525.Az

İlk dəfə


 

İlk dəfə<b style="color:red"></b>

Günlərin bir günü “Qol.az” saytının baş redaktoru Aydın Bağırov yola düşür Fransaya. Az gedir, çox gedir, gəlib çıxır “Sent-Etyen”lə “Qarabağ” oyununa. Buna mən çox üzülürəm. Niyəsini deyim: uşaqlıqdan bəri məndə stereotip yaradıblar ki, Azərbaycanda futbol yoxdur. Aydın müəllimə də yazığım gəlir, deyirəm, bəs sevinə-sevinə durur gedir Fransaya, o da uduzub qayıtmaqçün. “Facebook”da təsəlli vermək istəyib əvvəlcə halını soruşuram. Cavabından məlum olur ki, bir qrup azərbaycanlı jurnalist indidən qələbələrini qeyd edirlər Fransada (oyuna hələ bir gün var). Bu an Aydın müəllimə deyirəm ki, inanmıram, biz qalib gələk. O da mənə təsəlli verir, inanmaq lazımdır, deyir (elə bilir uduzsaq çox kədərlənərəm). Mübahisə etmək istəmirəm, futboldan heç bir anlayışım olmadan durub onun sözünü çevirən deyiləm. Son sözüm bu olur ki, udmağımıza inanmıram, amma “niçya” ola bilər...

Matçın başlamasına beş dəqiqə qalıb. “Facebook”u açıram və ilk gördüyüm Aydın müəllimin oyundan əvvəl stadionda çəkdiyi şəkil və üstündəki yazı olur: “Qarabağ”ın tribunadakı 50-60 azarkeşi 30 minədək fransıza qarşı!”. Bunlara da yazığım gəlir. Rəylər yazılan yerə “Uğurlar, “Qarabağ” yazıram, Aydın müəllim də yazır ki, “oyuna bax”. İlk dəfə Azərbaycan kanalını açıram, ilk dəfə futbol matçına baxıram. Oyun başlayıb. Tribunada bizə dəstək verən 50-60 insana görə qərar verirəm ki, “Qarabağ” klubu stadiondan “niçya” ilə çıxmasa, sabaha kimi divanda oturacam. Amma yuxusuzluğum olmasaydı, bəlkə oyunu yarımçıq qoyub gedib yatardım (qadın qərarı bu)...

Futbolçular topun arxasınca düşüblər. Birdən ağlıma gəlir ki, mən bilmirəm, kimə alqışlayım, qara formada olanları, yoxsa yaşıl... Bizimkilərin formasının rəngini bilmirəm. Aydın müəllimdən də soruşmağa utanıram. Düşünürəm ki, bir az gözləyəm və oyunçularının formasındakı soyadlara baxıb azərbaycanlı olanlara “bolet” edim. Beş dəqiqədən sonra bizimkilərin qara formada olduğunu öyrənirəm (onu da öyrənirəm ki, bizim komandada əsas heyətdəki futbolçuların yarısı azərbaycanlı deyil).

Oyuna baxıram, amma futbolun qanunlarından xəbərim yoxdur. O topa təpik vurur, bu təpik vurur, arada qapıçı da bir təpik vurur, başqa heç nə görmürəm... Birdən bizimkilər “qol” vurur... On beş dəqiqədi oyun gedir və “QOL”. Özüm də elə sevinirəm ki, heç Akademiyaya qəbul olanda belə sevinməmişdim... Birdən sarı köynəkli bir kişi diqqətimi çəkir, o da futbolçularla ora-bura qaçır, amma niyəsə ayağı topa dəymir... Həəə.... Necə yadımdan çıxıb, axı, bu oyunun hakimi də olmalıdı, bu sarı köynəkli də yəqin hakimdi. Sarı corabları da çox xoşuma gəlir. Aydın müəllim hər dəfə xaricə gedəndə soruşur ki, nə alıb gətirsin. İndi ona yazsam ki, o kişinin sarı corablarından istəyirəm... Yox... Ayıbdı axı. Gözümü kişinin corablarından çəkirəm ki, birdən bizimkilər bir dənə də “qol” vurarlar xəbərim olmaz... Vururlar... Amma bizimkilər yox, bizimkilərə vururlar. Fransızlar da çox sevinir, 30 min adamın səsinə bax, yaxşı ki, mən orda deyiləm, yoxsa qulaqlarım batardı...

Arada “Facebook”a baxıram, futbolla bağlı olan statusların hamısını bəyənirəm. Onlara da yazığım gəlir, “layk” etməklə “mən də sizinləyəm” demək istəyirəm...

Reklam başladı. Oyunun başlamasından 45 dəqiqə keçib. Oyun neçə saat gedir görəsən... “Google”dan başqa kim var ki, bu saat yanımda. Ondan nə “soruşsan”, hər şeyi bilir. Öyrənirəm ki, bir matç 90 dəqiqə olur. Saata baxıram – birə qalıb. Oyun da – 1:1. Gözüm süfrədəki almalara sataşır. Yeyim- yeməyim deyə, düşünürəm. Gecə yemək yemək ziyandı deyirlər, yeməsəm, yaxşıdı...

Reklam bitdi. Almanı yeyə-yeyə futbolu izləməyə davam edirəm. Oyunçular yaman yorulublar, tərləyiblər. Biri yaşıl çəmənliyə tüpürdü... İyrənc... İndi bu tüpürdü, başqası da bu tüpürcəyin üstünə yıxılsa... Bunu niyə düşünmür axı... Mən də bunu düşünməsəm yaxşıdı, yoxsa oyunu axıra qədər izləyə bilməyəcəm...

Sarı köynəkli arada “ofsayd” deyir, arada köynəyi rəngində kart çıxarıb ona-buna göstərir. Kimsə nəysə sayır, amma nəyi bilmirəm. Mənim üçün oyun “1:1”di. Niyəsə əlavə vaxt verilir. Sonda deyirlər ki “niçya”... Mən oyunun belə qurtaracağını dünəndən bilirdim deməkdən başqa əlimdən heç nə gəlmir...

30 min fransız yığışır, 50-60 azərbaycanlı, nə qədər insan televizor qarşısında, futbolçular tərləyir, sarı köynəkli ora-bura qaçır, axırda da futboldan başı çıxmayan insanın dediyi kimi olur: “niçya”... Gedib yatsam, yaxşıdı...

P.S. Yazını yazandan əvvəl düşünürdüm ki, insan güləndə daha çox yaşayır deyə, zarafatla dolu bir yazı olsun. Qadının ilk dəfə futbola baxmağı özü bir zarafat olduğuna görə nəticəsi də planlaşdırdığım kimi olmalı idi (bəlkə də oldu). Amma demək istədiyim bir şey də var, çox ciddidir deyə, yazıya yoxsa, “P.S.”ə əlavə edirəm. Mən bu oyuna baxanda “Qarabağ” klubu udsun deyə Allaha dua etmədim. İşğal altında olan torpaqlarımız qayıtsın deyə dua etdim. Bəlkə də mənə inanmazsız, amma mən çox istəyərdim Şuşanı və Kəlbəcəri görüm. O torpaqlar haqqında çox eşitmişəm, nə vaxtsa görəcəm də. Belə əminliklə “niçya” olacağını da deyirdim... Oldu...

Bəlkə bu sözlərim də gerçək olar – Şuşanı, Kəlbəcəri görərəm deyirəm...

 





08.12.2014    çap et  çap et