525.Az

Rəşad Məcidin “Çiyələk qadın” kitabının imza günü keçirilib


 

Rəşad Məcidin “Çiyələk qadın” kitabının imza günü keçirilib<b style="color:red"></b>

“Yazıçı” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin AYBKİTAB layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rza, redaktoru Yusif Rzayevdir.

Kitabda şairin son illərdə yazdığı şeirlərin bir qismi yer alıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza qonaqları salamladıqdan sonra AYBKİTAB layihəsi haqqında məlumat verib, Rəşad Məcidin yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Çıxışının sonunda müəllifin “Yaxşı” şeirini oxuyub.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid çıxışında layihənin rəhbərinə, kitabın çapında xidməti olanlara təşəkkür edib, mərasimdə iştirak edən çoxsaylı gənclərə, “Gənc Ədiblər Məktəbi”nin üzvlərinə ədəbiyyatla, poeziya ilə bağlı tövsiyyələrini verib, yaradıcılığı haqqında danışıb, şeirlərindən bəzi nümunələri səsləndirib: “Şeir yazmaq təbiət hadisəsidir, ani hisslərin şəklidir. Mən 1991-ci ildə yazdığım şeirləri hekayə, 1996-cı ildə qələmə aldığım şeirləri roman, 2001-ci ildə yazdıqlarımı isə dastan adlandırmışam”. 

Təqdimat mərasimində Əsəd Cahangir, Qulu Ağsəs, Oqtay Rza çıxış edərək  Rəşad Məcidin yaradıcılığından, təqdim olunan kitabın məziyyətlərindən söz açıblar, ona uğurlar diləyiblər.

Tədbirdə çıxış edən “Gənc Ədiblər Məktəbi”nin üzvləri – Arzu Hüseyn, Anar Amin, Famil Mədət, Vəfa Mürsəlqızı Rəşad Məcidin gənclərə diqqət və qayğısından danışıblar, onlara dəstək olduğuna görə Rəşad Məcidə təşəkkür ediblər.

Sonda Rəşad Məcid imza gününün keçirilməsində xidməti olanlara, iştirakçılara təşəkkürünü bildirib, kitabını imzalayaraq oxuculara təqdim edib.

 





05.12.2014    çap et  çap et