Dekabrın 7-də Bakının Yeni Günəşli qəsəbəsində, laçınlıların “Mərasim evi”ndə şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş anım keçirilib. “Feysbuk”dakı “Laçın və laçınlılar” qrupunun təşkil etdiyi tədbirdə şəhidin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları və ziyalılar iştirak ediblər.
Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib, Nağdalı kənd orta məktəbində müəllimə işləyib.
17-18 may 1992-ci ildə Laçın işğal olunan zaman Səma və ailəsi də doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalır. Səmagil Bərdənin Qaradəmirçi kəndinə pənah gətirirlər.
1992-ci ildə Azərbaycan ordusu Laçın rayonunun böyük hissəsini işğalçılardan azad edir. Səma həyat yoldaşı ilə birlikdə avqust ayının 25-də Laçına qayıdır.
Ancaq Laçında qalmaq çox da uzun sürmür, 1993-cü ilin mart ayında ermənilərin geniş hücum əməliyyatları zamanı əhali rayon ərazisini tərk etməyə məcbur olur.
Mart ayının 31-də Səma və dayısıgilin maşın karvanı Kəlbəcər rayonu ərazisində yerləşən tuneldə mühasirəyə düşür. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi şəhid olur, böyük dayısı Yusif Əliyevlə Səma isə ağır yaralanır.
Səma Kərimovanı, 1 yaşlı qızı Nurlanə Hümbətovanı və digər əsir düşmüş yaralıları əvvəlcə Dağlıq Qarabağın Vəng kəndinə, sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına aparırlar. 1993-cü il may ayında Səma anasına yazdığı məktubunda bildirir ki, qızı Nurlanə ilə birlikdə Xankəndindəki uşaq xəstəxanasındadır, sol ayağından ağır yaralıdır, yeriyə bilmir.
Səmanı və qızı Nurlanəni geri almaq üçün ailəsi ermənilərlə danışıqlar aparır. Tələb olunan məbləğ çətinliklə olsa da, toplanır. Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlir və may ayının 15-də intihar edərək şəhidlik zirvəsinə yüksəlir.
Ermənilərlə uzun sürən danışıqlardan sonra iyun ayının 23-də Səmanın meyiti geri alınaraq Bərdə rayonunda dəfn edilir.
Səmanın ölümündən sonra ermənilər avtomatın qundağı ilə boynunun arxasına vurub qızı Nurlanə Hümbətovanı həyat işığından məhrum edirlər. Avqust ayının 5-də o geri alınır...
Şəhidin anası Sevda Kərimova 8 dekabr mərasimində çıxış edərək “Laçın və laçınlılar” qrupuna, onları daim diqqət mərkəzində saxlayan Laçın Rayon İcra Hakimiyyətinə və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə minnətdarlığını çatdırıb.
Media forum
çap et