525.Az

"Azərbaycan rəssamlarının fotoportretləri" nümayiş olunur


 

"Azərbaycan rəssamlarının fotoportretləri" nümayiş olunur<b style="color:red"></b> Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin "Azərbaycan rəssamlarının fotoportretləri" sərgisi açılıb.
 
Sərgidə ilk dəfə respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünasların portretləri nümayiş olunub.

Xalq rəssamı Arif Hüseynov bildirib ki, sərgidə Şirməmməd Nəzərlinin 55 əsəri nümayiş olunur: "Həmişə sərgilərdə rəssamların əsərləri nümayiş olunardı, amma bu dəfə vəziyyət fərqlidir. Bu sərgidə bizim istedadlı rəssamlarımızın, heykəltəraşlarımızın fotoportretlərini görə bilərik".

Sərginin müəllifi Şirməmməd Nəzərli qeyd edib ki, layihə aprel ayında başlayıb və noyabrda başa çatıb və tədbirin təşkilinə Rəssamlar İttifaqının böyük dəstəyi olub: "Sərgi 10 gün davam edəcək. On gündən sonra rəssamlar portretlərini özləri ilə apara bilərlər".

Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim
İbrahimov,  Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev və başqaları sərgi haqqında fikirlərini bildiriblər.

Sərginin açılışında Ş. Nəzərlinin son illər çapdan çıxan iki kitabının, həmçinin sənətşünas Ziyadxan Əliyevin tərtib etdiyi, rəssamların həyat və yaradıcılığını, onların başına gələn maraqlı əhvalatları özündə əks etdirən "Boyalı gülüşlər"  kitabının təqdimatı olub. 420 səhifəlik bu unikal nəşrdə Azərbaycan rəssamlarının həyatında baş vermiş məzəli əhvalatlar, eləcə də rəssamlığımızla bağlı maraqlı hadisələr, rəssamların şarjları öz əksini tapıb.

Vəfa MƏMMƏDLİ
 





05.12.2014    çap et  çap et