Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Bu barədə 525.az-a BANM-dən məlumat verilib.
Açılış nitqi ilə çıxış edən BANM rektoru Elmar Qasımov bayram münasibətilə tələbə və əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində Novruz sərgisi təşkil olunub, əməkdaş və tələbələrin hazırladığı bayram guşələrinə baxış keçirilib. Qonaqlar Novruz təamlarının dadına baxıb, əl işləri yarmarkasına qatılıblar. Binəqədi rayonundakı uşaq sığınacağının sakinlərinin əl işləri böyük maraqla qarşılanıb. Bayramın əyləncəli hissəsində yumurta döyüşdürülüb, tələbələr arasında qalib müəyyən edilib.
Sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında səhnəciklər, rəqslər, şeirlər və musiqi nömrələri təqdim olunub. Sonda əməkdaşlar arasında Şans Lotereyası keçirilib və qaliblər müxtəlif hədiyyələr qazanıblar.
Sevinc Qarayeva