|
|
|
|
Brüsseldə "İslam dünyası 2025-ci il Avropada və Belçika Krallığında" mövzusunda 6-7 mart tarixlərində keçirilən beynəlxalq dinlərarası konfrans çərçivəsində Avropa İnkişaf və Araşdırma Mərkəzinin Avropa Mətbuat Mərkəzində "Qarşılıqlı anlaşma və dialoqun təşviqi – Multikulturalizm modeli bizim müasir mədəniyyətin qaydası kimi – multikulturalizmin konstruktiv dialoqda vacibliyi" mövzusunda panel müzakirə təşkil olunub.
525.az-ın verdiyi məlumata görə, panelin moderatoru, Avropa İnkişaf və Araşdırma Mərkəzinin təsisçisi və icraçı direktoru Brahim Laytoss müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıb.
Paneldə geniş məruzə ilə çıxış edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İslam dininin zənginliyi və müxtəlifliyi, eləcə də Azərbaycanda dinlərarası dialoqun vəziyyəti barədə danışıb. O, bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü tədbirləri vurğulayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dialoq və multikulturalizm sahəsində apardığı böyük işləri xüsusi qeyd edib. Şeyx eyni zamanda, Ermənistanın işğalçı siyasətinə və davam edən nifrət çağırışlarına toxunaraq, bunun dinlərarası dialoqda yolverilməz olduğunu bəyan edib.
Rəvan Həsənov Azərbaycanın multikulturalizm modelini, mədəniyyətlərarası, dinlərarası və millətlərarası münasibətlərdə dünya üçün mühüm əhəmiyyət kəsb edən "Bakı prosesi" haqdında şərh verib.
Panel müzakirəsində Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də çıxış edərək Azərbaycanda dövlət-din modelinin xüsusiyyətlərindən söhbət açıb.
Panel çərçivəsində iştirakçılar suallarla müraciət edib və fikir mübadiləsi aparıblar.
Konfransın ikinci panel müzakirəsi akademik dünya və dini liderlər mövzusuna həsr olunub. Bu paneldə Antverpendə fəaliyyət göstərən Müqayisəli Dinşünaslıq Fakültəsinin sədri Erik Dralans, Belçikada Roma Katolik kilsəsinin keşişi Bert Verhaegen, Avropa İnkişaf və Araşdırma Mərkəzinin nümayəndəsi, araşdırmaçı Vim Van Laere, eləcə də Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Prefekti Vladimir Fekete, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və Alban-Udin icmasının rəhbəri Robert Mobili çıxış ediblər.