Zəngilan rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə poliqon sahələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası və yeni yaradılan milli parklar, işğaldan azad edilmiş ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması ilə bağlı görülən işlər barədə danışılıb.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, 2021-ci ildən indiyə qədər Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında çox saylı qum-çınqıl yataqlarında torpağın istismardan əvvəlki vəziyyətinə qaytarılması üçün bərpa işləri görülür. Mərkəzdə tullantıların təmizlənməsi, idarə edilməsi, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı işlər aparılır: "Məqsəd işğaldan azad edilmiş ərazilərdə təbii landşaftın qorunmasıdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib ki, işğaldan azad olunmuş səkkiz rayonda müvafiq poliqonlar müəyyən edilib və onlar tikintiyə başlamaq mərhələsindədir. 60-a qədər xüsusi texnika tullantıların daşınması üçün təchiz olunub: "Azad olunmuş ərazilərdə tullantıların idarə olunmasında regional strategiya layihəsi hazırlanıb və təkmilləşmə mərhələsindədir. Bu ərazilərdə məlum məsələ ilə bağlı müxtəlif nəzarət tədbirləri də həyata keçirilir. İstirahət və müxtəlif məqsədlər üçün səfər edən şəxslər tərəfindən çirklənmə işləri mövcuddur. Mən təklif edirəm ki, hər bir təşkilat tullantıların yığılmasında, idarəsində öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əks halda müvafiq tədbirlər həyata keçirilir".
Mütəxəssislərin fikrincə, azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası çox mühüm şərtdir. Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası məsələsi ilə bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayevanın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası böyük əhəmiyyət kəsb edir. Ötən il Horovlu kəndində beş kəhriz bərpa edilib: "İşğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası böyük əhəmiyyət kəsb edir. Çünki onlar dayanıqlı su mənbələridir. Horovludakı kəhrizlər regionda bərpa olunan yeganə kəhrizlərdir. Həmin kəhrizlərin su həcmi Horovlu kənd əhalisinin ilkin mərhələdə su ehtiyacını ödəyə bilər".
N.Qaracayeva qeyd edib ki, kəhrizlərin bərpası üçün aidiyyəti qurumlarla birgə fəaliyyət planı hazırlamaq olduqca önəmlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində nəzərdə tutulmuş infrastruktur layihə sənədləri üzrə cəmi 57 ağac və 9 kol bitkisi tikinti ərazisinə düşəcək. Həmin layihədə birmərtəbəli fermerlər üçün təsərrüfat binası, birmərtəbəli 21 ədəd 16 başlıq iribuynuzlu heyvanlar üçün tövlə, birmərtəbəli 21 ədəd 24 başlıq xırdabuynuzlu heyvanlar üçün tövlə, birmərtəbəli iri texnikalar üçün dayanacaq (talvar), birmərtəbəli ot anbarı, birmərtəbəli taxıl (yem) anbarı, birmərtəbəli köməkçi tikililər və mühəndis-kommunikasiya qurğularının tikilməsi nəzərdə tutulub.
M.Qənbərov qeyd edib ki, Laçın rayonunun Mollalar kəndi ərazisində rəy olmadan qaz xətti çəkilərkən xeyli yaşıllığa ziyan vurulub: "Bu tip problemlər öz həllini tapmalıdır. Hər bir təklif olunan layihədə yaşıllığın qorunmasına xüsusi diqqət yetirilməlidir".
Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynovanın dediyinə görə, Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var: "Bu günə kimi aparılmış monitorinqlər nəticəsində məlum olub ki, dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsi olan bir çoxu Azərbaycanın "Qırmızı kitab"ına salınıb". İ.Hüseynova əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində olan bitki növü mövcuddur: "Eyni zamanda, 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var".
O əlavə edib ki, Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb. Ərazidə ümumilikdə 101 növ dərman, 44 növ yabanı qida-meyvə və giləmeyvə, 28 növ yabanı tərəvəz, 20 növ ətirli-ədviyyəli, 10 növ boyaq və 300 növ yem bitkisi var.
Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki, Araz çayı İran ərazisindən də keçir. Ermənistanın dağ-mədən sənayesinin zərərləri Arazı çirklənməsinə səbəb olduğuna görə İran da bundan narahat olmalıdır. Həmin xəritə Azərbaycan üçün ən böyük fakt və sübutdur: "Ona görə də xəritəni ekologiya ilə əlaqədar beynəlxalq konvensiyalara da göndərə bilərik. Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır. Bununla bağlı qarşı tərəfin QHT-lərinə müraciət etsək də, cavab almamışıq".
Deputat bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu mövzuda Azərbaycan ictimaiyyətinin, dünyanın onlarla ölkəsindən olan vətəndaş cəmiyyəti təmsilçilərinin ona ünvanlanan müraciətlərini iki ilə yaxındır cavabsız qoyub: "Hələ də Ermənistanın dağ-mədən müəssisələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərini gizlədir, ictimailəşdirməkdən imtina edir".
P.Vəliyeva ictimaiyyətə təqdim olunan interaktiv rəqəmsal xəritədə Azərbaycan xalqına məxsus milli toponimlərin olduğu kimi verilməsini, hətta yer adları ilə bağlı tarixi xəritələrə istinadları yüksək qiymətləndirib, bunun Qərbi Azərbaycan yaddaşı prizmasından da mühüm əhəmiyyətini vurğulayıb.
"Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın rəhbəri Amin Məmmədov deyib ki, bu yaxınlarda Rusiyada çap edilmiş kitabda Bərgüşad və Arpaçayın guya Azərbaycandan Ermənistana axdığı və çirkləndirildiyi qeyd olunub. O, kitabı Bakıya gətirdiyini və araşdırmağa başladığını bildirib: "Həmin kitabın müəllifi faktları saxtalaşdırmaqla ictimaiyyətə yanlış məlumat verir. Hazırda həmin kitabın araşdırılmasını davam etdiririk".
A.Məmmədov vurğulayıb ki, Ermənistanın dağ-mədən sənayesinin zərərləri, həmçinin çayları çirkləndirməsi İran mediasında da müzakirə olunur: "Bu günlərdə İranın ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri olan "Pəyam-e ma" qəzeti Araz çayının çirklənməsi ilə bağlı geniş hesabat dərc edib. Hesabatda açıq yazılır ki, Araz çayı 59 ağır metalla yüksək dərəcədə çirkləndirilib. Suyu çirkləndirən əsas elementlər alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumdur, bunlar əsasən Ermənistanın dağ-mədən müəssisələrindən qaynaqlanır".
"Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov bildirib ki, beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atılmalıdır. Ermənistan ərazisindən keçən və Azərbaycana axan 10 çayın hamısı təhlükəlidir: "Ermənistanın dağ-mədən sənayesi həmin çayların sularına ciddi zərər vurur. Ölkədə 15 xüsusi tullantı zavodu var və əksəriyyəti də sovet dövründə yaradılıb. Həmin zavodların tullantı anbarları çox təhlükəli durumdadır. Bu məlumatı Ermənistan mediası da faktlarla paylaşmışdı. Ona görə də təhlükənin fərqindəyik və ekoloji problemin qarşısının alınmasında ciddi fəaliyyət göstərməliyik. Beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atmalıyıq".
S.Bağırov təklif edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü öz Standartında ekoloji normaların tətbiqinə dair meyarları gücləndirməlidir: "Belə olsa, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü olan Ermənistan bu sahədə daha şəffaf və məsuliyyətli olar. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası üzrə Katibliyi də bu problemlə bağlı konkret mövqe ortaya qoymalıdır. Biz onlarla da görüşməyə hazırıq. Çünki Ermənistan bu Konvensiyaya qoşulmaqdan qaçır".
Sevinc QARAYEVA