525.Az

"Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas" müzakirə edilib


 

"Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas" müzakirə edilib<b style="color:red"></b>

Dekabrın 5-də "Turan Cavid Qadın Mərkəzi" İctimai Birliyi AMEA Mərkəzi Kitabxanasında böyük şair və dramaturq Hüseyn Cavid və görkəmli alim, tənqidçi Məmməd Arif Dadaşzadənin yaradıcılığına həsr olunmuş "Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas" adlı elmi, ədəbi-bədii tədbir keçirib.

Tədbir AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzinin təşkilati dəstəyi ilə gerçəkləşdirilib.

"Turan Cavid Qadın Mərkəzi" İctimai Birliyinin sədri Sevda Cəfərova öz giriş sözündə tədbirin mövzusu ilə bağlı əsas məqamlara toxunub.

Filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd "Bədii və ədəbi-nəzəri yaradıcılıqda ictimai-siyasi quruluşa münasibət problemi", filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımov "Totalitar mühit və milli ziyalı düşüncəsi", filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli "Məmməd Arif Dadaşzadənin fəaliyyəti arxiv materiallarında" mövzusunda məruzə ediblər.

Tədbirin ikinci hissəsində Əməkdar incəsənət xadimləri bəstəkar Rəşid Şəfəq və musiqişünas Zümrüd Dadaşzadə H.Cavid və M.Arifin yaradıcılığında musiqinin yerindən, həmçinin 2014-cü ildə 95 yaşı tamam olmuş bəstəkar Ərtoğrol Cavidin əsərlərindən söz açıblar.
 
Daha sonra Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Eyyub Yaqubov, BMA-nın dosenti Məleykə Əhədzadə, Famil Əliyev və başqa musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının yaratmaları səslənib. Gənc pianoçu, beynəlxalq müsabiqə laureatı Vurğun Vəkilov ilk dəfə, Ə.Cavidin anası Mişkinaz xanıma ithaf etdiyi "Naxçıvan mənzərələri" silsiləsindən pyesləri səsləndirib.
 
Tədbir iştirakçıları H.Cavid və M.Arifin zəngin, çoxcəhətli yaradıcılığını müxtəlif aspektlərdən işıqlandıran, onların həyat və fəaliyyətinin yeni tərəflərini əks etdirən fotoslaydlarla tanış olublar.

S.ABDULLAYEVA

 





05.12.2014    çap et  çap et