525.Az

Küləklər şəhəri


 

Küləklər şəhəri <b style="color:red"></b>

  Yəqin ki, hər birimiz burulğan yaradan, toz-torpağı göyə sovuran küləyi dəfələrlə müşahidə etmişik. Zaman-zaman külək tozu gözümüzə də sovurub. Amma heç kim küləyin canlı olduğuna ağlına gətirməyib. Bəli, elədir ki, var. O, insanlarla dostlaşmağa, onlardan biri olmağa həvəs göstərən, bunu həsrətlə gözləyən canlı varlıq idi. Küləyin gənclik illəri isə daha dəlisov keçmiş, insanlara hər yaxımlaşmasında ətrafı toz-duman bürüyər, paltarların ətəkləri qalxar, evlərin damı göylərə uçardı. Onun insanlara olan marağı o qədər  dərin idi ki, külək öz hisslərini göstərmək əvəzinə, həyəcandan aləmi bir-birinə qatardı.
 
Sakitləşəndə ətrafa göz gəzdirib dağıtdıqlarını görəndə hərəkətindən utanar, bir müddət, əsasən də yay fəslində təkliyə çəkilərdi. Amma belə də bacarmırdı. Ətrafda bu qədər adam varkən təkliyi seçmək, təkliyə alışmaq çox çətin idi. Bir dəfəsində isə uzun müddət insanlardan uzaqlaşmışdı və onsuz bir yarpaq, bir bulud belə tərpənmirdi. Bu sükutdan qorxan adamlar nigarançılıq keçirir, quraqlıq olacağından ehtiyat edirdilər. Həqiqətən il quraqlıq keçə bilərdi.Yağış yağdıran buludlar isə çox məmnun idilər. Öz rahatlıqlarını pozmur, insanların taleyinə biganə idilər. Külək isə buludların tənbəlliyinə bələd idi. Adamlara onun köməyinin gərəkliyini duyub yardıma gəlmişdi. Bütün buludları onların səmasına qovaraq yağış yağdırmışdı. İnsanlar quraqlıq təhlükəsindən azad olmuş, torpaq bol məhsullu, gül-çiçəkli cənnət baxçasına bənzəmişdi. Bütün bunları görən külək ətrafa o qədər valeh olmuşdu ki, buraları heç vaxt tərk etməməyə qərar vermişdi.
 
Küləyin tək dərdi o idi ki, rəvan əssin və insanları narahat etməsin. Bütün bu gözəllikləri sakitcə izləsin. O, güllərlə insanları bir-birinə çox yaraşdırırdı. Bir yay  səhəri küçədə  qarşısına başına güllərdən çələng qoymuş qız çıxmışdı. Gül bu qıza çox yaraşırdı. Küləyə elə gəlirdi ki, əvvəllər belə qeyri-adi insana rast gəlməyib. Bəlkə də buna diqqət etməmişdi. Amma bu gün ilk dəfə  özündə bir insana qarşı əvvəl olmayan, yeni bir hiss kəşf etdi. Külək əvvəlkilərlə müqayisə edilməyəcək dərəcədə şiddətli   burulğan yaratdı, yerdəki hər şeyi göyə sovurmaq istədi. Güclə səbrinin basıb sakitləşdi. Baxdı ki, bu qız da daxil olmaqla küçədəki hər kəs qorunmaq üçün dal-dalanacaq yerlərə qaçıb. Bu gündən sonra külək başqalaşdı. Tez-tez durduğu yerdə hirslənib, möhkəm əsir, qızı küçədə görməyəndə isə bəlkə görər deyə pəncərləri qoparmaq istəyi ilə taqqıltıyla açırdı. Adamlar heç vaxt bu cür küləkli hava görmədiklərini deyirdilər. Külək səhəri diri gözlə açırdı. Havanın ağarmasını, başqa adamlar kimi, həmin qızın da küçəyə çıxmasını gözləyirdi. 

Görüş anında isə qıza doğru gələrkən onu narahat etməmək üçün  zərif toxunuşla əsirdi. Qız rəfiqələrinə “ Mən küləyi çox sevirəm. Küçədə küləyə qarşı getməyi, çöhrəmdə onu hiss etməyi sevirəm. Küləyə qarşı yürüyərkən adam özünü qaya kimi əzəmətli, yenilməz hiss edir”-deyirdi. Küləksə fərəhlə uçur, sevincindən qasırğa yaratmamaq üçün güclə özünü ələ alırdı.  Hamıya xeyrli nəsə etməyə çalışırdı. Küçədə nə zaman bir fiziki qüsurdan və ya başqa səbəbdən yolu keçə bilməyən adam görsə onun yolunu maneələrdən təmizləyirdi ki, rahat getsin. Boynunu büküb soyuq torpaq üzərində yatan pişiyin və bunun kimi həyat sürən insanların üstünü xəzanla örtərək soyuqdan qoruyurdu.Əvvəlcə insanlara onda yalnız maraq hissi  vardısa, indi bu kainata sığmayacaq qədər böyük sevgi idi. O, bütün insanlığı sevmişdi. Açıq səmalı sabahlardan birində bütün diqqəti sevdiyi qızda olarkən qəfildən yolun ortasında bir oğlan görmüşdü. Araba oğlanın düz üstünə gəlirdi. Oğlansa fərqinə varmadan, heç nə olmamış kimi yolu keçirdi. Külək güclə  çatdırdı ki, oğlanının ayaqların yerdən üzüb qarşı tərəfə ata bilsin. Bir də baxdı ki, oğlanı elə sürətlə dartıb gətirib ki, özünün sevdiyi qızla toqquşdurub. Onların toqquşması ildırım çaxması kimi oldu. Qız oğlana nəzər yetirəndə onun kor olduğunu bildi. Külək üçün də aydın idi ki, oğlan niyə arabanı fərqinə varmırmış. Külək bu kor oğlanın həyatını xilas etmişdi və qarşıda rastlaşacağı çətinliklərdən hələ xəbərsiz idi.
 
Oğlan bu qəfil hadisələrin  təsirindən ayılmamışdı. Bura necə gəlib çıxmağı onun üçün gözü kimi qaranlıq idi. Qız həmin kor oğlanı dayanacaqdakı skamyada əyləşdirmişdi. Onlar həmin gün uzun-uzadı danışmışdılar. Sonra oğlan evə gedə biləcəyinin deyib getmək üzrə qızla vidalaşarkən qonşu olduqları məlum olmuşdu. Həmin gündən sonra külək onları bir yerdə çox görürdü. Qısqanclıq, nifrət, qəzəb hissi onu daxildən əzirdi. Bu hisslər özünü də məhv edə biləcək qədər kəskin idi. Bu gündən sonra o, bir zamanlar sevgisini əks etdirdiyi kimi qəzəbini də hər yerə yayırdı. Külək hərdən elə əsmək istəyirdi ki, oğlanı yer üzündən tamamilə itirsin. Külək bunları yaşayarkən qız həmin oğlanı sevmişdi. Qız təsadüflərə çoz inanırdı. Tanış olduqları gün hava onun sevdiyi kimi küləkli olmuşdu. Sanki oğlanı bir andaca kimsə onun qarşısına çıxarmışdı. Yol kənarında toqquşduqları həmin günü bir işarət hesab edirdi. Küləksə bu vəziyyətdə danışma qabiliyyətinin olmamasından çox təəssüflənirdi. Bacarsaydı qıza təsadüflərə inanmamağı, bu görüşdə qeyri-adi heç nəyin olmadığını, oğlanı səhvən özünün onun qarşısına çıxardığını –deyərdi. Bir də “Onu sevmə”- demək istəyirdi. Bu qədər söz demək istərkən ətrafa yalnız küləyin uğultusu yayılırdı. Beləcə günlər keçir, külək sevdiyi dünyada özünə yer tapa bilmirdi və bir gün ...

Onların toyu idi. Bu xəbər küləyi dəli etmişdi.  Elə bir qasırğa qopartmışdı ki, bu şəhər əvvəllər heç vaxt belə bir hadisə yaşamamışdı. Şəhər toz-torpaq içində görünməz olmuşdu. Həmin hadisədən sonra insanlar uzun illər bu haqda danışacaqdı. Külək sakitləşəndə adamlar dağıntılar arasından bir-birilərini axtarıb tapmağa başlamışdılar. Ölüm-itim olmamışdı. Təkcə onlar yox idilər.Axtarışları günlərlə sürdü. Hamı itkin düşmüş bəy-gəlindən danışırdı. Bu hadisədən sonra onları daha görən olmadı. Bəlkə külək onları bu yer üzündən götürüb başqa dünyalara atmışdı. Bunlar hamısı sonsuz bəlkələr idi. Dəqiq olan bircə o idi ki, bu hadisədən sonra külək illər keçsə belə heç vaxt həmin şəhərdə rahatlıq tapa bilmədi. Və o vaxtdan bu şəhərə  “Küləklər şəhəri” dedilər.

 

 





21.11.2012    çap et  çap et