525.Az

Rəşad Məcid gənc ədiblərlə görüşə “Çiyələk qadın”la gəldi


 

Rəşad Məcid gənc ədiblərlə görüşə “Çiyələk qadın”la gəldi <b style="color:red"></b>

Dünən Yazıçılar Birliyinin “Natəvan” klubunda gənclərin qələbəliyi mənə 5 il öncəni xatırlatdı. O zaman Gənc Ədiblər Məktəbində (GƏM) Rəşad Məcidin rəhbərliyi ilə keçirilən hər bir görüş dünənki yığıncağa bənzəyirdi.

Ötən gün Yazıçılar Birliyində gənc ədiblərin növbəti qonağı qurumun katibi və GƏM-in rəhbəri Rəşad Məcid idi. Heç vaxt toplantıya əliboş gəlməsə də, budəfəki gəlişi bir qədər də fərqli idi – gətirdiyi töhfəyə görə. O, görüşə AYB-nin mətbuat katibi Xəyal Rzanın müəllifi olduğu “Aybkitab” seriyasından nəşr edilmiş “Çiyələk qadın”la təşrif buyurmuşdu. Deyəsən, müəllif özü də tədbirdə bu qədər gəncin iştirakını gözləmirdi. Həmişə gəncləri görəndə olduğu kimi, bu gün də Rəşad Məcid daha da cavanlaşmışdı, üz-gözündən fərəh yağırdı.

Daxilindəki 21 yaşlı gənc sevinclə gözlərindən boylanırdı. Və mübaliğəyə yol vermədən deyərdim:

ətrafındakı gənclərin arasında bəlkə də onun qədər enerjili, cavan görünəni yox idi. Bu zahiri görüntüdən də daha artıq daxildəki fərəhdən yaranan gəncləşmənin, pozitiv yükün simaya yansıması idi. Gənclər üçün kitabını imzalamaqla tədbirə başlayan müəllif hansısa televiziya kanalına müsahibə vermək üçün qısa müddətə bizdən ayrılanda toplantını Əsəd Cahangir davam etdirdi. Heç sələflərinə bənzəməyən, bir az süst, iddiasız, utancaq, çəkingən təsiri bağışlayan indiki gənc ədiblər Əsəd Cahangirin filoloji terminlərlə bol çıxışına çox da diqqətlə qulaq asmırdılar. Bütün tədbirlərin əvvəlində olduğu kimi ümumi səs-küy içərisində əvvəlcə tənqidçinin nə danışdığını tam olaraq eşidə bilmədim, amma sonra qulağım çalan bir fikrinə mən də şərik oldum: “Bu tədbirin şahı Rəşad Məciddi”.

Rəşad Məcid elə həminki ironiyalı, şux, ürəkli, ümidli davranışı ilə neçə illər əvvəlki adamdı, amma həndəvərindəki bir neçə gənc istisna olmaqla, gənclər o vaxtkılar deyildi. Rəşad Məcid də çıxışına əvvəlki GƏM-çiləri, istedadlı yazar, mərhum Zərdüşt Şəfini xatırlamaqla başladı. Və hiss etdim ki, sakitcə oturub gözünü ona zilləyən bu gənclərin baxışları altında Rəşad Məcid də əvvəlki bir az dəlisov, bir az ipinin üstünə odun yığılmayan, hərdən sözəbaxan, hərdən də ərköyün olan, amma istedadlı gənc ədiblərin xiffətini çəkirmiş kimi göründü.

Yeni gənc ədiblərdən – narahat görünüşlü Emin Piri, sakit tərzli Ramil Əhməd, çıxış üçün söz veriləndə Rəşad Məcidin “Xilaskar” şeiri ilə bağlı, “pis vərdişlər”ə etirazını bildirən Arzu, tədbirdə iştirakından çox məmnun görünən Elməddin Nicat, Firəngiz Ağalar, Vəfa Mürsəlqızı, Türkan Turan və daha bir neçə nəfər istisna olmaqla, digər gənclərin tədbirə sirayət edən passivliyini Rəşad Məsidin özü və onun haqqında danışanların yüksək əhval-ruhiyyəsi bitirdi.

Qulu Ağsəsin, yaşca ondan böyük, amma özündən xeyli cavan görünən Rəşad Məcid barəsində birnəfəsə və bircə dəfə də “maşallah” demədən qibtəqarışıq rəğbət dolu çıxışını hamı bəyəndi.

Xəyal Rza layihəsi haqqında məlumat verib müəllifi təbrik edəndən sonra onun “Yaxşımı, yaxşı?” şeirini oxudu. Şair Oqtay Rza Rəşad Məcid haqqında bir neçə il öncə yazdığı şeirə oradaca 3 bənd də əlavə edib “isti-isti” qonaqların diqqətinə çatdırdı. 

Əvvəlki gənc ədiblərdən Anar Amin dedi ki, Rəşad müəllim, ola bilər kimlərsə, ətəyinizdən tutub qalxıb, sonra sizi tanımayıb, amma mən heç vaxt sizin əməyinizi dana bilmərəm. Siz həmişə mənə xüsusi münasibət göstərmisiniz, dəstək olmusunuz.

Rəşad Məcid çıxışların arasında da həyatı ilə bağlı maraqlı məqamları da bölüşməyi unutmadı. Valideynlərinin onun başqa sahəyə yönəltmək istəməsindən, ancaq Xalq şairi Hüseyn Arifin  tövsiyəsindən sonra həyat yolunu müəyyənləşdirməsindən, jurnalistikaya, ədəbiyyata gəlişindən danışdı. 15 yaşı olanda şeirlərini oxumağa verdiyi Vaqif Bayatlının məsləhətini xatırladı: “Vaqif müəllim mənə Mayakovskini, Nazım Hikməti, Məmməd Arazı, Əli Kərimi oxumağı və rus dilini öyrənməyi məsləhət gördü”.

Rəşad Məcid dedi ki, onun üçün şeirin məxsusi mahiyyəti var: “Şeir təbiət hadisəsidir. 1991-də, 1992-də, 1996-cı ildə yazmışam. Düşünürdüm ki, bir də yazmaram. Ancaq yazdıran yenə yazdırdı. “Aybkitab” layihəsində çıxan bu kitabın adı Xəyal Rzanın ideyasıdır, mən də etiraz etmədim. Bildiyiniz kimi, kitabın adının götürüldüyü şeirə tanınmış sənətçimiz Xumar Qədimova bu yaxınlarda mahnı bəstələyib”. 

Sonda mənə söz veriləndə məsuliyyət qarışıq qürur hissi ilə orada dediyimi indi burada yazıram: “Sözü yazıda əbədiləşdirmək lazımdır. Söz yazıya alınacaq həddə qədər dolğunlaşmırsa, gəlişigözəl jest kimi sadəcə səslənmək naminə deyilirsə, unudulub gedəndi. Rəşad Məcid və onun gənclərə qayğısı, dəstəyi haqqında danışmaqdan daha çox, onun barəsində yazmaq lazımdı, o, buna çoxdan layiqdir”.     

Sevinc MÜRVƏTQIZI

 





06.12.2014    çap et  çap et