Çin hökuməti tərəfindən göndərilən humanitar yardımın ilk partiyası Myanmaya çatıb.
525.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Humanitar yardımı Pekinin Myanmadakı səfiri Ma Sian, Yanqon vilayətinin baş naziri Yu So Teyn və digər rəsmi şəxslər qarşılayıb.
Yardıma 1200 çadır, 8000 örtük və 40 mindən çox ilk yardım dəsti daxildir. Çinli diplomat hazırda əlavə ləvazimatların hazırlandığını və tezliklə Myanmaya çatacağını bildirib.
Səfir ölkəsinin zəlzələdən zərər çəkmiş ərazilərin bərpası və yenidənqurulması üçün dəstək verməyə hazır olduğunu vurğulayaraq, Myanma xalqına fəlakətin fəsadlarından tezliklə xilas olmağı arzulayıb.
O qeyd edib ki, humanitar yardım Çin hökuməti və xalqının Myanma xalqına qarşı dərin dostluğunu nümayiş etdirib: “Zəlzələdən sonra ilk olaraq Çin xilasedici qrupu fəlakət bölgəsinə gəlib, daha sonra isə əlavə çinli mütəxəssislər qrupları göndərilib”.
Göstərdiyi səmimi dəstəyə görə Çinə təşəkkürünü bildirən myanmalı nazir yardımın ən qısa zamanda zərər çəkmiş bölgələrə göndəriləcəyini bildirib.
Qeyd edək ki, martın 28-də Myanmada 7,7 maqnitudalı zəlzələ olub. Güclü zəlzələ nəticəsində həlak olanların sayı 3 min nəfərə yaxınlaşıb, 4500-dən çox yaralı var, 441 nəfər isə itkin düşüb.
Pərvanə Sultanova
çap et