AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının
yaradılmasının 80 illliyinə və 27 Mart – Elm Gününə həsr olunmuş elmi konfrans keçirilib.
525.az xəbər verir ki, “Azərbaycanın elm məbədi” adlı elmi konfrans AMEA-nın Naxçıvan Bölməsi,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu
(Naxçıvan) və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev
açıb.
AMEA-nın 80 illik fəaliyyətindən danışan bölmə sədri qeyd edib ki, bu elm məbədinin
sələfi 1923-cü ildə yaranmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti olmuşdur. Belə ki,
Azərbaycanda elmə sistemli yanaşmanın əsası məhz həmin cəmiyyət tərəfindən qoyulmuş, 1932-
ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə
həmin şöbə əsasında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı formalaşdırılmışdır.
Nəhayət, 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyası təsis olunmuş, mart ayının 31-
də onun strukturu formalaşdırılmışdır.
Elmin cəmiyyətin inkişafındakı önəminə diqqət çəkən natiq çıxışının davamında AMEA-
nın 80 illik fəaliyyətini dövrlər üzrə yığcam təhlil edib. Vurğulanıb ki, Azərbaycan EA-nın
inkişafının ən əlamətdar mərhələ Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin I dövrünə
təsadüf edir. 1983-1993-cü illərdə tənəzzül dövrünü yaşayan Azərbaycan EA Ümummilli Liderin
ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə özünün yüksələn inkişaf yoluna qədəm qoymuşdur.
2001-ci ildə Ulu Öndərin xüsusi Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli”
statusunun verilməsi, 2016-cı ildə “Elm haqqında Azərbaycan Respublikası Qanunu”nun qəbul
olunması, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 Mart – Elm Gününün təsis
edilməsi, o cümlədən elm sahəsində aparılan islahatlar elmə və elm adamlarına göstərilən
diqqətin təzahürüdür.
Bölmə sədri Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti dövründə əldə olunan
əsas elmi nailiyyətlər və aparılan məqsədyönlü islahatlar barədə danışıb.
Çıxışının sonunda akademik konfrans iştirakçılarını AMEA-nın 80 illik yubileyi, Elm
Günü, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, onlara xoş
arzularını çatdırıb.
Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.
Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman
Xəlilov “Azərbaycan Elmlər Akademiyasının yaranmasında Tədqiq və Tətəbbö Cəmiyyətinin
rolu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor
Əbülfəz Quliyev “Azərbaycan Elmlər Akademiyası inkişaf yollarında: 1945-1969-cu illər”,
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü,
professor Vəli Baxşəliyev “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev “Azərbaycan Elmlər Akademiyasının
yaranmasından sonra Naxçıvanda fundamental və tətbiqi elm sahələrinin inkişafı”, Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyi Batabat Astrofizika Rəsədxanasının direktor vəzifəsini
müvəqqəti icra edən Ruslan Məmmədov “Azərbaycan Elmlər Akademiyasının yaranması və
astronomiya elminin inkişafı məsələləri”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bioresurslar İnstitutunun direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov
“Azərbaycan Milli Elmlər Akademiyası 2003-2025-ci illərdə” mövzusunda məruzə ediblər.