525.Az

İnformasiya təhlükəsizliyi mediada necə qorunur?


 

DÖVLƏT SİRRİNİN YAYILMASI HALLARININ KƏSKİN SURƏTDƏ AZALDIĞI MÜŞAHİDƏ OLUNUB

İnformasiya təhlükəsizliyi mediada necə qorunur? <b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda tədbir keçirildi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd etdi ki, bu ilin avqustunda cəbhə xəttində baş verən hadisələrdən sonra bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilmədilər. Onun sözlərinə görə, təmas xəttində yaranan insidentlə bağlı bir sıra mətbuat orqanlarında yanlış məlumatlar öz əksini tapdı: “Avqust hadisələrindən sonra informasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması məsələlərində bir sıra problemlər özünü göstərdi. Xüsusilə, hərbi birləşmələrin yerdəyişməsi, dislokasiyası, hərbi texnikası haqda məlumatların yayılması dövlət sirrinin bilavasitə pozulmasına dəlalət edib. Bu hadisələrdən sonra dövlət əhəmiyyətli bir sıra tədbirlərin keçirilməsi qərara alındı. Bunlardan ən dərin məzmunlusu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bütün media orqanlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi tədbir idi”.

Ə.Amaşov dövlət başçısı İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamını xatırladaraq, bundan sonra informasiya təhlükəsizliyi və hərbi sirrin yayılmasının qarşısının alınmasıyla bağlı məsələlərin gündəmə gəldiyini bildirdi: “Bu sahədə yanlışlıqların aradan qaldırılması üçün dövlət orqanları, xüsusilə Müdafiə Nazirliyi ilə jurnalistlərin qarşılıqlı əməkdaşlığının artırılması, media nümayəndələrinin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, onların akkreditasiya məsələlərinin həll olunmasıyla bağlı tədbirlərin görülməsi vacib sayılır. Bununla bağlı Mətbuat Şurasının da qarşısına bir sıra vəzifələr qoyuldu”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda yaranan gərginliyin KİV-lərdə informasiya təhlükəsizliyinin və dövlət sirrinin qorunması məsələsini gündəmə gətridiyini deyən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirdi ki, Azərbaycan erməni lobbisinin və daxildəki “beşinci kolon”un təsirinə məruz qalır: “Müstəqil siyasət yürüdən Azərbaycan vaxtaşırı olaraq müxtəlif qüvvələrin təzyiqlərinə məruz qaldığı bir vaxtda erməni lobbisi və ermənipərəst qüvvələr informasiya məkanımızda dövlət sirrinin yayılmasından öz maraqları üçün istifadə edirlər. Avqustun əvvəllərində qoşunların təmas xəttində törədilən təxribatlar, ötən ay işğal olunmuş ərazilərdə Ermənistanın hərbi təlimlər keçirməsi və helikopterin vurulması hadisəsi göstərdi ki, erməni informasiya resursları cəbhə bölgəsində informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, ermənilərin növbəti təxribatları istisna olunmur. Ermənilər həm də qondarma soyqırımın yüz illiyi ilə bağlı Türkiyədə tədbirlər keçirməyə başlayıblar və bundan Azərbaycana qarşı da istifadə etməyə çalışacaqlar”.

V. Əliyevin sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev keçirdiyi müşavirədə mövcud vəziyyəti təhlil etdi və çıxış yollarını göstərdi: “Qeyd edildi ki, bəzi KİV-lər milli maraqlara məhəl qoymadan, bəzən ermənilərin maraqlarına uyğun fəaliyyət göstərir və müvafiq qurumların mətbuat xidmətlərinin fəaliyyətində çatışmazlıqlar var. Prezidentin imzaladığı sərəncamda müdafiə və təhlükəsizlik sahəsində qanunların, dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını alan tədbirlər müəyyənləşdirildi. Artıq müvafiq qurumlar tədbirlər həyata keçirirlər.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb və həyata keçirməkdədir. Avqustun əvvəlində baş vermiş hadisə ilə müqayisədə helikopter vurulan dövrdə mətbuat məsələlərə kifayət qədər peşəkar yanaşdı. Bildirildi ki, helikopterin vurulması təxribata layiqli cavab oldu.

Ancaq bunlar problemlərin aradan qalxması anlamına gəlmir. Çox təəssüf ki, bəzi İnternet resursları məsələlərə peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmir. Məsələn, bu günlərdə ermənilər guya Murov dağında donmuş cəsədlərlə bağlı və digər təxribat xarakterli məlumatlar yaydılar. Ardınca bizim bəzi elektron KİV-lər bunu tirajladı. Yaxud saytlardan biri bu yaxınlarda vertolyotun helikopterin vurulması ilə bağlı sorğu keçirib, guya rəyi soruşulanların 49 faizi bunu müsbət qarşılamayıb. Bəzi qruplar Qərbin qrantlarının təsiri altında hərəkət edir. Ermənistanın sözçüsü kimi çıxış edən bəzi xarici təşkilatlara münasibətdə hücum taktikası həyata keçirilməlidir”.

V.Əliyev Azərbaycanda KİV-in kifayət qədər inkişaf etdiyini söylədi: “Biz informasiya axınının arxasıyla getməməliyik. Əksinə, gündəmi yaratmağı bacarmalıyıq. Bu gün Azərbaycan mediası nüfuzuna görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur. Hesab edirəm ki, jurnalistlər arasında ixtisaslaşma aparılması və onların müvafiq qurumlarda akkreditasiyası vacibdir. Xüsusən, söhbət hərbi sahədə yazan jurnalistlərdən gedir. Erməni mənbələrinin yaydığı dezinformasiyalar fakt kimi qəbul edilməməli, Müdafiə Nazirliyi və digər strukturlarla dəqiqləşdirilməlidir”.

Mövcud problemin spesifik xüsusiyyətləri barədə məlumat verən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirdi ki, müdafiə nazirinin müvafiq qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında təlimat” hazırlanaraq qoşunlara göndərildi. Sənəddə KİV-nin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapdı: “Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə “Jurnalistlərin cəbhəboyu zonalara akkreditasiyası və xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın layihəsi hazırlandı. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olundu. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən “Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar” toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olundu. Hazırda “İnformasiya təhlükəsizliyi” və “Fiziki təhlükəsizlik” üzrə məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırıldı və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”.

Son tədbirlərdən sonra KİV-də informasiya təhlükəsizliyi sahəsində vəziyyətin müsbətə doğru dəyişdiyini deyən V.Dərgahlı qeyd etdi ki, mətbuat orqanları məlumatın Müdafiə Nazirliyi tərəfindən gecikdirilməsi məsələsinə deyil,  dəqiq və olduğu kimi çatdırılmasına diqqət yetirsinlər.

Müdaifə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin nümayəndəsi Rafiq Məmmədov hərbi sirrin yayılmasının yolverilməz olduğunu bildirdi. Onun sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamından sonra Müdafiə Nazirliyi tabeçiliyində olan hərbi hissələrin şəxsi heyətini bu barədə məlumatlandırdı və müvafiq tapşırıqlarını verdi. Eyni zamanda, cəbhə bölgəsində yaşayan əhalinin dövlət sirrinin yayılmasına yol verməmələri üçün təbliğat-təşviqat, maarifləndirmə tədbirlərinin də həyata keçirildiyini bildirən R.Məmmədov bu sahədə çatışmazlıqların aradan qaldırılması üçün həm dövlət orqanlarının, həm medianın, həm də sıravi vətəndaşların üzərinə müəyyən öhdəliklərin düşdüyünü xatırlatdı.

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı hesab edir ki, hazırda bizim üçün ən aktual mövzulardan biri dövlət sirrinin yayılmasının qarşısının alınmasıdır. Onun sözlərinə görə, bəzən hansısa media qurumları informasiya ötürərkən yanlışlığa yol verə bilər: “Söhbət peşəkar jurnalistikadan gedir və heç kəs bundan sığortalanmayıb. Əgər hərbi jurnalistikada hücum taktikasını seçiriksə, hər hansı bir insidentlə bağlı məlumatı düşməndən qabaq biz verməliyik. Hesab edirəm ki, bununla bağlı Müdafiə Nazirliyinin operativliyinin artırılması vacibdir”.

Dünyanın əksər ölkələrində informasiya mühitinə ciddi şəkildə nəzarət olunduğunu deyən V.Mahirqızı qeyd etdi ki, bu belə də olmalıdır. O, bildirdi ki, əks halda dövlət öz informasiya təhlükəsizliyini qoruyub saxlaya bilməz: “Eyni zamanda, unutmaq olmaz ki, biz müharibə şəraitində yaşayırıq və informasiya müharibəsi aparırıq. Mətbuatla işin koordinasiyalı surətdə aparılması vacibdir. Mən bununla bağlı işçi qrupun yaradılmasını təklif edirəm”.

Millət vəkili Aqil Abbasın sözlərinə görə, Müdafiə Nazirliyi operativ olmalıdır ki, mətbuatı qabaqlaya bilsin. O, qeyd edib ki, helikopterin vurulduğunu videoya çəkən və onu vuran da hərbçi idi: “Orada jurnalist yox idi.

O videonu yayan hərbçi cəzalandırıldımı?”

A.Abbas helikopteri vuran hərbçinin KİV-də reklam edilməsini, ailəsində çəkilişlər aparılmasını düzgün saymadı: “Helikopteri vuranla bağlı məlumatların geniş şəkildə yayılması düzgün deyildi”.

Millət vəkili Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əhmədovun cəsədini çiyinlərində daşıyan hərbçi ilə bağlı məlumatların yayılması məsələsinə də toxunaraq, bu amildən erməni mətbuatının əlavə bir mövzu kimi yararlandıqlarını diqqətə çatdırdı: “Bu məsələdə həm mətbuatın, həm də Müdafiə Nazirliyinin səhvi var”.

“Publika.az”ın rəhbəri Aynur Camalqızı bu vəziyyətdən çıxış yollarının axtarmağın vacib olduğunu bildirdi. Onun sözlərinə görə, müzakirəyə çıxarılan məsələlər olduqca aktualdır: “İnformasiya təhlükəsizliyinin pozulması onlayn media orqanları arasında gedən rəqabətdən də irəli gəldiyini bildirib. Vəziyyətdən çıxmaq üçün Mətbuat Şurasının dəstəyi ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması vacibdir.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev bu sahədə problemlərin aradan qaldırılması üçün ali təhsil səviyyəsində “İnformasiya təhlükəsizliyi” ixtisasının yaradılmasını təklif etdi.

Qeyd edək ki, informasiya təhlükəsizliyi sahəsində aparılan müzakirələrdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin direktor müavini Faiq Hüsiyev, eləcə də digər dövlət və mətbuat nümayəndələri iştirak edirdilər.

Ceyhun ABASOV

 





06.12.2014    çap et  çap et