525.Az

Şair Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd olunub


 

Şair Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd olunub<b style="color:red"></b> Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İştirakçıları salamlayan Çingiz Əlioğlu hamıya dərin minnətdarlığını bildirib və şeir oxuyub.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bu qədər insanın bura gəlməsi Çingiz Əlioğlu poeziyasının bənzərsizliyindən, ona olan sonsuz sevgidən xəbər verir.

Çingiz Əlioğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açan natiq bildirilib ki, onun özünəməxsus poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, geniş oxucu məhəbbəti qazanmış Ç.Əlioğlunun xidmətləri hər zaman yüksək qiymətləndirilib, o, əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, bir sıra beynəlxalq və milli mükafatlar laureatıdır. Bu günə qədər şairin doğma ana dilində və xarici dillərdə 60-dan çox kitabı nəşr edilib. Şairin ayrı-ayrı vaxtlarda dərc olunan "Nikbinlik", "Ömür ağacı", "Günəşli dayanacaqlar", "Görüşdən ayrılığa", "Gün keçdi", "Aynabənd, "Fraqmentlər", "Ruhumun həndəsəsi", "Gecə və bahar", "Şairlik bir sənət deyilmiş, qardaş" və s. kitabları müəllifinə ümumxalq məhəbbəti qazandırıb. Onun şeirlərinə bəstələnmiş mahnılar müğənnilərimizin repertuarını bəzəyir. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanını və nazirliyin fəxri fərmanını yubilyara təqdim edib.

Çingiz Əlioğlunun yaradıcılığına gənclik illərindən bələd olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, onun poeziyası tamam fərqli, özünəməxsusdur. O vurğulayıb ki, hər zaman sözün böyüklüyünə tapınan və onun keşiyində duran Ç.Əlioğlu bütün yaradıcılığı boyu gəncliyə əsl örnək olub, onları düz yola, səmimi olmağa, Vətəni, torpağı sevməyə səsləyib.

Yubilyarı sözə və sözünə sadiq bir şair kimi xarakterizə edən Bahar Muradova ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən digər natiqlər ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Çingiz Əlioğlunu ömrünü sözə bağlayan, daima onun saflığı, müqəddəsliyi uğrunda mübarizə aparan, Azərbaycan ədəbiyyatının inkişafına çalışan, öz üslubu, öz yolu olan görkəmli qələm adamı kimi dəyərləndiriblər.

Gecədə Ç.Əlioğlunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

S.MÜRVƏTQIZI
 





09.12.2014    çap et  çap et