525.Az

Elm fədaisi


 

Elm fədaisi<b style="color:red"></b>

Görkəmli Azərbaycanşünas alim, ədəbiyyatşünas, tənqidçi, publisist, şair, filosof, elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və dillər” kafedrasında davam etdirən filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə 15-ə qədər elmi monoqrafiyanın, 250-dən çox ədəbi-tənqidi və fəlsəfi-publisistik məqalənin müəllifidir.

Deyilənlər alimin üç cilddən ibarət “Seçilmiş əsərləri”ni, “Elm” nəşriyyatında çap olunan “Nizaməddin Şəmsizadə:  Biblioqrafiya” (2014), yaradıcılığı haqqında 80-dən artıq elmi məqalənin, professor Şamil Vəliyevin “Azərbaycanşünas alim” (2014) monoqrafiyasını, barəsində yazılmış məqalələri, resenziyaları, rəyləri, təbrikləri və şeirləri özündə ehtiva edənləri və “Filosof tənqidçi” kitabını düşüncəyə gətirdikdə həm də ədəbiyyatşünas-tənqidçinin idrakının çevrəsi haqqında ilkin təsəvvür yaratmış olarıq. Bütün bunlar Nizaməddin Şəmsizadənin fitri istedadından, şərəcədən qaynaqlanan məqamlardan, əlbəttə ki, Rəbbimizin ona qarşı səxavətindən soraq verir. Əks halda, yaşının 60-a ucalan çağında həm cismən, həm də ruhən və mənən belə təravətli qala bilməzdi. Bu baxımdan Xalq şairi Zəlimxan Yaqubun onu könül adamı kimi səciyyələndirməsi də təsadüfi deyil. İlk öncə Rəbbindən güc alan  Nizaməddin Şəmsizadə halal, təmənnasız və şərəfli bir ömür yaşayır.

Tale yollarında özünəməxsus bir inamla addımlayır, hədəflərə doğru cəsarətlə irəliləyir. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, elmi xidmətlərinə görə akademik Yusif Məmmədəliyev mükafatının laureatı olması (2003), 2010-cu ildə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (müştərək) kitabına görə Azərbaycan Respublikası Dövlət mükafatına layiq görülməsi, yarım əsrdən artıq bir dövrdən sonra yeni konsepsiya, Şərq və Qərb nəzəri dəyərlərinin vəhdəti, Azərbaycançılıq fəlsəfəsinə dayaqlanan və qlobal elmi düşüncəni özündə ehtiva edən, mütəxəssis filoloqların, jurnalistlərin, sənətşünasların, doktorantların, bakalavr və magistr pilləsində təhsil alanların bilgilənəcəkləri və elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan fundamental “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi buna bariz nümunədir.

Nizaməddin Şəmsizadə ədəbiyyatşünaslıq elminin hüdudlarını aşan çox görkəmli Azərbaycan alimidir. Ədəbiyyatşünaslığın ayrı-ayrı sahələri ilə yanaşı estetika, etika, fəlsəfə və sənətşünaslığa yönəlik yazılar onun geniş erudisiyaya, dərin analitik təfəkkürə və dərin dünyagörüşünə malik alim olduğunu isbat edir. Əslində, Azərbaycan ədəbiyyatşünaslığının çeşidli sahələrinin zənginləşməsində Nizaməddin Şəmsizadənin özünəməxsus xidmətləri vardır. Bu baxımdan adı klassik və müasir ədəbi irsin, ədəbiyyat nəzəriyyəsinin, ədəbi tənqid və ədəbiyyatşünaslığın, ədəbi əlaqələrin mötəbər tədqiqatçıları arasında fəxrlə çəkilə bilər.

Buradan həm də belə bir fikir formalaşır ki, əsərləri gələcək tədqiqatlar üçün aydın və faydalı proqramdır.

Bu gün müasir tələbə – gənclər onu yalnız tənqidçilik, ədəbiyyatşünaslıq və müəllimlik fəaliyyətinə görə deyil, həm də işıqlı şəxsiyyətində aydın və qabarıq görünən zəngin əxlaqi gözəlliyinə görə sevərək alqışlayırlar. İndi Nizaməddin Şəmsizadə həyat və yaradıcılığının mənəvi intibah çağlarını yaşayır. Mənəvi saflığı, təvazökarlığı, müdrikliyi və kamilliyi, məhsuldarlığı ömrün intibah dönəmində daha aydın və parlaq görünür. İntibahın qaynaqları haqda düşünəndə istər-istəməz məhz tarixin gərdişini, inkişafı daxildən təkanlayan amilləri düşüncə müstəvisinə çıxarmalı olursan. Nizaməddin Şəmsizadə hələ tələbə olarkən Daşkənd, Riqa və Leninqrad şəhərlərində keçirilən elmi konfranslarda məruzələrlə çıxış edir, 1976-cı ildə Zaqafqaziya ali məktəbləri tələbələrinin Bakıda təşkil olunan elmi konfransda məruzəsi xüsusi diploma layiq görülür. “Mən 80-ci illərin əvvəllərində Moskvada bunun şahidi olmuşam ki, cavan Nizaməddin hansı bir enerji, həvəs və şövq ilə səhərdən axşama qədər dövrün Lenin adına Mərkəzi Kitabxanasında, Dövlət Arxivində işləyib” (Elçin. “Ədəbiyyat” qəzeti, 24 sentyabr 2004-cü il). Hörmətli Xalq yazıçısı Elçinin “hansı bir enerji, həvəs və şövq” ifadələri Nizaməddinin istedadının qaynaqları barədə düşüncə formalaşdırır.

1970-ci illərin sonlarından parlamağa başlayan Nizaməddin Şəmsizadənin elmi fəaliyyəti barədə təəssüratı Elçin yuxarıda qeyd olunan məqaləsində akademik Kamal Talıbzadənin deyimində müstəviyə çıxarır: “Qoyun Nizaməddin müdafiə etsin. Onsuz da həftədə bir dənə dissertasiya yazıb gətirəcək”. Bütün bu mülahizələr bizi Nizaməddin Şəmsizadənin yaradıcı enerjisinin bitib-tükənməzliyi haqda düşünməyə, qürurlanmağa səsləyir. 1978-ci ildə “Azərbaycan” jurnalında çap olunan ilk məqaləsi ilə ədəbi tənqiddə özünə yol açan gənc araşdırmaçının 1982-ci ilin mayında “Əli Nazimin ədəbi-tənqidi görüşləri” mövzusunda yazdığı uğurlu bir dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması təbii və qanunauyğun idi. Nizaməddin Şəmsizadə zamanı qabaqlayaraq vahid nəzəri konsepsiya əsasında 1990-cı ildə “Azərbaycan ədəbiyyatşünaslığı, mərhələlər və konsepsiyalar” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Tarixiliyin təkamülü müstəvisində çözülən bu fundamental araşdırmada xalqımızın ən qədim çağlarından XX əsrin 40-cı illərinə qədərki böyük və zəngin bir dövrünü müəllif ilk dəfə olaraq ədəbiyyatşünaslığımızın tipləri kontekstində tədqiq etmişdir. Azərbaycançılıq məfkurəsini tarixin müasirliyi ilə ilgiləyən müxtəlif istiqamətlərdə təfəkkür gəzişmələri araşdırmaçının düşüncə çevrəsinin genişliyindən və problemi qloballaşdırmaq kirdarından soraq verir.

Fidan Nizaməddinqızının tərtibçiliyi ilə meydana gələn “Filosof tənqidçi” (2011) kitabı Nizaməddin Şəmsizadənin şəxsiyyətinin bütövlüyü, kamilliyi, müdrikliyi, nüfuz dairəsinin genişliyi, elmi-ədəbi ictimaiyyətin ona olan sonsuz ehtiramı və sevgisi barədə fikir formalaşdırır. Görkəmli elm və sənət adamlarının kitabda düzənlənən çox dəyərli və mahiyyətə birbaşa yönəlik yazılarından belə bir fikir qaynaqlanır ki, fəlsəfə  Nizaməddin Şəmsizadənin tənqidinin mayasındadır və məhz onunla yoğrulub, yapılıb. Məhz elə Şəmsizadənin professional fəaliyyəti nəticəsində tənqid fəlsəfi gücünü, təsir imkanlarını, nüfuz dairəsini xeyli artıra bildi. Başqa sözlə tərəflər – tənqid və fəlsəfə daxildən bir-birini təkanladı və tamamladı.

Rəbbimizin Nizaməddin Şəmsizadəyə bəxş etdiyi enerji onun yaradıcı axtarışlarında ənənə ilə novatorluğu bir araya gətirərək dəyərləndirməsinə, biliyinin filoloji elmin müxtəlif sahələrinin inkişaf etdirilməsinə, gənc alimlər nəslinin, yeni zəka sahiblərinin boy göstərməsinin stimullaşdırılmasına zəmin yaratdı. Onlarla gənc tədqiqatçının dissertasiya işinə elmi rəhbər kimi istiqamət göstərməsi, saysız-hesabsız doktorluq və namizədlik dissertasiyalarına rəsmi opponent olması, saya gəlməz araşdırmalara konseptual rəylər yazması, dissertasiya suralarında dərin mənalı çıxışlar etməsi çox mətləblərdən soraq verir. Çıxışları dinləyicilərdə qürur doğurur. Çünki erudisiyası, geniş mütaliəsi, tarixiliyə varmaq və dəyərləri müasirliklə ilgiləmək iqtidarı Nizaməddin Şəmsizadəni mötəbər düşüncə adamı olaraq sevdirir. Nizaməddin Şəmsizadə tarixin dönəm və döngələrində ilişib qalan mübahisəli olduğu qədər də həssas və incə məsələləri özünün analitik təfəkkür müstəvisində ustalıqla şərh edir, məqamları mümkün rakursları ilə heç kəsin haqqına girmədən bir araya gətirə bilir. Məsələn, tarixdən məlumdur ki, M.F.Axundzadədən Məhəmməd Füzulinin ünvanına incə və həssas qeydlər sərgilənib. Yorumu, yozumu çox mətləbləri düşüncəyə gətirir. Sözümün canı ondadır ki, Nizaməddin Şəmsizadə dissertasiya şurasının bir iclasında bu polemik olaya analitik şərhlər verərək məsələni elə bir ortaq məxrəcə gətirdi ki, dinləyicilər hədsiz məmnun qaldılar. Sərgilənən ədalətli elmi mövqe əlbəttə ki, iki böyük dahinin  ruhunu subyektivizmdən azad etdi.


Nizaməddin Şəmsizadənin  çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsini fərqləndirən məxsusi cəhət məsələnin müqayisə və paralellər kontekstində dəyərləndirib mümkün nəticələrə nail olmasıdır. Məsələn, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (Bakı, 2009) monoqrafiyasının strukturunda özəl yer alan  “Heydər Əliyev və azərbaycanşünaslıq” fəslinin müəllifi Nizaməddin Şəmsizadə tariximizin və taleyimizin çeşidli məqamlarına təfəkkür gəzişmələri ilə aydınlıq gətirir. Heydər Əliyevin azərbaycanşünaslıq təlimi haqqında fikirlər yürütməzdən öncə təbii olaraq Ulu Öndərin milli-tarixi kimliyi barəsində mülahizələri müstəviyə çıxarmağı vacib bilir. Prof. Nizaməddin Şəmsizadə konseptual açıqlamalarının sonunda belə qənaətə gəlir ki, məhz Heydər Əliyev müstəqil dövlətçilik dövrünün dövlət ideologiyasını formalaşdırmış, XX əsr Azərbaycan ziyalılarının əsərlərində milli ideologiya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə salmışdır.

Ümumiyyətlə, elmi ictimaiyyət bu qənaətdədir ki, professor Nizaməddin Şəmsizadənin bənzərsiz əsərləri küll halında müasir milli ədəbiyyatşünaslığımıza böyük uğurlar gətirmişdir. Onun elmi-nəzəri idrakından qürurlanan həmfikrləri və həmkarları olan bizlərin Ulu Tanrıdan ricası odur ki, gələcək fəaliyyətində də onun pənahında olsun. Çünki o, belə bir iltifata layiq şəxsiyyətdir. 

 





08.12.2014    çap et  çap et