525.Az

Nadir sənət incilərimiz - Borçalı xalçaları dünya muzeylərində


 

Nadir sənət incilərimiz - Borçalı xalçaları dünya muzeylərində<b style="color:red"></b>

Nadir sənət inciləri olan Borçalı xalçalarına dünyanın hər yerində rast gəlmək mümkündür.

Bu gözəl əl işləri Azərbaycan mədəniyyətini anlamaq üçün özünəməxsus önəmə malik açarlar olmaqla yanaşı, həm də ötən dövrlərdən bizə yadigardır. Bu xalçaların adları Qafqazın şimal-qərbində yerləşən qədim Borçalı toponimi ilə bağlıdır.

Bu yerlərdə tərəkəmə qoyunçuluğun yaşı çox-çox qədimlərə çıxdığı kimi, bədii toxuculuğun da ulu tarixi var. Borçalıda keramika, metal, ağac və daş üzərində oymada, bədii tikmələrdə, zərgərlikdə, şəbəkə işlərində, kaşı və gəctəraşlıqda bəzəkvurma ilə yanaşı, inkışaf edən xalçaçılıq sənəti həm texniki, həm də bədii səviyyəsi ilə seçilib. Borçalıların incə zövqünün bəhrəsi olan cəhrənin, həvənin, kirkidin, cünsünün, hörəngələnin vasitəsi ilə hörmə üsulu ilə hazırlanan xovsuz palaz, kilim, şəddə, vərni, zili, cecim, məişət xalça əşyaları - xurcun, heybə, taxtüstü, yəhərüstü, çuval, məfrəş, çul, çətən, həsir, duzluqlardan başlamış həna vasitəsilə mürəkkəb qullabı və dolama ilmə-düyün toxuma üsulu ilə hazırlanan xovlu xalılara, gəvələrə qədər zərif sənət incilərimiz evlərimizdə, qonaq otaqlarımızda, yaylaq dəyələrimizdə içərini isti saxlamaq, səs-küyün qabağını almaqla yanaşı, insana yüksək estetik zövq bəxş edir.

XIX yüzilə aid bir neçə Borçalı xalısı dünya muzeylərində, Azərbaycan Dövlət İncəsənət Muzeyində başqa saxlanclarda qorunur. Bu dövr Borçalı xalçalarının ornament motivlərində də qədim mifik izlər güclüdür, totem səciyyəli, stilizə olunmuş insan, heyvan və guş təsvirləri üstünlük təşkil edir. Bu baximdan maraq doğuran Borçalı xalçalarından biri "Ziynətnişan" və ya "Zeynənişan" çeşidli xalıdır. Əsasən Qızılhacılı kəndində toxunmuş bu xalı bilicilərin bildirdikləri kimi, haşiyə zolağı və yaxud hər hansı başqa elementlə deyil, mərkəz arasahəsindəki dördbucaqlı göllə seçilir. Lətif Kərimovun duyumuna görə, xalının əsas əlaməti hesab edilən göl keçə ayaqqabı geyinmiş, başına qoyun dərisindən iri züllə papaq qoymuş qüdrətli qəhrəmanın ifadəsidir. Rəsm güclü məcazi, obrazlı anlamdadır. Yenə L. Kərimovun bildirdiyinə görə, belə təsvirləri İX - X yüzillərin qəbirüstü kitabələrində də görmək olardı.

Əlavə olaraq qeyd edək ki, həmin rəsmdə məhz Borçalı qarapapaqlarının da təsviri duyulur. Bu baxımdan L. Kərimov "Papaqlı " çeşnili xalıları Borçalı qarapapaqlarının toxuduğunu bildirməkdə tam haqlıdır.

Xalçalarımızda müxtəlif heyvanların, məişət əşyalarının obrazlı təsvirləri, orijinal naxışlar diqqəti cəlb edir.

Belə ki Borçalıda toxunmuş və Azərbaycan İncəsənət Muzeyində saxlanan "Qaraqoyunlu" xalısının çeşnilərindən birində adam və at, digərində tazı, başqa birində at, birində inək, Faxralı xalısında sırğa, "Qaraçöp" xalısının çeşnilərində ağac, şamdan, "Qarayazı" xalısında güzgü, "Qaçağan" xalısının çeşnilərində zərif həndəsi naxışlar onların sənət özünəxaslığını şərtləndirir.

Borçalı xalılarının məşhurlarından biri "Qurbağalı" çeşnişidir. Bu çeşniyə şöhrət gətirən ondakı qurbağa təsvirinin totem səciyyəsidir. Qədimdən xalqımızın qurbağanın müqəddəsləşdirdiyi , tunc dövründə, yəni miladdan öncə V-II minillər arası qəbirlərdə çanaqlı bağa çanağı qoyulduğu, qədim yazı abidələrimizdən olan Gültəkinin qəbri üzərindəki daşda çanaqlı bağa təsviri olduğu bəllidir. Suda balıq, quruda bülbül tapındığımız bu heyvana Borçalıda da ehtiram böyük olub. Bu xalı məhz həmin mifik dünyabaxışın ifadəsidir. Azərbaycan İncəsənət Muzeyinin ekspozisiyasında XIX yüzildə Borçalının Faxralı, Görarxı, Arıxlı ellərində toxunmuş bir neçə "Qurbağalı" xalısı var.

Borçalı xalçaçılıq məktəbinin şah əsərlərindən olan "Ləmbəli"nin XIX əsrə aid çeşnilərindən birində arasahə gölünün ortasındakı motiv də çanaqlı bağa (tısbağa) və yaxud qurbağa təsviridir. "Ləmbəli"nin yeləni adətən ağ rəngdə olur. Əksər Borçalı xalıları orta ölçüdə olduğu halda, "Ləmbəli" qismən böyük ölçüdə toxunurdu.

Qaçağan, Kirəc Muğanlı, Qaş Muğanlı və başqa obalarda toxunmuş, "Qaçağan" ümumi adı ilə bəlli olmuş xalı-gəvənin arasahəsinin kompozisiyası mərkəzdə bir-birinin ardınca şaquli yerləşən rombvarı göllərdən ibarətdir. Arasahənin qıraqları boyu bu göllərin yarısı şəklində, hər küncdə isə gölün çərəyi şəklində motivlər təkrar olunur. Göllər və onların hissələri geniş dolambağ xətlər yaradır və bu, kompozisiyanı zənginləşdirir, ona bütövlük verir.

"Qarayazı" xalılarının əsas xüsusiyyəti onlarda quş, heyvan təsvirlərinin çox ifadəli olmasıdır. Həmin çeşnilərdə durna, qu quşu, inək, qoyun, tazı, ceyran motivləri var. Bu xalıların çeşnilərindən birində qızılı açıq yaşıl, tünd göy və açıq sürməyi təbii yun rəng çalarlarından istifadə olunub və tən ortadakı göl asimanda süzən dörd iri qu quşu təsviri ilə əhatələnib.Bu quşlar bəzəkdir və məcazi obrazlı anlamdadır.

Aşağı arasahədə uzunsov kitabə motivi var. Haşiyə sadədir, ancaq onun işıqlı zolağı xalının qırmızı yelənini olduqca açır.Ticarət dairələrində "Qarayazı" kimi bəlli olmuş bu xalı xalça toxucuları arasında "Quşçu" adı ilə tanınıb. Ümumiyyətlə, Borçalı- Qarayazı bölgəsinin Kürüstü el- obalarında toxunmuş xalı-gəvələr "Dəmirçi-Həsənli" ümumi adı ilə bəlli olublar.

Qullabı ilmə-düyün texnikası, klassik naxış üslubu, uğurlu rəng münasibətləri ilə seçilən "Qaraçöp" xalçaları da Borçalı yarımqrupuna aiddir. Yor Muğanlı, Düzəyrəm, Ləmbəli, Keşəli, tüllər, Qazlar ellərində toxunmuş xalılar "Qarabirçək"ümumi adı ilə də bəllidir.  "Qaraçöp" çeşnilərinin kompozisiyası qarmaq motivləri ilə haşiyələnmiş bir çox iri elementlərdən təşkildir və bu elementlər, bilicilərin qeyd etdiklərinə görə, yalnız "Qaraçöp" çeşnilərinə xasdır. "Qaraçöp" çeşnilərinin birində qoçbuynuzlu quyrumlar arasında müxtəlif həndəsi fiqurlar təsvir olunur. Tən ortadakı iri gölün qıraqlarında , ortadakı əsas haşiyənin kənarlarında da qoçbuynuzlu şəkilli gəzmə quyrumlar gedir. Əsas rənglər ot yaşıl, al-qırmızı, qızılı-sarı, ağ və qara rənglərdir. "Qaraçöp" xalı gəvələrinin arasahəsinin ortasındakı böyük göl onu bədii cəhətdən kamilləşdirir, bütövləşdirir. Bu tip çeşnilərə yaşıl rəngli arasahə daha çox səciyyəvidir, ona görə də toxucular arasında bu xalılar "Yaşıllı" kimi tanınıblar. Bu xalı-gəvələrin "Qırxquyrum", "Çiyinli", "Marallı", "Üç göl", "Dörd göl", "Yeddi göl" çeşniləri də var. Texniki-bədii baxımdan sərbəst quruluşlu, orijinal süjetli Qaraçöp xalçaları, L. Kərimovun da qiymətləndirdiyi kimi, yüksək səviyyəli xalçalar cərgəsinə daxildir.

...Ulu Borçalının sirli-sehirli bir dünyası da var - bu, xalçalardır. Hər incə naxışda, ilmə-düyündə, əriş-arqacda nənələrimizin ürəklərinin hərarəti, arzu-istəklərinin işığı, ahıllarımızın dağ təmkini, oğul-qızlarımızın qeyrəti, bu torpağın gül-çiçəyinin ətri, saf sularının büllurluğu yaşar.

Almaz YURDSEVƏR

 





05.12.2014    çap et  çap et