525.Az

"Sabah"dan Azərbaycana qarşı təxribat


 

MİLLƏT VƏKİLİ ZAHİD ORUC: "BU ONLARIN ERMƏNİLƏRƏ SİMPATİYALARININ GÖSTƏRİCİSİ SAYILA BİLƏR"

"Sabah"dan Azərbaycana qarşı təxribat<b style="color:red"></b> Türkiyənin "Sabah" qəzetində Azərbaycanın ermənilər tərəfindən işğal olunan Dağlıq Qarabağ torpaqları müstəqil dövlətin ərazisi kimi təqdim olunub.
 
Təqdim olunan siyahıya 206 ölkə daxil edilib. Siyahıda Gürcüstan ərazilərində yaradılmış separatçı Abxaziya rejimi də ayrıca dövlət kimi göstərilib. Qardaş ölkə, bir nömrəli strateji əməkdaşımız, müttəfiqimiz olan Türkiyə daxilində bu cür təxribata yol verilməsi ölkə ictimaiyyətinin narahatlığına və narazılığına səbəb olub. Nəzərə alsaq ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünun ayrılmaz tərkib hissəsi kimi qəbul olunduğuna və bu torpaqların ermənilər tərəfindən işğala məruz qaldığına dair BMT-nin 4 qətnaməsinin mövcud olduğu halda Türkiyənin ictimai-siyasi həyatında xüsusi yer tutan, nüfuzlu "Sabah" qəzetində təxribat xarakterli siyahının dərc olunması iki ölkənin münasibətlərində soyuqluq yaratmaq istəyən, ermənipərəsət qüvvələrin fəaliyyət göstərdiyini deməyə əsas verir.
 
Azərbaycan torpaqları erməni işğalına mərzu qaldığı illərdə Türkiyənin o vaxtkı dövlət və hökumət başçılarının Azərbaycanın yanında olmasının və öz sərhəd qapılarını birdəfəlik Ermənistanın üzünə bağlamasının şahidi olduq. Hal-hazırda da rəsmi Ankara bəyanatlarında Azərbaycanın yanında olduğunu, işğal faktı aradan qalxmayana kimi Ermənistanla heç bir əlaqələrin qurulmayacağını bildirir. Bu o deməkdir ki, Türkiyə-Azərbaycan münasibətlərini pozmaq üçün əsaslı sürətdə fəaliyyət planı hazırlanmalı idi ki, son hadisələr də artıq hazır olan plan əsasında müəyyən təxribat xarakterli işlərin görüldüyünü göstərir.

"Sabah" qəzetində dərc edilən siyahının təəssüf doğurduğunu bildirən millət vəkili Zahid Oruc "SİA"ya açıqlamasında qeyd edib ki, bu mətbu orqanın dünya arenasında özünəməxsus yeri və rolu olduğu hər kəsə məlumdur. Onun sözlərinə görə, bu qəzet nəşr olunduğu dövrdən beynəlxalq məsələlərə, ayrı-ayrı dövlətlərin siyasi həyatına bələdçilikdə müəyyən imkanlar qazanıb: "Orada çalışan hər bir jurnalistin prosesləri araşdırmağa imkanı var. Bu baxımdan hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalı, daha sonra yazını dərcə verməli idi. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, onu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər".

Millət vəkili qeyd edib ki, sözügüdən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzür istəməlidir: "Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də, reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb onunla bağlı açıqlama versinlər?"

Millət vəkili Elmira Axundovanın sözlərinə görə, Türkiyənin "Sabah" kimi nüfuzlu qəzeti bilməlidir ki, "Qondarma Dağlıq Qarabağ Respublikası" müstəqil dövlət deyil: "Ona görə də bu yazıya görə məsuliyyət daşımalıdırlar".

Millət vəkili bildirib ki, belə bir münasibəti hər bir ölkədən, hətta MDB-yə üzv dövlətlərdən gözləmək olardı, ancaq Türkiyədən yox: "Çünki onların keçmiş dövlət başçıları Süleyman Dəmirəl, hazırkı prezidentləri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlə bəyan ediblər.

Ona görə də, bu qəzetdəkilər bizə hörmət etmirlərsə, heç olmasa, öz dövlət başçılarına hörmət etsinlər".

E.Axundova birmənalı şəkildə bəyan edib ki, heç bir halda bu məsələyə görə, "Sabah" qəzetinə bəraət qazandırmaq olmaz: "Belə  materialın yayımlanmasında yanlışlığa yol vermək olmaz. Çünki jurnalistlər hər şeydən agah olmalıdırlar. Bu toplum öndə gedən təbəqədir. Bunu avam adam deyə bilər, ancaq jurnalist əsla. Bundan başqa qəzetdə dərc olunan material dəfələrlə yoxlanılır, ona görə də burada anlaşılmazlıq yox, təxribat var. Yəni, "Sabah" qəzetində dərc olunan material təxribat xarakterlidir".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Sabah" qəzetinin mövqeyini Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olduğunu və erməni dəyirmanına su tökmək məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, artıq bir neçə aydır ki, Türkiyədə ermənilərin və erməni təəssübkeşlərinin ciddi fəallığı müşahidə olunur:

"Türkiyə ictimai rəyini Ermənistanla təslimçi barışığa hazırlamaq  üçün Qərb dairələri tərəfindən maliyyələşdirilən müxtəlif proqramlar və layihələr həyata keçirilir. Türkiyə və Ermənistan jurnalistlərinin, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur, müxtəlif  konfranslar, dəyirmi masalar və digər tədbirlərin sayı artır. Əsas məqsəd də bir tərəfdən Türkiyə hakimiyyətini qondarma "erməni soyqırımını" tanımağa məcbur etmək, digər tərəfdən də Azərbaycanın maraqları nəzərə alınmadan iki ölkə arasında sərhədlərin açılmasına nail olmaqdır. 

"Sabah" kimi KİV-lər də obyektiv reallığı təhrif edən, qərəzli materiallar dərc etməklə Qərb dairələrinin təsiri altında olan bəzi daxili qrupların və ermənilərin sifarişlərini yerinə yetirirlər. Görünür, ermənilər bu cür təxribatlarla Türkiyə ilə Azərbaycan xalqlarının birliyini zəiflətmək və dövlətlərarası münasibətlərə zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, biz belə təxribatlara qarşı sərt olmalıyıq, öz sözümüzü deməliyik".

M.Əhmədoğlu hesab edir ki, Türkiyəni özümüzə müttəfiq, qardaş bilirik. O, bildirib ki, bu ölkədəki ermənilər baş qaldırıb kürəyimizə məhz erməni kimi xəncər vuracaqlarsa, düşünürəm ki, onların indidən cavabı verilməlidir:

"Türkiyə qəzetinə ayıb olsun ki, Azərbaycana qarşı bu cür təxribatlara yol açır. Düşünürəm ki, Ankaranın rəsmi dairələri, rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Türkiyənin "Sabah" qəzeti küçələrdən keçən və ötəri, təsadüfi qurum, mətbuat orqanı deyil. Bu qəzet Türkiyənin rəsmi dairələrində akkreditasiyası olan mətbu orqandır. Bu orqan Türkiyənin rəsmi tədbirlərini işıqlandırır və rəsmi tədbirlərə dəvət olunur. Əgər həmin qəzet dünya dövlətlərinin siyahısında "Dağlıq Qarabağ Cümhuriyyəti" sözünü işlədirsə, bu, naşılıq, savadsızlıq deyil, sadəcə erməni dəyirmanına su tökməkdir. Bizim Türkiyə ilə həm milli, həm dini, həm mədəni, həm iqtisadi, ümumiyyətlə bütün sahələri əhatə edən işbirliyimiz var. Bunu hər kəs bilməlidir. Əgər "Sabah" qəzeti təkzib verməsə, üzr istəməsə, həmin mətbuat orqana qarşı məhkəmə prosesində sonadək varıq. "Sabah" qəzeti BMT-nin, ATƏT-in bir dənə sənədini göstərsin ki, "Dağlıq Qarabağ Cümhuriyyəti" adlı dövlət var?"

Ceyhun ABASOV
 





05.12.2014    çap et  çap et