525.Az

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar yazı müsabiqəsi keçiriləcək


 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar yazı müsabiqəsi keçiriləcək<b style="color:red"></b> Gələn ilin mayında Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və kəlağayı sənəti ilə əlaqədar, jurnalistlər arasında "Ən yaxşı yazı", "Ən yaxşı videosüjet" müsabiqələri təşkil olunacaq.

AzərTAc xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 2-də keçirdiyi mətbuat konfransında bildirib.

Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq dünya tədbiri olduğunu bildirən nazir bu mötəbər Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini xüsusi vurğulayıb.

Bu il "Bakı prosesi"nin 6-cı ilinin tamam olduğunu söyləyən nazir Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna verdiyi dəstəyi xüsusi diqqətə çatdırıb.

Bu yaxınlarda ABŞ-da Foruma hazırlıqla bağlı təqdimatın təşkil olunacağını söyləyən Əbulfəs Qarayev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin mədəni irsinin dünyada təbliğ olunması ilə bağlı keçirilən mədəni tədbirlərin, layihələrin, proqramların əhəmiyyətindən də danışıb.

Ə.Qarayev nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılmasının nəzərdə tutulduğunu bildirərək deyib: "Bununla yanaşı, nazirlikdə informasiya şöbəsinin də yaradılması planlaşdırılır. İşlərimizin təbliğində KİV-nin nümayəndələri də iştirak etməlidirlər".

Azərbaycan kəlağayı sənətinin "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirən nazir lavaşın Ermənistan tərəfindən siyahıya daxil edilməsinin qarşısının alındığını diqqət çatdırıb. O, deyib: "Axı, lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Onun hər hansı millətə məxsus olması barədə söhbət gedə bilməz".

Lavaşın bizim regionumuza məxsus olduğunu deyən nazir qeyd edib ki, məsələyə UNESCO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən sənəddə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun bununla bağlı verdiyi qərara görə, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin məxsusi çörəyi deyil.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı mehmanxanalarının birinci Avropa
Oyunlarına hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Bakıda yerləşən bütün hotellərdə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlərin başa çatdığını vurğulayan Əbülfəs Qarayev şəhərimizdə kifayət qədər beşulduzlu mehmanxanaların mövcud olduğunu bildirib, regionlarda iki, üç və dördulduzlu hotellərin tikilməsinə marağın artdığını diqqətə çatdırıb.
 





03.12.2014    çap et  çap et