525.Az

Təhsil Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzinin açılışı olub


 

Təhsil Problemləri İnstitutunda Humanist Pedaqogika Mərkəzinin açılışı olub<b style="color:red"></b> Təhsil Problemləri İnstitutunun nəzdində Azərbaycanda ilk olan yeni mərkəz Humanist Pedaqogika Mərkəzi açılıb.

İnstitutdan “525”ə verilən xəbərə görə,  açılışda çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunan əsas məzmuna toxunub. O birdirib ki, inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır.

Qulu Novruzov təhsilin insanlara texnologiyaları çevik mənimsəməklə yanaşı, əmək bazarında layiqli yer tutmaları və ömür boyu təhsil prosesinə qoşulmaları, sağlam həyat tərzi və ətraf mühitə münasibətdə düzgün mövqe seçmələri üçün pedaqoji tərbiyənin çox böyük rol oynadığını vurğulayıb. Bu sahədə əsas insanların humanist yanaşmasının daha qabarıq görünməsi və humanist yanaşmanın təbliği məsələsidir ki, buna da xüsusi diqqət yetirilməlidir. O, təhsil sistemində və yeni yetişən gənc nəsildə sağlam düşüncənin formalaşması üçün yeni olan Humanist Peqadogikanın tədrisdə tətbiqinin zəruri olduğunu bildirib: “Bu səbəbdən institumuzda Azərbaycanda ilk dəfə Humanist Pedaqogika Mərkəzinin yaradılması məqsədəuyğun hesab olunur”.

Mərkəzin açılışından sonra dəyirmi masa keçirilib. Tədbirdə xarici qonaqlar – Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili, akademik Paata Amonaşvili ,”Valideyn qayğısı” Beynəlxalq ictimai hərəkatın sədri Klara Mansurova , psixologiya üzrə fəlsəfə doktoru Valeri Voşinin və digər şəxslər iştirak edib.

Vəfa MƏMMƏDLİ
 





06.12.2014    çap et  çap et