|
|
|
|
Məlum olduğu kimi, dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Belə ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 69,25 dollar olub. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar azalaraq 65,94 dollar təşkil edib.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,41 faiz azalaraq 72,81 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 71,04 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,36 faiz azalaraq 71,59 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 faizdir.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, neftin qiyməti 70 dollara qədər enib. ABŞ-nin OPEC+dən istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır. OPEC+ ölkələri aprel ayından başlayaraq hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər. Bu isə mərhələli şəkildə bazara 2,2 mln. barel neftin əlavə olaraq daxil olması deməkdir. İki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür. Doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır. Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxın olub. Amma martın sonuna kimi bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil.
O bildirib ki, ilin iki ayını götürsək, "Azeri Light"ın ortalama qiymət 70 dollardan yuxarı olub. Burada vacib məqamlardan biri, neftin qiymətinin yalnız iqtisadi amillərlə deyil, həm də qlobal proseslərlə bağlı olmasıdır. Əgər eniş tendensiyası davam edərsə, bu, müxtəlif sahələrdə müəyyən çətinliklərə səbəb ola bilər. Lakin bazarda tarazlıq və ya mümkün müdaxilələr nəticəsində vəziyyətin hansı istiqamətə dəyişəcəyi hələlik tam dəqiq deyil.
İqtisadçının sözlərinə görə, neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 mln., ayda 75 mln., ilə isə 900 mln. dollar daha az valyuta daxil olması deməkdir. Amma bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq: "Neftin qiymətinin aşağı düşməsi bizim valyuta gəlirlərimizi azaldan faktora çevrilir. Azərbaycan neftinin ortalama qiyməti təxminən 78-79 dollar civarındadır ki, bu, kifayət qədər komfortludur. Ortalama qiymət 70-dən aşağı düşəndən sonra Azərbaycanda problem başlayacaq. Bu o deməkdir ki, hətta mart ayında 70 dollara düşsə və yaxud da aprel ayında 65 dollara da düşsə, may ayında bizim yenə də ortalama qiymətimiz 70 dolların üstündə olacaq. Maydan başlayaraq, qiymətin aşağı düşməsi tendensiyası davam edərsə, bu, artıq ciddi problemdir və Azərbaycanda ciddi problemlərə, dövlət gəlirlərində valyuta daxilolmalarının azalmasına gətirib çıxaracaq".
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə əsasən, neft qiymətlərinin aşağı düşməsi bizim üçün yaxşı nəticə göstərmir: "Neft qiymətlərinin hər 10 dollar aşağı düşməsi tədiyyə balansımıza 2.2 milyard manat təsir edir. Neftin kəskin ucuzlaşması nələrə səbəb ola bilər? Birincisi, manatın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Bu da inflyasiya, insanların kasıblaşması deməkdir. İkincisi, dövlətin büdcə qarşısında bir sıra öhdəlikləri var ki, həmin ödhəliklərin icrasında çətinlik yarada bilər. Həm də növbəti illərdə büdcə artımı və sosial ödənişlərin artımına təsir göstərə bilər. Azərbaycanın əsas büdcə gəlirlərində neft, qaz gəlirləri əhəmiyyətli rol oynayır. Qiymətlərin azalması neft fondundan neft büdcəsinə transferlərin də azalmasına təsir edəcək. Azərbaycanın xarici ticarətində 90-92 faiz neft-qaz sektorundan gələn gəlirlər var. Ölkəmizdə qeyri-neft sektoru gəliri cəmi 9-10 faiz təşkil edir. Bir sözlə, neftin qiymətinin aşağı düşməsi ciddi maliyyə itkilərinə gətirib çıxara bilər. Bu təsir təbii ki, Rusiya üçün də keçərlidir. Rusiyanın neft-qaz sektorunda problemi yarana bilər, eləcə də, gələn valyutanın da həcmi aşağı düşə bilər".
İqtisadçı-ekspert Razi Abbasbəyli qeyd edib ki, 2025-ci il üçün dövlət büdcəmizdə neftin qiyməti 70 dollardan götürülüb: "Əlbəttə ki, bu, çox riskli qiymətdir. Çünki bu gün üçün birjada gözlənilən odur ki, Brent markalı neftin qiyməti hətta 71 dollara qədər ucuzlaşması mümkündür. Bu, təhlükəli tendensiyalar, birjalardakı qeyri-müəyyənliklər, nəticə etibarilə də neftin qiymətinin ciddi şəkildə ucuzlaşmasına gətirib çıxarır. Bu baxımdan da Azərbaycan hökuməti böyük ehtimalla, büdcə proqnozlarına müəyyən redaktələr etməlidir. Neftin qiyməti ən azı 65 dollardan götürülməlidir ki, büdcənin icrası ilə bağlı müəyyən mənada proqnozların reallaşması, xərclər maddəsinin həyata keçirilməsi üçün real bir vəziyyət dəyərləndirilə bilsin. Böyük ehtimalla, hökumət neftin qiymətinə yenidən baxmalı olacaq. Digər bir tərəfdən neftin qiymətinin azalması Azərbaycan üçün hər gün itki deməkdir. Hər bir dollar ucuzlaşma üçün 100 minlərlə, milyonlarla dolların itirilməsi deməkdir ki, bu da Neft Fonduna daxil olan vəsaitlərin azalmasına gətirib çıxarır. Bilirik ki, Azərbaycanın dövlət büdcəsi əsasən Neft Fondundan transferlər hesabına və yaxud da neft ixracatı üzrə ixracatdan əldə edilmiş mənfəət gəlirindən həm də bu sahəyə tətbiq edilən vergilərdən formalaşır. Buna görə də hazırda risklər qalmaqdadır və neftin də qiyməti ucuzlaşmaqda davam edir"
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə isə neftin qiymətində mütəmadi volatillik nümayiş olunur: "Müəyyən dövrlərdə qiymətin azalmasını, müəyyən dövrlərdə isə artmasını müşahidə etmişik. Prezident seçkilərindən sonra neftin qiymətində azalmalar oldu. Amma Donald Trump Ağ Evdə fəaliyyətə başladıqdan sonra biz neftin qiymətinin hətta müəyyən qədər artmasını müşahidə etdik. Təbii ki, geosiyasi faktorlar, o cümlədən Rusiya Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar, tələbin və təklifin dəyişməsi neftin qiymətinə təsir göstərir, Azərbaycanın fiskal gəlirlərinin 51 faizi qeyri neft sektorunun payına düşür. Eyni zamanda ÜDM-in 68 faizi isə qeyri-neft sektorunda formalaşır. Neftin qiyməti Azərbaycan üçün vacib faktorlardan biridir. Çünki Azərbaycan ixracatının təxminən 80 faizni neft və neft məhsulları təşkil edir. O baxımdan neftin qiymətinin dəyişməsi ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Amma əvvəlki illər də göstərir ki, Azərbaycan neftin, dünya bazar qiymətindəki dəyişikliklərə çevik reaksiya verə bilir. Xüsusən də biz Rusiya-Ukrayna müharibəsi dövründə bunu müşahidə etdik. Bu baxımdan Azərbaycan mövcud həm rezervlərdən, həm digər alətlərdən istifadə etməklə neftin bazar qiymətində azalma olarsa, fiskal gəlirlərimizin digər mənbələr hesabına formalaşdırılmasına çalışacaq. Eyni zamanda, artıq dövlət rezervlərimiz 73 milyard dollardan artıqdır. Amma bununla belə, təbii ki, neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Bu da xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşməsini prioritetləşdirir".
Sevinc QARAYEVA