|
|
|
|
Ramiz RAMAZANLI
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru
(Əvvəli ötən sayımızda)
Teatrdakı nöqsanlara son qoyulması diləyi ilə Məmmədağailə görüşdüm. Eşitdiyim şikayətləri ona deməyə başlamışdım ki:
- Pah atonan, - dedi, - indi gəl bu məxluqa yaxşılıq elə. Ə kişi, onların əyinlərindəki qostyumları da mən almışam.
Çox həyəcanlı olduğu üçün (hər halda o özünü belə göstərirdi) söhbəti kəsdim, aktyorların yanına gəlib:
- Deyirsiniz ki, maaşlarınız vaxtı-vaxtında verilmir, həm də ondan müəyyən bəhanə ilə kəsirlər. Əyninizdəki kostyumu da o alıb ki!- dedim. Əli Cəfərov başını buladı, Mustafa Süleymanov: - Düz deyir o alıb. Ancaq necə? Getmişdik qostrola. Əynimizdəki kostyum sökülüb dağılırdı, boynu, qolları çox işləndiyindən elə sökülmüşdü ki, ipləri çıxıb, astarı görünürdü. Ağdaş rayonunda olanda bizi mağazaya aparıb hərəmizə 880 manata bir kostyum aldı. Altı aydır 880 manatı üç dəfə ödəmişik, hələ də borcundan çıxa bilmirik ki bilmirik.
Doğrusu, ürəyimdə kədərə bürünmüş bir nifrət oyandı. Kədər cəfakeşliklə həyatda və səhnədə bir iş görmək, insanlara xidmət etmək istəyi ilə yaşayan, fəqət yalnız öz mənfəətini güdən nadan, cahil bir müdir əlində yazıqlaşan, fağırlaşan aktyorların vəziyyətindən doğmuşdu; nifrət isə öz milli mənliyini dərk etməyən, bir erməni qadınının hikkəli, hegemon, rəftarına rəğmən, hərəkət edən savadsız, düşüncəsiz, mənəviyyatsız bir teatr direktoruna yönəlmişdi. İstədim gedib onu rüsvay edim, yenə də səbirli olmağa üstünlük verdim. İş otağına gəlib dedim: - Hörmətli direktor, mən teatrın aktyorları, texniki işçiləri ilə xeyli söhbətdən sonra inandım ki, teatrda vəziyyət çox pisdir, hamı sizdən şikayətçidir. Arvadınızın hikkəsi, hegemonluğu, oğlunuzun şıltaqlığı hamını təngə gətirib. Bəlkə...
Mən danışdıqca dişini qurdalayan, qulağının dalını qaşıyan, hiyləgərcəsinə gülümsəyən direktor söz bu yerə çatanda ilan vurmuş adam kimi yerindən qalxıb, hirslə: - Bilirsən nə var, hər kim, hər nə deyir, desin, mənim vecimə deyil. Sən də cavan oğlan, eşit, bura Məmmədağa teatrıdır. Vəssalam. Məni heyrət bürüdü, bir söz demədən otaqdan çıxdım; istədim həmin an Bakıya qayıdam; aktyorlara verdiyim söz yadıma düşdü. Onlar xahiş etmişdilər ki, axşam "Qatır Məmməd" tamaşasına baxım. Baxdım. Heç bir tənqidə dözməyən bu zəif, solğun tamaşa məni heyrətə saldı. Hündür boylu, əndamlı Şaginyan kobud hərəkətləri, qulaqbatıran gur, heybətli səsi ilə obrazı gülünc bir vəziyyətə salmışdı. Bu gülünclük Gülcamalın Qatır Məmmədlə (artist Mustafa Suleymanov) görüşü, söhbəti zamanı daha da şiddətlənirdi.
Tamaşadan sonra Məmmədağa mənə yaxınlaşıb heç bir şey olmamış kimi: - Mənim, səndən yaxşı olmasın, bir dostum var. O, mənim sənin kimi hörmətli qonağım gəlməsi münasibəti ilə qoyun kəsib, süfrə düzəldib. İndi gedirik ora, çörək kəsək, yeyək-içək. Bu fərsiz, demaqoq aktyorlar da imkan vermədilər ki, bütün gün ərzində bir çörək kəsək, - dedi. Ciddi və ötkəmliklə: - Yox, gedə bilmərəm, səninlə çörək kəsmək qəbahətdir, hətta günahdır, - dedim. Sonra əlavə etdim: - Sən düz deyirsən, mən səhərdən heç nə yeməmişəm, yorğunluq və aclıq hiss edirəm. Təbii ki, mən bir şey yeməliyəm. Buralarda harada bir loxma çörək yemək olar?
Məmmədağa mənim sözlərimin mənasına əhəmiyyət vermədən,
hey ziyafətə getməyimi israrla xahiş edirdi. Birdən gündüz gördüyüm bir köşk yadıma düşdü, orada konservləşdirilmiş balıq diqqətimi cəlb etmişdi.
Oraya doğru addımladım. Məmmədağa məndən əl çəkmirdi.
Xoşbəxtlikdən gec olmasına baxmayaraq, köşk açıq idi. Bir qutu konservləşdirilmiş balıq açdırdım, tez də pulunu verdim. Mən yeməyə başlayanda Məmmədağa da məzə üçün mənə qoşuldu.
- Məmmədağa, mən səninlə çörək kəsmirəm ha, aclığımı dəf edirəm, çörək kəsmək çətin və məsuliyyətli işdir. Oradan mehmanxanaya tərəf yollandım. Yol boyu Məmmədağa heç nə demirdi, ürəyində yəqin fikirləşirdi ki, "gecənin xeyrindən, səhərin şəri yaxşıdır". Sabah hər şeyi yoluna qoyar. Mən isə səhər tezdən Quba-Bakı marşrutu ilə işləyən avtobusla yola düşdüm. Ertəsi gün Quba Dövlət Dram Teatrındakı vəziyyəti yerli-yataqlı "Azərbaycan gəncləri" qəzetinin redaktoruna və işçilərinə danışdım. "Xalq teatrlarından da bir addım geri" adlı məqaləm həmin qəzetdə çap olundu.
Məqalə qəzetdə çap olunandan iki gün sonra işə gedirdim. O zaman mən Nəriman Nərimanov heykəli qoyulan yerdən təxminən 200 metr aralıda - "1-ci Xrebtovı" deyilən küçədə yaşayırdım.Çalışdığım Memarlıq və İncəsənət İnstitutu isə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin binasında yerləşirdi. Bu yolda tramvay işləyirdi. Tramvaya mincək Məmmədağaya rast oldum. O, irişə-irişə, həm də rişxəndlə: - Nə olsun ki, yazdın, ona baxan kimdir, - deyib məndən aralaşdı. Varlığımda naxoş bir duyğu hiss etdim. Fikir məni götürmüşdü. İnstituta çatan kimi Respublika Mədəniyyət Nazirliyi İncəsənət İşləri İdarəsinin sədr müavini Hüseyn Əhmədov zəng edib dedi ki, dünən Məmmədağa gəlmişdi nazirin yanına, otağa qəmli girib, sevincək çıxdı. Vaxt itirmədən nazirliyə getdim. Köməkçisinin narazılığına, müqavimətinə baxmayaraq, nazir Məmməd Qurbanovun iş otağına daxil oldum. Bu hərəkətim təbii ki, nazirin narazılığına səbəb oldu.
- Nazirin otağına icazəsiz daxil olmaq xoşagələn iş deyil, - dedi, Bax, istəsəm, indi mən səni dinləmədən otaqdan çıxırda bilərəm.
- Doğru deyirsiniz, yoldaş nazir. Mən vaxtı ilə bir il sizin işçiniz olmuşam. Xasiyyətim, tərbiyəm haqda yəqin ki, məlumatınız var. Məni bu cür xoşagəlməz hərəkətə vadar edən ümumi işimizə, mədəniyyətimizə, xüsusilə teatr sənətimizə ziyan toxunduran halların nazirlik tərəfindən müdafiə olunmasıdır.
Söz bu yerə çatanda nazir fikrə getdi. - Necə yəni ziyanlı halların bizim tərəfimizdən müdafiə olunması, bu nə cəfəngiyyatdır? - Hörmətli nazir, buna necə qiymət vermək lazımdır ki, mən Quba Dövlət Dram Teatrına gedib, oradakı əyintiləri, özbaşınalıqları görüb, bu barədə qəzetdə məqalə çap etdirirəm. Teatrın direktoru cəzalandırılmalı olduğu halda, sizin yanınıza gəlib otağınızdan gülə-gülə, sevincək çıxır, tramvayda mənə rast düşdükdə "nə olsun ki, yazdın, kimdir ona fikir verən" deyə təkəbbürlü halda rişxənd edir.
Nazir xeyli susdu, sonra: - O sənə elə beləmi dedi? Dedim: - Bəli. Düyməni basıb, köməkçisini çağırdı, incəsənət işləri idarəsinin sədrini istədi. Tapşırdı ki, bir həftədən sonra nazirliyin kollegiyası çağırılsın. Quba Dövlət Dram Teatrının işi müzakirə olunacaq: "O vaxta kimi iki nəfəri Qubaya ezamiyyətə göndərin. Həmin teatrın işi barədə ətraflı arayış hazırlasınlar. Kollegiyaya bütün teatrların direktorları çağırılsın. Ədil İskəndərovu, Mehdi Məmmədovu, Tofiq Kazımovu, vaxtilə bizim işçimiz olan bu cavan oğlanı da dəvət edin".
Kollegiyada Məmmədağanın iş üsulunu möhkəm tənqid atəşinə tutdular, teatrın pis vəziyyətdə, aşağı səviyyədə, ölü vəziyyətində olduğunu söylədilər. Demə, çox adam bu teatrın vəziyyətindən narazı imiş, ancaq heç kəs birinci danışmaq istəmirmiş. Qərara alındı ki, Quba Dövlət Dram Teatrı bağlansın".
İnqilab müəllim danışdıqca Düriyyə xanım da xatirələrə dalır, həmin günləri yada saldıqca gözləri dolurdu.
- Bilirsinizmi, teatr bağlananda biz qastrolda idik - Qaxda. 1962-ci ilin soyuq günlərindən biri idi. Biz teleqram aldıq və sarsıldıq. Məmmədağa nazirliyə zəng vurdu, amma bir faydası olmadı. Avtobusda hamımız sarsıntı keçirir, kədərlə Qubaya qayıdırdıq...
Üçümüz də dərin düşüncələrə dalmışdıq. İnqilab müəllim birdən ayağa qalxıb getməli olduğunu bildirdi. Bir addım atıb geri döndü, Düriyyə xanıma diqqətlə baxıb üzünü mənə tərəf döndərdi:
- Cavan oğlan, Qubanın teatr ənənəsi var. Çalışın bu ənənəni davam etdirin. Qubada teatr bərpa olunmalıdır. Özü də müasir, peşəkar bir teatr!
Bunu deyib iti addımlarla zaldan çıxdı və bizi tərk etdi. Sağollaşarkən Düriyyə xanım da yaxınlıqda olan qardaşıgilə gedəcəyini bildirib ayrıldı. Ayrılarkən İnqilab müəllimin Quba teatrı haqqında dediyi bu sözlər isə həmişəlik yaddaşıma həkk olundu və getdikcə məni narahat etməyə başladı. Sonralar Xalq artisti Səyavuş Aslanla görüşərkən Quba teatrından söz açdıq. Səyavuş müəllim də ayrılanda bir qədər niskilli, bir qədər də amiranə səslə dedi: - Qubada teatrı bərpa edin. Nə lazım olsa, mən də, digər teatr xadimləri də kömək edərik.
Həmin görüşdən neçə il keçib. İnqilab müəllim də, Düriyyə xanım da, Səyavuş müəllim də artıq dünyasını dəyişib. O xatirələr və ayrı-ayrı mənbələrdən topladığım məlumatlar məni rahat buraxmırdı. Quba teatrı haqqındakı düşüncələrim bir-birini əvəz edirdi. Vaxtilə bu teatrda çalışan adamlarla, teatrın o zamankı tamaşaçıları ilə görüşlərimdən topladığım xatirələr, qubalı filoloq, alim Nazif Qəhrəmanlının araşdırmalarından əldə etdiyim məlumatlar məni Quba teatrı haqqında yazmağa sövq edirdi. Azərbaycanın ilk əyalət teatrı olan A.Bakıxanov adına Quba Dövlət Dram Teatrının 22 illik fəaliyyət dövrü gözlərim qarşısında canlanırdı. Əslində Qubada teatr ənənəsi XIX əsrin sonundan başlayır. Həmin dövrdə burada mədəni mühit bərqərar olmaqda, kitabxana və qiraətxanalar açılmaqda idi. Bu vaxt həvəskar aktyorlar tərəfindən tamaşaların göstərilməsi, dram əsərlərindən ayrı-ayrı parçaların səhnələşdirilməsi tamamilə təbii görünürdü. Burada müəllimlərdən Şıxəli Nəzirov və Ağababa Yusifzadə ayrı-ayrılıqda teatr truppaları təşkil etmişdilər. İlk teatr tamaşası XIX əsrin sonunda, Azərbaycanda teatr irsinin formalaşması və güclənməsi ilə bir vaxta təsadüf edir. Bu zaman teatr ümummədəni prosesin bir hissəsi kimi meydana çıxırdı. 1896-cı ildə yerli həvəskarların tamaşaya qoyduğu "Müsyö Jordan" komediyası yerli qiraətxananın nəfinə oynanılmış, burada hasil olan pul da qiraətxananın hesabına keçirilmişdi.
(Ardı var)