525.Az

Anmaq və anlatmaq dərsi


 

Anmaq və anlatmaq dərsi<b style="color:red"></b>

Onunla görüşdüyüm də, Yazıçılar  Birliyində, eləcə də digər tədbirlərdə gördüyüm də olub. Müsahibə aldığım da, özü və valideynləri haqqında yazdığım da olub. Hər dəfə gördüyüm və görüşdüyüm o müddətlərin hətta  azlığında belə, ondan eşitdiyim, əməl olaraq gördüyüm müəyyən məqamlardan çox təsirlənmişəm.  Anardan danışıram, anmağı da, anlatmağı da dərs olan Anardan!

Onunla görüşümün birində Rəsul Rzadan danışarkən “Mənim atam sərt olsa da, sevgisi və nifrəti ilə   son dərəcə təbii və düzgün insan  olub. Bunu mən demirəm, onu tanıyanlar, təmasda olduqlarının hamısı təsdiqləyir. Nə qədər sərt də olsa, xarakter təbiilik və düzgünlüklə müşayiət olunursa, bu, bütün zamanlarda sağlam düşüncə sahiblərinin seçimi olur. Odur ki, Rəsul Rzanı dəyərləndirib sevənlər hər zaman olacaq” demişdi. Fikrin məntiqi əsaslandırılması o qədər doğru idi ki...

İlini xatırlamıram, yağışlı payız günlərinin biri idi. Yazıçılar  Birliyinin dəhlizində Anarın   qarşıdakı açıq qapıdan içəriyə doğru vacib bir görüşə tələsirmiş kimi “Fikrət, tez elə, gecikirik, tez elə” deyərək təkrarladığını eşitdim.   Həmin gün Emin Sabitoğlunun xatirə günüymüş. Sanki əziz dostu sağmış kimi Anar beləcə onunla görüşə tələsirdi. O zaman dostunun xatirəsinə, ruhuna sədaqəti məni  çox təsirləndirmişdi...

Tədbirlərin birində onu holda oturmuş görüb, yaxınlaşıb salamlaşdım. Həm də şəkil çəkdirmək istəyimi bildirəndə yanında oturmuş biri sərt təpki ilə buna icazə olmadığını söylədi. O zaman Anar əlini qaldırıb - “İmkan ver, qoy danışsın” - deyərək yanındakına ərkyana təpindi. Özü isə çox mədəni şəkildə şəkil çəkdirməmək istəyinin konkret səbəblə bağlı olduğunu anlatdı. Bu dəfə böyüklüyü, kübarlığı, əsilzadəliyi ona olan hörmətimə  miqyas qatdı...

Və budur, yeni bir əsəri - “Qatardan qalan adam” və daha bir anlatdığı...

Bir hekayə çərçivəsində real həyat gerçəkliyini bir bu qədər lakonik formada vermək, müasir insan ömrünün cizgilərini mahircəsinə  çəkmək, onun həm içinə, həm çölünə işıq salmaq və bütün bunları  bu günün oxu tələbləri baxımından çox yüyrək bir dillə ifadə etmək  müəllif haqqındakı gözəl təəssüratı bir az da dərinləşdirmiş olur. Hekayə olumla ölümün sözlə heyrətamiz rəsmidir sanki. Təbii ki, qatar ömürdür - çox sürətlə ötüşən, qatardan qalmaqsa, ölümdür - insanla görüşən... Bəzən elə gözlənilməz, ağlagəlməz və inanılmaz səbəblərdən “qatar”dan qalmaq olur ki...               

Saysız düşüncələr formalaşdıran bu hekayədə diqqətimi cəlb edən daha bir məqam qəhrəmanın qatardan düşdüyü ölkədə insanların öz dillərinə olan münasibəti oldu: heç kəs başqa dildə danışmır, yalnız öz doğma dillərində! Maraqlıdır, deyilmi?

Ümumiyyətlə, hekayədən ötürülən mesajlar çoxdur. Onlar zamana və oxuculara buraxılır. Bir danılmaz gerçəklik isə ortadadır: 87 yaşlı Anarın  87 yaşaqədərki yazarlardan  Anar ədəbi düşüncəsinin, Anar ədəbi fəhminin hər zaman öndə olduğu faktı inkaredilməzdir.

Bir də onun ləyaqətlə anmaq və  anlatmaq dərsləri ilə hər zaman  öyrədəcəyi şübhəsizdir.

Belə, Anar müəllim, yaşayın, yaradın! Yeni sabahlarda yazılacaq  yeni yazılar istəyilə...

Şaiqə Həmzəqızı

 





13.03.2025    çap et  çap et