525.Az

Pakistandakı səfirliyimiz İslamabadda xeyriyyə bazarında iştirak edib - Fotoreportaj


 

Pakistandakı səfirliyimiz İslamabadda xeyriyyə bazarında iştirak edib - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanın Pakistandakı səfirliyi dekabrın 7-də Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil olunmuş xeyriyyə bazarında  iştirak edib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, Pakistan paytaxtının Serena mehmanxanasında təşkil olunmuş bazarda Pakistanın birinci xanımı Mahmooda Mamnun, baş nazirin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Sərtac Əziz,  xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katib Aiziaz Çoudri, senatorlar, Milli Assambleyanın deputatları, digər qurumların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Bazarda İslamabadda akkreditə olunmuş səfirliklər öz ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif milli məişət əşyaları, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş ediblər.

Serena mehmanxanasındakı Azərbaycan guşəsində İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası,  Şəki xanlarının sarayı, Nizami məqbərəsi, Mömünəxatun türbəsi, həmçinin Bakının qədim və müasir abidələrinin maketləri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş nəşrlər, Azərbaycanın iqtisadi inkişafından və mədəni həyatından, Azərbaycan-Pakistan dostluq münasibətlərindən bəhs edən kitablar nümayişi və xeyriyyə məqsədi üçün satışı təşkil edilib.  Azərbaycan guşəsində olan ziyarətçilər Azərbaycanın zəngin mətbəxinin nümunələri ilə tanış olublar.

Pakistanın birinci xanımı, baş nazirin müşaviri, xarici işlər üzrə dövlət naziri və katibi Azərbaycan guşəsinə gələrək ölkəmizin iqtisadi inkişafına dair kitablarla maraqlanmış, suvenirlərə,  müxtəlif eksponatlara və Azərbaycanın milli şirniyyatları ilə tanış olublar. Guşədə olan  qonaqlar Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla söhbətlərində iki ölkələrin dostluq münasibətlərini qeyd edib, xalqlarımızın mədəni bənzərlikləri haqqında danışıb, sərgidə fəal iştirak etdiyinə görə, Azərbaycan səfirliyinin kollektivinə təşəkkürünü bildiriblər.

Satışlardan əldə olunan vəsait Pakistan xeyriyyə fonduna köçürülüb.

    

 





08.12.2014    çap et  çap et