, QDİƏT Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda bu il iyulun 1-dən etibarən iki il müddətində Ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək. 12 dövlətin üzv olduğu QDİƏT-in Ali Orqanı Xarici İşlər Nazirləri Şurasıdır və üzv ölkələrin koordinasiyası işini təşkilatın İstanbul şəhərində yerləşən Daimi Beynəlxalq Katibliyi təşkil edir. QDİƏT-in fəaliyyəti isə əsasən İşçi Qruplar vasitəsi ilə həyata keçirilir. QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini Ölkə əlaqələndiricisi olan Azərbaycan adından 2 illik fəaliyyət dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əlaqələndirəcək.
 
Fəaliyyət planında bilateral əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunun reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb.
 





03.12.2014    çap et  çap et