525.Az

Mərhum şair Zərdüşt Yazıçılar Birliyində anılıb (FOTOLAR)


 

Mərhum şair Zərdüşt Yazıçılar Birliyində anılıb<b style="color:red"> (FOTOLAR)</b>

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda  aylar öncə dünyasını dəyişmiş, mərhum şair, yazar Zərdüşt Şəfizadənin anım tədbiri keçirilib.

525.az-ın məlumatına görə, tədbiri AYB-nin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid açıb: “Zərdüşt haqqında danışanda mən həmişə kövrəlirəm. Mən ölümündən sonra Zərdüştün istedadlı olmasından başqa, onun həm də dəyanətli, qürurlu bir insan olduğunun şahidi oldum. Onun bu cəsarəti, qüruru məni indiyənə qədər də heyrətə gətirir. Biz bir balaca qrip olanda facebookda, ya hər hansı bir görüş məkanında bunu dostlarımızla paylaşırıq, biruzə veririk. Amma Zərdüşt o cür ağır bir xəstəliklə son günə qədər hamımızı yaxşı olduğuna inandırdı. Zərdüşt Azərbaycan ədəbiyyatının güclü nümayəndələrindən olacaqdı, amma tale elə gətirdi ki, o bizim aramızdan tez ayrıldı. Ancaq Zərdüşt əlimizdə qalan bu yazıları ilə də ədəbiyyatda özünə müəyyən yer etməyi bacardı”.  R. Məcid onu da qeyd edib ki, Zərdüşt Şəfizadənin çap olunmayan əsərləri, şeirləri toplanıb kitab halında nəşr ediləcək.    

“525-ci qəzet” in redaktoru, tərcüməçi Seyfəddin Hüseyinli Zərdüşt Şəfizadənin öz yaşına görə çox təfəkkürlü, geniş dünyagörüşünə malik bir gənc olduğunu vurğulayıb, onun dünyadan tez köçməsini ədəbiyyatımızın bəxtsizliyi hesab etdiyini vurğulayıb: “Zərdüştün dünyagörüşü, onunn insanlara, həyata yanaşması yaşıdlarından fərqli idi. Bunu onun eirlərində, yazılarında da hiss etmək olurdu. Məhz bu cür istedadları erkən itirdiyinə görə  bizim ədəbiyyatımız bəxtsizdir”. 

Yazıçı Elçin Hüseynbəyli Zərdüştlə bağlı çox xatirələri olmasa da onunla bir neçə dəfə işlə bağlı həmsöhbət olduğunu və gənc olmasına baxmayaraq özünə qarşı müsbət fikir yaratmağa müvəffəq olduğunu deyib. Şair, esseist Qismət Zərdşütlə bağlı ən çox xatirəsi olan insanın özü olduğunu bildirib: “Bizim Zərdüştlə görüşmədiyimiz günlər çox az idi. Demək olar ki, bütün günümüz bir keçirdi. Mənim onunla bağlı xatirələrim nə qədər çox olsa da onları danışmaq bir o qədər də çətindir. Amma Zərdüşt həmişə deyirdi ki, mən öləndə heç kim göz yaşı axıtmasın, hüzünlənməsin. O kədəri qətiyyən sevmirdi”.

Şair İlqar Fəhmi: “Zərdüşt mənim üzün görmədən, şəxsən tanımadan yazısını bəyəndiyim üç- dörd gənc yazarlardan biri idi. O “ulduz” jurnalında ilk dəfə çap olunanda hələ orta məktəbi bitirməmişdi. Zərdüştün “Zəlzələ” adlı bir hekayəsi var idi. Bu hekayədə onun çox maraqlı yanaşmaları mənim diqqətimi cəlb etmişdi. İndən belə hər birimizin  beynidə onunla bağlı bir sula dolanacaq: “Zərdüşt ölməsəydi nələr yazacaqdı?”. Amma onun nələr yaza biləcəyi, nə cürə roman yazacağı yalnız bizim xəyallarımızda tamamalanacaq. O özünü, düşüncələrini bizim yaddaşımıza köçürdüb getdi”.

Şairin anım tədbirində gənc yazarlardan Elnaz Eyvazlı, Cavid Zeynallı, Feyziyyə Hacıyeva, Günel Eminli, Günel Xəzəl, Ülviyyə Heydərova və başqaları da söz söyləyib, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirin gedişatında Zərdüşt Şəfizadənin öz səsi ilə söylədiyi şeir parçaları səsləndirilib və ölümündən sonra  şairə həsr edilmiş “Cənab istedad” sənədli filmi nümayiş etdirilib.  

GÜNEL

 





20.11.2012    çap et  çap et