525.Az

Yusif Günaydının taziyanələri


 

Yusif Günaydının <b style="color:red">taziyanələri</b>

Epidemiya

Bəxtim mənə üz vermədi, tutsam da ipindən,
Şahlıq quşu da dad eləyir quş qripindən.
    
Şərq təqvimi

İlin axır gecəsi, həftənin cüt günüdür,
Yeni il donquz ili, yeni gün it günüdür.
    
“Bursaspor” – “Valensiya” – 0:4

Cumacaq şövq ilə top qovmaq üçün “Bursa” əgər,
Lovğanın heç də pis olmaz qulağın bursa əgər.
Qol yeməkdən “daha doydum” desə, çox yaxşı olar,
Yaman olmaz, arabir “Bursa” da qol vursa əgər.
    
Top model – 2010

Gözəllik ondur,
Doqquzu silikondur.
    
Rəssam xanımın “Abort” adlı əsərinə rəy

Əsərin adını mən qoyum, əfv et,
“Abort” əvəzinə “Avtoportret”.

“Teatrşünas”a

Yerin tövlədədir desəm, can-ciyər,
Şəksiz ki, danalar məndən inciyər.

lll

Hər sabah qənşərimə bir sürü naqqal gəlir,
Gah topal, gah təpəgöz, gah topasaqqal gəlir.
    
Üləmanın güzəri hər dəfə baqqala düşür,
Elmü ürfan evinə şəst ilə baqqal gəlir.
    
Yolunu düz gedənə it hürəcəkmiş, nə əcəb,
Mənim əhvalıma bax, hürməyə çaqqal gəlir...

lll

Yenə də cahilü nadan mənə meydan oxuyur,
Mərifət əhli susur, cahilü nadan oxuyur.
    
Bərəkallah, açıb ağzın da, yumub gözlərini,
Aparıb baş-qulağım, çünki obaşdan oxuyur.
    
Meyli meyxanəyədir, çıxsa da məscid yoluna,
Şəngülüm yerbəyer olmur, görüm hardan oxuyur.
    
Duymayan varsa, deyin, böylədir əsrin mərəzi –
Mərifət əhli susur, cahilü nadan oxuyur.

lll

Sən demirdinmi müxənnət bura gəlməz, gəlir a!
Tas qurub, fal oxuyub, sirrimi bilməz, bilir a!
    
– Mənə qəsd eyləmiş olsa, onu ağlar qoyaram,
Cahilin, bir də deyirdin, üzü gülməz, gülür a!
    
– O girən kol deyil elm aləmi, bizdən xəbər al,
Siz tərəflərdə dəxi qalmadı kol-kos, girir a!
    
Yatasan fil qulağında, alasan zövqü səfa,
Amma fil, ey dili qafil, oyanıb yüksəlir a!

lll
Əslin hardandı, sorursan yenə, ey əhli-qələm,
Yüzdəyüz bakuviyəm, leyk bakinets deyiləm!

 





08.12.2014    çap et  çap et