525.Az

Şamaxıda Aşıq Ağamuradın 50 yaşı qeyd olunub


 

Şamaxıda Aşıq Ağamuradın 50 yaşı qeyd olunub<b style="color:red"></b>

Şamaxı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, Şirvan Aşıqlar Birliyinin sədri aşıq Ağamurad Şirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Aran Regional Şöbəsinin dəstəyi ilə gerçəkləşdirlib. Tədbirin aparıcısı - Ədəbiyyat Muzeyinin Aran Regional Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı dünya mədəniyyətinə çox sayda dövlət xadimi və sənətkarlar bəxş etmiş ulu Şirvanın aşıq mühitindən, bu sənətin özünəməxsusluqlarından söz açıb. Bu məktəbin tarixi ənənələrini ləyaqətlə qoruyub yaşadan və davam etdirən Ağamurad Şirvanlının yaradıcılığından və sənət uğurlarından danışan Y.Bahadurqızının çıxışından sonra aşığın sənət fəaliyyətini, uğurlarını əks etdirən fotaçarxın monitorda nümayiş etdirilib və tamaşaçıların marağına səbəb oldu.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qonaqları salamlayaraq qurumun fəxri fərmanını Aşıq Ağamurada təqdim edərək ona rayon rəhbərliyinin təbriklərini çatdırıb.

Sonra məclisin mötəbər qonaqları - Milli Məclisin deputatı Ərəstun Cavadov, Azərbaycan Aşıqlar Birliyinin sədri Xalq şairi Zəlimxan Yaqub, akademik Vasim Məmmədəliyev, professorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Buludxan Xəlilov, Seyfəddin Qəniyev, tədqiqatçı Elxan Məmmədli çıxış edib, Aşıq Ağamuradın şəxsiyyətinin və yaradıcılığının özəlliklərindən danışıblar.

Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Əməkdar artist Bəsdi Sevdiyeva, Əməkdar mədəniyyət işçiləri Aşıq Ulduz, Aşıq Əhliman, Aşıq Gülara Azaflı, Muğam müsabiqələrinin laureatları Abgül Mirzəliyev, Mirələm Mirələmov, xanəndə Elnarə Abdullayeva, aşıqlar Yanvar Bədəlov, Həşim Qubalı, Abbas Musaxanoğlu, müğənni Əvəzxan Xankişiyev, xanəndə Elbrus Niftəliyev, "Rasimlər" aşıq qrupu gözəl ifaları ilə məclisə rövnəq veriblər.

Sonda Aşıq Ağamurad Şirvanlı söz alaraq, sənətini yüksək qiymətləndirən Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib, səmimi təbriklərə görə qonaqlara, onu ürəkdən alqışlayan tamaşaçılara təşəkkür edib.

 





03.12.2014    çap et  çap et