525.Az

“Yeni yollar, üsullar tapmalıyıq”


 

“TƏHSİLDƏ MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏR: HARMONİK ŞƏXSİYYƏTİN FORMALAŞMASI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

“Yeni yollar, üsullar tapmalıyıq”<b style="color:red"></b>

Dünən Təhsil Problemləri İnstitutu, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd təhsil alanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyalar, mövcud qabaqcıl təcrübənin mübadiləsi və onun Azərbaycan təhsilinə inteqrasiyasıdır: “Azərbaycanda təhsilə yüksək səviyyədə xüsusi dövlət qayğısı var. Çoxsahəli təhsillə bağlı həyata keçirilən dövlət proqramları, təhsil islahatı layihəsi çərçivəsində böyük işlər görülüb. Təhsil islahatı prosesi əbədi  prosesdir.
Ölkəmizdə təhsilin maddi bazası genişləndirilib, keyfiyyətinin yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb”.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, təhsildə mənəvi-əxlaqi dəyərlər ən ümdə məsələlərdən biridir: “Bu gün hər bir ölkənin qarşısında mühüm vəzifələr durur.  Biz mürəkkəb dövrdə yaşayırıq. Belə bir  dövrdə bilikli,  yüksək dünya görüşünə malik, mənəvi cəhətdən sağlam gəncləri formalaşdırmaq ən mürəkkəb problemlərdən biridir. Müəllim dərsi tədris etdikdə tərbiyəyə xüsusi diqqət yetirməlidir. Mənəvi tərbiyə hər zaman diqqət mərkəzində olub”.

O, eyni zamanda Azərbaycan təhsilinin Sovet dövründə mövcud olan ideoloji mühitdən ayrılaraq dünya standartlarında öz əksini tapan təhsil sisteminə yiyələndiyini və bu zaman insan amilinin, yüksək mənəvi-əxlaqi dəyərlərin ön plana çəkildiyini qeyd edib.

Beynəlxalq konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda insan faktorunun çox önəmli olduğunu deyib: “Cəmiyyətin mənəvi tərbiyəsi ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə öz təzahürünü tapır. Yeni nəsil elə bir səviyyədə yetişməlidir ki, yaşlı nəslin qurub-yaratdıqlarını qoruyub saxlaya bilsin. Bu gün cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsi də xüsusi nəzarətə alınmalıdır. Gender bərabərliyindən, cəmiyyəti idarə edən kişi-qadın münasibətlərindən, onların hüquqlarından danışırıqsa, təhsil prosesində uşaqlara humanist yanaşma çox önəmlidir. Bu mövzu tək Azərbaycanı deyil, bütün dünyanı düşündürən bir məsələdir.  Yeni yollar, üsullar tapmalıyıq ki, gələcək nəsil yüksək mənəvi-əxlaqi dəyərlərə malik ola bilsinlər”.

Vəfa MƏMMƏDLİ

 





06.12.2014    çap et  çap et