525.Az

Qırx gün də belə getdi...


 

və yaxud özünə çevrilən adam

Qırx gün də belə getdi...<b style="color:red"></b>

Unudulmaz Cəmil Əlibəyova

Elə adamlar var ki, ölən kimi xatirəyə çevrilir və qısa müddət ərzində daha heç nəyə çevrilə bilmir. Doğmalarının yaddaşında, ən yaxşı halda özünə qırx gün “yuva” qurur...sonra unudulur – elə bil ki, heç bu adda adam dünyada olmayıb. Nazim Hikmət demişkən: “İyirminci əsrdə qırx gün çəkir ölüm acısı!” Elə iyirmi birinci əsrdə də...Nazim Hikmət məni bağışlayar...

Elə insanlar da var ki, dünyasını dəyişəndən sonra uzun illər xatirəyə çevrilmir –özünə çevrilir və özünə çevrilmək şansı olduğuna görə yenə bizim aramızdadır, bizə çox yaxındır, sadəcə olaraq bizlər ondan uzağıq və bizim ondan uzaqda olmağımız da çox çəkməyəcək...

Ona görədə yuxarıda “Unudulmaz Cəmil Əlibəyova” yazdım – onun “xatirəsinə” yox. Onun haqqında çox söhbətlər edəcəyik, yazacağıq – ancaq inanın ki, bütün bunların xatirə janrına heç bir dəxli yoxdur. Bu, diri Cəmil Əlibəyov barəsində, özünə çevrilmiş Cəmil Əlibəyov haqqında söhbətlər, yazılar olacaq...dünyaya gələn adamlar müxtəlif olduqlarına görə dünyadan gedənlər də müxtəlif olur – gəlib-getmə zamanında fərq o qədər də böyük deyil, cüzidir, bəzən isə fərq yoxdur. İnsan xarakterinin müxtəlifliyinə son dərəcə həssas yanaşan Azərbaycan dilində də çox haqlı olaraq müxtəlif deyimlər var: dəfn eləmək, basdırmaq, torpağa tapşırmaq. Biz dirilər də özümüz də bilmədən, doğma dilimizin ilahi diktəsi ilə bəzi ölülərimizi basdırırıq, bəzilərini dəfn edirik, bəzilərini də torpağa tapşırırıq. Deyərsiniz ki, nə fərqi var, üçü də eyni şeydir də. Əslində isə elə deyil.  Mənə elə gəlir ki, dünyadan gedənlərimiz nə qədər əziz, müqəddəs, əlçatmaz olsalar da bəzilərini basdırmalıyıq, bəzilərini dəfn eləməliyik, bəzilərini isə torpağa tapşırmalıyıq. Burada elə bir çətin iş də yoxdur, axı bizlər həm də tapşırmaq məsələlərində çox təcrübəli mütəxəssislərik: əsgərliyə gedəndə övladımızı tapşırırıq ki, Murovdağa düşməsin, universitetdə oxuyanda, işə düzələndə və s...

Yuxarıda qeyd etdiyim üç anlamın içində ən çox ürəyimcə olan torpağa tapşırmaqdır. Burada torpağa tapşırma sözü, tapşıranların ürəyində nə boyda arxayınçılıq yaradırsa, bax, o boyda da yerinə düşür. İnsan Allaha inandığı qədər də torpağa inanıb, torpağa etibar eləyib – öz əzəli, əbədi, əvəzolunmaz məskəninə. Torpağın etibarilə insanlar fəxr eləyir və bu mənada bütün qəbiristanlıqlar fəxridir, öyünc yerimizdi, and yerimizdir...

...Düz qırx gün bundan qabaq Cəmil Əlibəyovu Balaxanı qəbiristanlığında torpağa tapşırdıq. Bu, tapşırıqdan çox,  onu sevənlərin xahişi idi. Bu tapşırıqda amiranəlik yox idi, çünki keçməzdi. Bu tapşırıq çox uzaq səfərə çıxan körpə bir uşağın, onunla yol yoldaşı olan yaşlı bir anaya tapşırılmasına daha çox oxşayırdı. Axı, bütün dünyadan gedənlər də körpə uşaq kimi köməksiz olur, çarəsiz olur...

Düz qırx gün bundan qabaq, söz-sənət meydanında öz atının belində olan – at oynadan, peşəsi jurnalist-yazıçı olsa da, əsl ixtisası insanları sevmək olan səksən yeddi yaşlı körpə Cəmili torpağa tapşırdıq – tapşırdıq ki, torpaq bu uşaqdan muğayat olsun...

Cəmil Əlibəyovun hər kəsə məlum vəzifələrini sadalamağın qətiyyən yeri deyil. Ancaq orasını qeyd eləməyin yeridir ki, o, harada işləyibsə tutduğu vəzifəyə oxşamayıb, əksinə tutduğu vəzifəni, oturduğu kabineti özünə oxşadıb və ömrü boyu beləcə oxşada-oxşada gedib, yanılmayıb. Nəticədə, çox böyük qazanc sahibi olub – bu qazancın bir adı var: Sevgi!

Və əgər sən, mən, o – biz, siz, onlar doğrudan da, Sevgini ən keyfiyyətli və əbədi qazanc növü hesab eləsək deməliyik ki, Cəmil Əlibəyovu da Azərbaycanda XX əsrin əvvəllərindəki Bakı milyonçuları siyahısına salmaq olar...

Və milyonçu Cəmil Əlibəyov uzun müddət “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru işləyib. İndi o qədər olmasa da, o illərdə qəzet böyük, sərhədsiz bir meydan idi və Cəmil müəllim də çox meydangir baş redaktor idi. Bilirsiniz, hər qəzet də meydan deyildi; qəzet o vaxt meydana çevrilir ki, redaksiyanın başında duran adamın özü meydan olsun – başqa cür mümkün deyil. Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin orqanı olan bu qəzet demək olar ki, yaradıcı gəncliyin ixtiyarına verilmişdi. Bu gün ədəbiyyatımızda külüng çalan şairlərin, yazıçıların, ədəbiyyatşünasların böyük əksəriyyəti bu qəzetin köynəyindən keçmiş istedad sahibləridir; Bəkir Nəbiyev, Nəriman Həsənzadə, Fikrət Qoca, Fikrət Sadıq, Anar, Elçin, İsi Məlikzadə, Əkrəm Əylisli, Fərman Kərimzadə, Məmməd İsmayıl, Əşrəf Veysəlli, Musa Yaqub, Səyavuş Sərxanlı, onlardan nisbətən cavan Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Nüsrət Kəsəmənli, elə mən özüm, bizdən sonra gələnlərdən: Aqil Abbas, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Akif Əhmədgil, Maarif Soltan və adlarını sonradan xatırlayacağım, lakin bu yazıda texniki səbəb üzündən xatırlada bilməyəcəyim qələm sahibləri...

Komsomolun Mərkəzi Komitəsinin orqanı olan bu qəzetdən, yuxarıda adlarını çəkdiyim və çəkmədiyim adamlar, yəni bizlər daha çox yarıdıq, nəinki Lenin komsomolunun özü...Bu gün özünüz də bilirsiniz ki, komsomol hardadır, taleyi necə oldu və bizlər hardayıq, taleyimiz necədir. Bax, bunların hamısının başında Cəmil Əlibəyov dayanırdı və dayandıqca da Azərbaycan ədəbiyyatı udurdu...

Yəqin ki, hörmətli oxucular mənim bu ərköyünlüyümü bağışlayarlar...

Cəmil müəllim! Bizlər sənə həmişə, lap əvvəldən belə müraciət etmişik, axırımıza qədər də belə olacaq, baxmayaraq ki, sən Qarabağ mahalının Dədəli kəndindən olan (Füzuli rayonu) Ədil bəyin oğlusan, bəyzadəsən. Bəylik, bəyzadəlik, ağayanalıq sənin qanındadır. Bəylik nədir? Əgər sən bütün ətrafından insani keyfiyyətlər baxımından, əməlinlə, əməlinin saleh olması ilə (əməlisaleh) fərqlənirsənsə sənə bəy deyirlər və bu rütbəsənin halal xoşun olur. Tariximizdə xalqını, el-obasını sevən bəylər çox olub.Sən də onlardan birisən. Müqayisə eləmək şansı da yaranmışdı, axı arada bir bəy bolluğu da vardı...

Əlqərəz...Sən çox adamların əlini çörəyə çatdırmısan...çox adamlar sənin əlindən su içib, deməli, çörək də olub, su da...

Ancaq ağır da olsa deməliyəm ki, sənin çörək, su verdiyin bəzi “yaradıcıları” nə dəfn günün, nə də sonrakı mərasimlərdə görmədim. Gözüm məxsusi onları axtardı. Sənin gözlərin onları axtara bilməzdi, çünki başın qarışıq idi – çooox uzaq bir səfərə hazırlaşırdın. Ancaq mənim gözüm axtaranda, gözüm sənin ruhuna sataşdı – onun da gözləri axtarırdı...

Onlar sənin hesabına kişi olub ortalığa çıxdılar və ortalığa çıxan kimi dedilər ki, bəli, biz də kişiyik. İndi gəl sübut elə ki, vallah-billah sizdən kişi olmaz. Onlardan bəziləri sənin soyadını övladına ad kimi qoyub, səni görəndə min bir cildə giriblər. Cəmil müəllim, heyif ki, sən o dünyada da onlara narazılığını bildirə bilməyəcəksən, çünki sən Cənnət korpusunda, onlar isə tamam başqa yerdə olacaqlar. Cənnət əhli ilə Cəhənnəm əhli heç vaxt üz-üzə gəlmir o dünyada, ağlın bu dünyaya getməsin...

Cəmil müəllim! Bu vəziyyətdən sonra sən mənə çox ağır bir tapşırıq verdin. Gərək mən sübut eləyəm ki, onlar kişi deyillər. İşin qətiliyi və qəlizliyi ordadır ki, bu gün böyük əksəriyyət elələrinə kişi deyirlər, görəndə qabaqlarında mil dururlar. Ancaq söz verirəm, çalışacam ki...bir də ki, bağışla məni, bunu yazmasaydım çatlayardım, özüm də olardım onların tayı...lənət şeytana!!! 

Yaxın dostumuz Rasim Talıblının təşəbbüsü və yüksək səviyyəli təşkilatçılığı ilə Cəmil Əlibəyovun Bilgəhdəki bağında onu bir neçə dəfə ziyarət etmişik. O, bizi görəndə elə sevinirdi ki, elə bil dünyanın bütün yaxşı oğlanları onu yoxlamağa gəliblər. Belə sevinməyi bacarmaq da hər kəsə qismət olmur – bu cür sevinmək üçün Cəmil Əlibəyov ürəyi, qəlbi lazımdır.

Qonaq-qaralı olsa da bağ evində tək yaşayırdı. Yazıb pozurdu, həyət-bacada qurdalanırdı – hamısı da Cəmil Əlibəyovsayağı...Cəmil müəllim özünəməxsus şəkildə yavaş-yavaş qocalırdı. Bilmirəm, bu qocalmaqla o, bəlkə də qoca dünyaya oxşamaq istəyirdi. Onun təmtəraqsız bağ evi də qocalırdı. Kim nə deyir desin, evin qocalmağı adama daha çox təsir edir, nəinki bir adamın qocalmağı – nəsə, mənə elə gəlirdi. Bu cür paralel qocalma prosesi o qədər də ürəkaçan deyildi. Bir dəfə–hələ onda səsi batmamışdı – görüşdük, bir kənara çəkilib xeyli dərdləşdik. Söhbətimizi isə Cəmil müəllim yekunlaşdırdı:

–Seyran, – dedi, – belə fikirləşəndə görürəm ki, qohum-əqrabaya, dost-tanışa, heç tanımadığım adamlar həmişə əl tutmuşam...eeeeeeh...

Cəmil müəllim qırx arşın quyu dərinliyində bir ah çəkib davam elədi: – İki nəfərdən başqa, – dedi və gözlərini gözlərimə zillədi, gülümsədi.

Mən soruşmaq məcburiyyətində qaldım:

–  Kimdir onlar? – dedim.

Elə bil mənim bu sualımı gözləyirdi, – dedi:

–İki nəfərdən elə bil ki, xəcalətli qalmışam, – üzümə baxdı, – biri Cəmil Əlibəyov, biri də Seyran Səxavət...

Düzü, özü haqqında dediyini dərk eləmədim. Mənim barəmdə dediyi isə həqiqət idi;ya məndən arxayın olub, ya da ki, mənim onun köməyinə ehtiyacım olmayıb – bilmirəm. Lap axırda bu məsələdə özümü günahkar hesab elədim...gərək...

Hamımız bilirik ki, Cənnət deyilən o möhtəşəm mərtəbəni pul ilə almaq, xahiş-minnətlə, hikkəli bir zənglə zəbt eləmək, “bron” eləmək qeyri-mümkündür. Onun, ora düşməyin yalnız bircə yolu var: bütün əməlisalehlərin yolu; həm də Cəmil Əlibəyov yolu. Cəmil müəllim ölümünə təxminən əlli il qalmış cənnətdəki yerini əməlləri ilə sifariş eləmişdi və onun bu sifarişi Cənnətin administrasiyası tərəfdən qəbul edilmişdi – arxayın idi...

Sifarişiniz mübarək, Cəmil müəllim!

...Düz qırx gün bundan qabaq Cəmil müəllim doğmalarını, dostlarını-tanışlarını, müxtəlif sahələrdə çiyin-çiyinə işlədiyi həmkarlarını başına yığıb, birlikdə Balaxanı qəbiristanlığında dəfn olunmuş istəkli həyat yoldaşı Təkbir xanımın qəbrini son dəfə ziyarət etdi.Cəmil müəllim qara maşında gedirdi, özü də uzanmışdı,  mən bilən, onun yeri hamıdan rahat idi. Onun başına toplaşmış ziyarətçilər geri qayıdanda qara maşın boş idi. İndi Cəmil müəllim yenə uzanmışdı – ömür-gün yoldaşı Təkbir xanımın sol tərəfində, qadının ürəyinə yaxın yerdə. Deyəsən, sevgili xanımının qəbrini ziyarət etməkdən yorulmuşdu, orada qalmışdı – Cəmil müəllim axırıncı dəfə yorulmuşdu, bərk yorulmuşdu; səksən yeddi illik yorğunluğun dincini alacaqdı – torpaqla birlikdə... Torpaq da ona qoşulub Cəmil müəllimsayağı dincələcəkdi...

Tapşırma:

–Torpaq! Cəmil Əlibəyovdan muğayat ol...

–Cəmil Əlibəyov, Torpaqdan muğayat ol...

Bir ziyarət yerimiz də artdı...

Allah ziyarətimizi qəbul eləsin...

dekabr, 2014-cü il.

 





08.12.2014    çap et  çap et